Məhkəmə qərarları › İş №2(064)-751/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-751/2024

25.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-751/2024 25.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, iddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən təhkim edilmiş elektron nəzarət vasitəsinin dəyərinin əvəzi – 2277,4 manat pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, məhkum Cavabdeh Nəsimi Rayon Məhkəməsinin 1(006)-478/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsinə əsasən təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və onun icrasına dair göstərişi xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuş, məhkum xx.xx.2023-ci il tarixdə Bakı Şəhər Probasiya idarəsində qeydiyyata alınaraq, onunla ilkin qaydada fərdi söhbət aparılmış və xx.xx.2023cü il tarixdə ona “Attenti” markalı elektron nəzarət vasitəsi komplektinə daxil olan elektron qolbaq tətbiq edilərək ona üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Müvafiq protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd enerji toplayıcı iş üzrə cavabdeh məhkum Cavabdeh tətbiq edilərək təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə məhkum Cavabdeh elektron nəzarət vasitəsinə baxış keçirilmiş, bu zaman mobil qurğunun sındırılaraq qeyri-işlək vəziyyətə salındığı müəyyən edilmişdir. Həmin tarixdə məhkum E.İsmaılovdan izahat alınmış, o, izahatında qonşusu ilə mübahisə etdiyini və bu zaman qonşusunun ona təhvil verilmiş mobil qurğunu yerə çırparaq sındırdığını bildirmişdir. Məhkum Cavabdeh tətbiq edilmiş elektron qolbaq üzərindən açılmış və digər avadanlıqlarla birlikdə təhvil alınaraq xx.xx.2024-cü il tarixli aktla birlikdə Elektron Monitorinq İdarəsinə təhvil verilmişdir. “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” xx.xx.2024-cü il tarixli texniki rəydə mobil qurğunun darmadağın vəziyyətdə olduğu, təmirinin mümkün olmadığı və bu səbəbdən həmin cihazın istifadəyə tam yararsız olduğu bildirilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsini dəyəri 2277,40 manat təşkil edir. Məhkum tərəfindən dəymiş ziyan ödənilmədiyindən və mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Bakı Şəhər Probasiya İdarəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Cavid İsmayılov ərizəylə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-478/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmün surətindən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması; Cavabdeh məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması;Cavabdeh yaşadığı Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, bina 35, mənzil 45-i hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələrini yerinə yetirməsi hökm edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən və xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, 35638959 nömrəli elektron nəzarət vasitəsi məhkum Cavabdeh qeyri-işlək vəziyyətdə təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Texniki Rəy əsasında müəyyən edilir ki, məhkum Cavabdeh tərəfindən yarasız hala salınmış həmin vasitənin ümumi dəyəri 2277,4 manat təşkil edir. İş materiallarına əlavə olunmuş izahatın surətindən müəyyən edilir ki, məhkum Cavabdeh qonşusu ilə aralarında baş vermiş mübahisə zamanı mobil qurğunun yarasız hala salındığını etiraf etmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutuimasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını və iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2277,40 manat məbləğində pul alınaraq iddiaçı Bakı Şəhər Maliyyə İdarəsinin hesabına ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh təhkim edilmiş elektron nəzarət vasitəsinin dəyərinin əvəzi – 2277,4 manat məbləğində pul tutularaq Bakı Şəhər Maliyyə İdarəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar