Məhkəmə qərarları › İş №2(064)-734/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-734/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-734/2023 03.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış 12 noyabr 2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 266 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona aralarında bağlanmış 12 noyabr 2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən aldığı “Artel” markalı kondiosenerin dəyərini təşkil edən 1370 manat məbləğində pulu ödəniş cədvəli üzrə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüş, iddiaçıya həmin müqavilə üzrə cəmi 1104 manat məbləğində ödəniş etsə də, qalıq qalmış 266 manat məbləğində borcu qaytarmamaqla müqavilə öhdəliyini yerinə yetirməmişdir. Beləliklə, cavabdehin iddiaçıya olan borcu 266 manat təşkil edir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 12 noyabr 2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsi, ona əlavə edilmiş ödəniş cədvəli, maliyyə arayışı və iddiaçının cavabdehə göndərdiyi yazılı xəbərdarlıq əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 12 noyabr 2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış borca görə 266 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar