Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-751/2023 07.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldıraraq xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cəmi 698 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, mətbəx mebeli almış və nəticədə 698 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satğı qiyməti 1.747,2 manat (24 ay x 72.8 manat + 0 manat ilkin ödəniş) olan mətbəx mebeli üçün 698 manat olmaqla, ondan 698 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, mətbəx mebelini xx.xx.2022-ci il tarixində imtina etmiş və məhsul 1049.2 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1049.2 manat, cəmi ödədiyi məbləğ 1049.2 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, dəyəri 1.747,2 manat olan mətbəx mebeli almış, lakin xx.xx.2022-ci il tarixdə həmin mebeldən imtina etmiş və məhsul 1.049,2 manat qiymətləndirilərək borcdan silinməklə geri qaytarılmışdır. Hazırda cavabdehin borcu 698 manat təşkil edir. xx.xx.2021-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddia tələbinin əsaslandırılmasından belə anlaşılır ki, cavabdeh müqavilədən imtina etdiyindən iddiaçı mebelin dəyəri 1.747,2 manatdan məhsul 1.049,2 manat qiymətləndirilməklə silinmiş və hazırda 698 manat borcun qaldığı iddia edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş sənədlərlə qaytarılmış mebelin dəyərinin məhz 1.747,2 manat təşkil etməsi hər hansı mötəbər sübutlarla, o cümlədən mütəxəssis və ya ekspert rəyi ilə təsdiqlənmir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22398760 saylı müqavilənin 3.11-ci bəndində göstərilir ki, müştəri 2.1-ci bənddə göstərilən mallardan biri və ya bir neçəsi ilə bağlı öz öhdəliklərini pozarsa, hər hansı səbəbdən onu qaytararsa və ya başqa növ mala dəyişərsə, bu zaman güzəştli şərtlərlə əldə etmiş olduğu malı ABC-nin tələbi ilə saz və korlanmamış vəziyyətdə geri qaytarmalı, bu mümkün olmaıqda isə həmin malın bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavədə qeyd olunmuş dəyərini tam şəkildə ödəməlidir. İddiaçı cavabdehin mebeli müqavilə bağlandığı xx.xx.2021-ci il tarixdən 10 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə qaytarmasını əsas gətirsə də iş materialları ilə cavabdehin mebeli məhz xx.xx.2022-ci il tarixdə və korlanmış vəziyyətdə qaytarması öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə iddia tələbini əsassız sayaraq rədd etmək məcburiyyətində qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-751/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-751/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver