Məhkəmə qərarları › İş №2(064)-711/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-711/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-711/2024 23.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “nikahın pozulması” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra - cavabdeh) ilə aralarında Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən 81 nömrə ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli nikah aktının ləğv edilməsi, birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 ananın himayəsində qalmaları barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2017-ci il tarixdə nikah aktı ilə evliliklərini rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 doğulmuşdur. Artıq cavabdehlə faktiki olaraq ayrı yaşayırlar və evlilikləri formal xarakter daşıyır. Odur ki, cavabdehdən ayrılmaq fikrinin qəti olduğunu bildirir. İddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehdən hər ay 340 manat məbləğində aliment tutulmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, iddia tələbini müdafiə edir, uşaqlar onun himayəsindədir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatda bildirdi ki, iddianı qəbul edir, nikah aktının ləğv edilməsinə razıdır. Bununla yanaşı, aliment ödəməyə hazırdır. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş müvafiq sənədlər əsasında müəyyən etmişdir ki: - iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə nikahın bağlanması haqqında 81 nömrəli akt qeydə alınmışdır (Füzuli Rayon Qeydiyyat Şöbəsinin AZ-İİ seriyalı, 191349 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasında); - tərəflərin birgə nikahından xx.xx.2018-ci il tarixdə X4 doğulmuşdur (şəxsiyyət vəsiqəsinin surəti əsasında); - tərəflərin birgə nikahından xx.xx.2022-ci il tarixdə X3 doğulmuşdur (AZ-İV seriyalı 742244 nömrəli doğum haqqında şəhadətnamənin surəti əsasında); - nikahın pozulması tələbinə dair xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra tərəflər prosesi davam etdirmək barədə qərar qəbul etməyiblər ( Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonraproesin davam etdirilə bilməməsi barədə arayışın surəti əsasında); Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. - 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. - 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. - 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. - 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında ailə münasibətləri pozulmuşdur və hal-hazırda ayrı yaşayırlar. Odur ki, tərəflər barışıq üçün vaxt verilmədən nikah aktının ləğv edilməsinə qəti olaraq razıdırlar. Bununla yanaşı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 hazırda yetkinlik yaşına çatmamışlar. Belə olan halda valideynlər uşaqlarını saxlamağa borcludurlar və uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. İşin araşdırılan halları ilə, eyni zamanda məhkəmədə tədqiq olunan sübutlarla təsdiq olundu ki, iş üzrə yetkinlik yaşına çatmayan X4 və X3 anaları ilə birlikdə yaşayır. Onların tərbiyəsi, sağlamlığı, psixi, fiziki, mənəvi inkişafı ilə anası məşğul olur. Cavabdeh ərizə ilə müraciət edərək bildirmişdir ki, uşaqların ananın himayəsinə verilməsinə və aliment ödəməsinə etiraz etmir. Həmçinin məhkəmə də hesab edir ki, X4 və X1 anaları İddiaçı himayəsində qalmaları məqsədəmüvafiqdir. Bununla yanaşı, qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə iş üzrə qərar qəbul edərkən tərəflərin maddi vəziyyətini və cavabdehin ödəmə qabiliyyətini də nəzərə alır. Məhkəmə aliment tələbi üzrə nəticəyə gələrkən uşağı saxlamağın hər iki valideynin borcu olduğunu, hazırkı vəziyyətdə cavabdehin ödəmə qabiliyyətini, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşağın anasının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq hesab edir ki, X4 və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 170 olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması yetərlidir və bu aliment məbləği ilə uşaqların layiqli həyat şəraitini, qabiliyyətinin inkişaf etdirilməsi, onların maddi və mənəvi tələbatının təmin edilməsi mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilən, bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən qanunvericilik normaları və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, İddiaçı məxsus iddia tələbinin həcminin azaldılmasına dair ərizəsi nəzərə alınmaqla iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən 81 nömrə ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli nikah aktı ləğv edilməli, birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 anaları İddiaçı himayəsində saxlanmalı və yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 170 olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulma hissəsi dərhal icra olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyinə görə iş üzrə alimentin tutulmasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 358.0.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı məxsus iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi nəzərə alınmaqla iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən 81 nömrə ilə qeydə alınmış xx.xx.2017-ci il tarixli nikah aktı pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 anaları İddiaçı himayəsində saxlanılsınlar. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar