Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-720/2023 12.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X2 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 7.012,91 manat əsas borc, 1.764,33 manat faiz borcu, 588,85 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 143,85 manat olmaqla, cəmi 9.509,84 manat borcun və 115,1 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı ASC-dən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən şəxsi (istehlak) məqsədləri üçün 26 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 15.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı kimi Cavabdeh3 və Cavabdeh4 ilə həmin tarixdə zaminlik müqavlələri bağlanmışdır və zaminlər kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərlərinə götürmüşlər. 2022-ci il oktayabr ayının 06-dək Cavabdeh2 banka 06 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə 7.012,91 manat əsas borc, 1.764,33 manat faiz borcu, 2.355,39 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 143.85 manat olmaqla, cəmi 11.276,48 manat borcu vardır. Cavabdeh2 06 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 2.355,39 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25% miqdarında olmaqla, yəni 588.85 manat məbləğində tələb olunur. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, kredit borcunun hissəhissə ödənilməsini təmin edəcəkdir. Odur ki, faiz və cərimə borclarının azaldılmasını xahiş edir. Cavabdehlər Cavabdeh3 və X2 məhkəmə iclasının vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri ilə bağlı məhkəməyə müraciət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehi dinləyərək, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh2 İddiaçı ASC-dən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən şəxsi (istehlak) məqsədləri üçün 26 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 15.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı kimi digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ilə həmin tarixdə zaminlik müqavilələri bağlanmış və zaminlər kredit borcunun qaytarılması üzrə borcalanla birgə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. Təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 borcu 06 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə 7.012,91 manat əsas borc, 1.764,33 manat faiz borcu, 588,85 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 143,85 manat olmaqla, cəmi 11.276,48 manat təşkil edir. Lakin bununla belə məhkəmə iddiaçının tələb etdiyi faiz və cərimə borclarının azaldılmasını əsaslı hesab edir. Belə ki, xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən faiz borcundan 3.981,04 manat ödənilmişdir. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə görə müqavilə müddətinin sonuna faiz borcu 4.187,06 manat təşkil etmişdir. Belə olan halda, cavabdehin faiz borcu 4.187,06-3.981,04=206,02 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə iddiaçının tələb etdiyi 588,85 manat cərimə borcunun azaldılaraq 50 manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə xidmətlərdə qüsurlarla öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, MPM-in 107-ci 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırkı işə baxılması ilə əlaqədar məhkəmə xərci iddiaçı tərəfindən qabaqcadan ödənilmiş 115,1 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə AR MPM-in 119.1-ci maddəsinə isnad edərək belə qənaətə gəlir ki, cəmi 115,1 manat məhkəmə xərcinin ödənilmiş tələbin məbləğinə münasib olmaqla, (iddia tələbi 9.509,94 manat : təmin olunmuş hissəsi 7.412,78 = 1.28, 115,1 manat : 1.28 = 89,92) 89,92 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, qalan (115,1 – 89,92 = 25,18) 25,18 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin xeyrinə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X1 7.012,91 manat əsas borc, 206,02 manat faiz borcu, 50 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 143,85 manat olmaqla, cəmi 7.412,78 manat tutulsun. İş üzrə məhkəmə xərci olan dövlət rüsumuna görə ödənilmiş 115,1 manatın 89,92 manatı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun, qalan 25,18 manatı iddiaçıya aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-720/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-720/2023
12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver