Məhkəmə qərarları › İş №2(064)-721/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-721/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-721/2023 12.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 4.971,34 manat əsas borc, 2.647,32 manat faiz borcu və 898.23 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 91,40 manat olmaqla, cəmi 8.608,29 manat borcun və 106,08 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı ASC-dən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən şəxsi (istehlak) məqsədləri üçün 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 10.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 19 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 25 dekabr 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 28 may 2022-ci il tarixədək uzadılmışdır. 30 sentyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 19 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 4.971,34 manat əsas borc, 2.647,32 manat faiz borcu və 898.23 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 91.40 manat olmaqla, cəmi 8.608,29 manat borcu vardır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyini icra etməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcunu ödəməmişdir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirdilər ki, maddi imkansızlıqlarından krediti tam şəkildə ödəyə bilməmişlər. Odur ki, faiz və cərimə borclarının azaldılmasını xahiş edirlər. Məhkəmə cavabdehləri dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, cavabdeh-borcalan Cavabdeh1 İddiaçı ASC-dən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən şəxsi (istehlak) məqsədləri üçün 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 10.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq digər Cavabdeh2 ilə 19 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh-zamin bank qarşısında borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 25 dekabr 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 28 may 2022-ci il tarixədək uzadılmışdır. Ərizəyə əlavə edilmiş 30 sentyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 19 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 4.971,34 manat əsas borc, 2.647,32 manat faiz borcu və 898.23 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 91.40 manat olmaqla, cəmi 8.608,29 manat borcu vardır. Göründüyü kimi, cavabdehlər müqavilənin şərtlərini pozaraq öhdəliklərini lazımınca icra etməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə iş üzrə sənədləri araşdıraraq iddiaçının tələb etdiyi əsas, faiz və cərimə borclarının azaldılmasını əsaslı hesab edir. Belə ki, maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən əsas borc üzrə 5.624,91 manat ödənilmişdir. Belə olan halda, əsas borc üzrə qalan borc 10.000-5.624,91=4.375,09 manat təşkil edir. Həmçinin maliyyə arayışından görünür ki, cavabdeh faiz borcu üzrə 2.151,81 manat ödəmişdir. Belə olan halda, müqavilə müddətinin sonuna hesablanmış 2.604,14 manat faiz borcu - ödənilmiş 2.151,81 manat faiz borcu = 452,33 manat faiz borcu ödənilməmiş qalmışdır. Bununla yanaşı, məhkəmə cərimə borcunun da azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə iddiaçının tələb etdiyi 898.23 manat cərimə borcununun azaldılaraq 50 manat məbləğində müəyyən olunmasını əsaslı hesab edir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Odur ki, məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 4.375,09 manat əsas borc, 452,33 manat faiz borcu və 50 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 91,40 manat tutulmalıdır. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırkı işə baxılması ilə əlaqədar məhkəmə xərci iddiaçı tərəfindən qabaqcadan ödənilmiş 106,80 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə AR MPM-in 119.1-ci maddəsinə isnad edərək belə qənaətə gəlir ki, cəmi 106,80 manat məhkəmə xərcinin ödənilmiş tələbin məbləğinə münasib olmaqla, (iddia tələbi 8.608,29 manat : təmin olunmuş hissəsi 4.968,82 = 1.73, 106,80 manat : 1.73 = 61,73) 61,73 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, qalan (106,80 – 61,73 = 45,07) 45,07 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4.375,09 manat əsas borc, 452,33 manat faiz borcu, 50 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 91,40 manat olmaqla, cəmi 4.968,82 manat borc tutulsun. İş üzrə məhkəmə xərci olan dövlət rüsumuna görə ödənilmiş 106,80 manatın 61,73 manatı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun, qalan 45,07 manatı iddiaçıya aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar