Məhkəmə qərarları › İş №2(064)-743/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-743/2025

02.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-743/2025 02.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh onun xeyrinə 4935 manat məbləğində dəymiş maddi ziyanın və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə saat 21-15 radələrində Sumqayıt şəhəri Nərimanov küçəsində Cavabdeh "Mersedes Benz 230" markalı 01 C0 816 dövlət nömrə nişanlı avtomobili idarə edərək "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələbini pozub, yəni manevr qaydasını pozaraq "Toyota Corolla" markalı ** HF *** nömrə nişanlı avtomobillə toqquşmuş, toqquşmadan sonra həmin avtomobil onun etibarnamə əsasında idarə etdiyi 2008-ci il buraxılışlı, "Kia Ceed" markalı, ** UY *** nömrə nişanlı avtomobilə çırpılmışdır. Hadisə xəsarət alan olmamış, hər üç avtomobilə xeyli miqdarda zərər dəymişdir. Fakt əsasında Sumqayıt şəhər Pİ-nin DYPŞ-də araşdırma aparılmışdır. Sürücü Cavabdeh manevr etmə qaydasını pozaraq yol-nəqliyyt hadisəsi törədərək zərərçəkən şəxslərə maddi zərər vurmuşdur. Onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibi olduğundan barəsində DYPŞ-nin əmkdaşları tərəfindən İXP ******* saylı inzibati xəta haqqında prptokol tərtib edilmişdir. Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin YNH üzrə inspektoru polis mayoru X3 xx.xx.2024-cü il tarixli TP6895348 saylı inzibati tənbehvermə haqqında qərarı ilə Cavabdeh AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Həmin cərimə qanuni qüvvəyə minmişdir. İnzibati xətanı törədən törədən Cavabdeh əməli nəticəsində mənə 4935 (dörd min doqquz yüz otuz beş) manat məbləğiundə maddi zərər yetirilmişdir. Bu barədə Sumqayıt şəhəri "Şahin-95" firmasından xx.xx.2025-ci il tarixli 01 saylı "Qüsur aktı" alınaraq işə əlavə edilmişdir. Eyni zamanda ona məxsus yuxarıda göstərilən avtomobilin fotoşəkilləri çəkilərək iddia ərizəsinə əlavə edilmişdir. Ona ziyan vuran şəxsə vurduğu ziyanı könüllü surətdə ödəməsi barədə dəfələrlə bildirilsə də, o, ziyanı ödəməkdən imtina etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı və onun nömayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat vermişlər və iddia tələbinin tam təmin edilməsini xahiş etmişlər. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin o, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddia tələbi ilə razılaşmadığını iddiaçıya dəymiş zərərin başqası tərəfindən vurulduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Ceed” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibi X1r. - xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin etibarnaməsindən görünür ki, X4 mülkiyyətində olan “Kia Ceed” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin idarə edilməsi üçün İddiaçı etibarnamə vermişdir.Etibarnamə xx.xx.2027-ci ilədək qüvvədədir. - Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışdan görünür ki, Cavabdeh "Mersedes Benz 230" markalı 01 C0 816 dövlət nömrə nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Kia Ceed” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı minik avtomobilə ziyan dəymişdir. - Sumqayıt şəhəri “Şahin-95” firması tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 01 nömrəli “Qüsur aktı”ndan görünür ki, X2 məxsus “Kia Ceed” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə qəza nəticəsində dəymiş zərərin həcmi 4935 manat təşkil edir. - foto şəkillərdən görünür ki, “Kia Ceed” markalı ** UY *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə zərər dəymişdir. - inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkbi olduğundan barəsində DYPŞ-nin əmkdaşları tərəfindən İXP6720467 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və o, Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin YNH üzrə inspektoru polis mayoru X3 xx.xx.2024-cü il tarixli, TP6895348 saylı inzibati tənbehvermə haqqında qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 ( qırx) manat məbləğində cərimə edilmişdir. - Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı əsasında təyin edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, Uni/M33-250/2025 saylı qiymətləndirmə rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən “Kia Ceed” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin real dəyəri (1770 manat) “Şahin-95” firması – D.R.Zalova tərəfindən verilmiş qüsur aktında göstərilən 4935 manat orta bazar qiymətindən artıq hesablanmışdır. “Kia Ceed” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı minik avtomobilində göstərilən hissələrin (detalları) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) dəyəri 1770 manat təşkil edir. - qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 70 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2025-ci il tarixli, Uni/M33-250/2025 saylı qiymətləndiricinin rəyindən görünür ki, xidmət haqqı 300 manat təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat hadisəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunan "Mersedes Benz 230" markalı, 01 C0 816 dövlət qeydiyyat nişanlı avtomobillə və həm də Cavabdeh tərəfindən idarə edilən zaman məhz onun tərəfindən vurulduğundan, vurulmuş ziyan Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. - 1108.3-ci maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilməsinə dair Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP6895348 saylı “İnzibati xəta haqqında” qərarını Azərbaycan Respublikası MPM-nin 80 və 81-ci maddələrinə əsasən sübutların aidliyi və mümkünlüyü nöqteyi nəzərdən qiymətləndirərək hesab edir ki, göstərilən qərar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığından, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə müvafiq olaraq həmin qərar məhkəmə üçün məcburi olmasa da, yol nəqliyyat hadisəsinin məhz Cavabdeh tərəfindən törədilməsi göstərilən qərarla sübuta yetirilmiş və buna görə də Cavabdeh Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. Beləliklə, Cavabdeh yol nəqliyyat hadisəsi törətməsi nəticəsində İddiaçı məxsus avtomobili vurması, Cavabdeh inzibati xəta törətməsinə dair tərtib edilmiş protokolla (qərarla), qiymətləndiricinin rəyi və işin digər materialları ilə tam sübuta yetirildi. Lakin məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyanı cavabdeh iddiaçıya ödənilməli olsa da, iddia tələbi vurulmuş ziyanın həcminə görə – yəni, vurulmuş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təyin edilmiş qiymətləndiricinin xx.xx.2025-ci il tarixli, Uni/M33- 250/2025 saylı rəyindən də aydın olur ki, "Kia Ceed" markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 4935 manat məbləğində deyil, dəyişdirilməli hissələrin və həmin hissələrə aid görülməli işlərin dəyəri 1770 manat məbləğində müəyyən olumuşdur. Buna görə də iddianın avtomobilə vurulmuş ziyanın ödənilməsinə dair hissəsi qismən əsaslıdır. Odur ki, iddianın həmin hissəsi qismən təmin edilərək, cavabdehdən dəymiş ziyana görə 1770 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 70 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. İddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur, lakin iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun 25,10 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 44,9 manat hissəsi isə iddiaçıya aid edilməlidir. (iddianın təmin edilmiş hissəsinə əsasən 4935 manat-100%; 1770 manat 35,87% təşkil edir) Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan qiymətləndiricinin rəyinin alınmasına görə xidmət haqqı da tərəflər arasında bölüşdürülməlidir. Belə ki, qiymətləndiricinin rəyindən göründüyü kimi, xidmət haqqının dəyəri 300 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, qiymətləndiricinin rəyinin alınması üçün xidmət haqqının 107,61 manatı cavabdehdən, 192,39 manatı isə iddiaçıdan alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1770 manat maddi ziyan və 25,10 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İş üzrə qiymətləndiricinin rəyinin alınması üçün xidmət haqqının dəyəri olan 107,61 manat məbləğində pul Cavabdeh və 192,39 manat məbləğində pul isə İddiaçı alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar