Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-762/2025 08.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək Cavabdehdən 6000 manat əsas pulun və 6000 manat dəymiş mənəvi zərərin əvəzinin tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin dekabr ayında X1 vəfatından sonra ona məxsus ünvan 1 ünvanında qanunsuz olaraq məskunlaşan Cavabdeh ortaq dostları Sadiq adlı şəxs vasitəsilə xəbər göndərərək evin təmiri üçün 6000 manata yaxın xərc çəkdiyini və həmin xərci qaytardığı təqdirdə evdən çıxmağa razı olduğunu bildirmişdir. İddiaçı ona məxsus torpaq sahəsini sataraq tələb olunan 6000 manatı tamamlamış və Sumqayıt şəhərində çayxanaların birində dostu Sadiq və qardaşının şahidliyi ilə pulu Cavabdehə vermişdir. Cavabdeh isə evdə kirayəşin olaraq saxladığı Rafiq adlı hərbçiyə zəng vuraraq evi boşaltmağını tələb etmişdir. Lakin o, verdiyi sözə əməl etməmiş, zəngləri açmamış, kirayəşini evdən çıxardıqdan sonra qapını kilidləmişdir. Hətta onun bu hərəkətinə görə dostu Sadiq üzr istəmişdir. Nəticədə atası R.Mehrəliyevin 1-ci növbəli varisi kimi bacısı X2 Cavabdehə qarşı mənzildən çıxarılma tələbi ilə Məhkəməyə müraciət etmiş, Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(064)- 1445/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Sonradan İddiaçıya məlum olmuşdur ki, Cavabdeh evdə heç bir təmir işləri aparmamış, ondan əsassız olaraq pul almışdır. Bununla yanaşı İddiaçı bildirir ki, o və ailəsi məhkəmə iclaslarında iştirak etmək üçün dəfələrlə yol xərci çəkmişdir. Həmçinin Cavabdeh ona qarşı dəfələrlə əsassız şikayətlər etmiş, Cavabdehin yoldaşı onun barəsində jurnalistlərə yalan məlumatlar verərək onu nüfuzdan salmağa cəhd göstərmiş, bununla da ona mənəvi zərər dəymişdir. İddiaçı ona dəymiş mənəvi zərəri 6000 manat məbləğində qiymətləndirir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam həcmdə təmin edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etdi. Cavabdehə Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə Məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid İddiaçının ərizəsinə və izahatına uyğun izahat verərək bildirdi ki, Cavabdeh onun qohumudur. Tərəflər arasında mənzillə bağlı mübahisə var. Cavabdeh onun yanında İddiaçıya 6000 manat pul verdiyi təqdirdə mübahisəni sonlandıracağını bildrmişdir. İddiaçı onun yanında Cavabdehə 6000 manat pul vermişdir. Məhkəmə hazırki tələblə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Mülki qanunvericiliyə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasında əsassız varlanma da yer alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə müvafiq olaraq, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə İddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin bir hissəsinə münasibətdə tərəflər arasındakı hüquq münasibətlərinin xarakteri əsassız varlanma ilə xarakterizə olunur. Beləki, Cavabdeh İddiaçıdan heç bir qanuni və ya müqavilə əsası olmadan 6000 manat məbləğində pul alaraq İddiaçının xeyrinə varlanmışdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırır ki, Şahid izahatı, iş materiallarına əlavə edilmiş Füzuli Rayon Məhkəməsinin 2(064)-145/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi, AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3051/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı, həmçinin evin təmirsiz olmasını özündə əks etdirən fotoşəkillər mötəbər sübut kimi qiymətləndirilərək, həmin sübutlar əsasında İddiaçı tərəfindən Cavabadehə mübahisənin həlli məqsədilə evin təmir xərcinin əvəzi olaraq 6000 manat vəsaitin verilməsi müəyyən olunur, lakin Cavabdeh mübahisəli mənzildə heç bir təmir işləri aparmadan həmin məbləği əldə edərək əsassız varlanmışdır. Qanuni qüvvəsini almış Füzuli Rayon Məhkəməsinin 2(064)-145/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində də Cavabdehin 6000 manat məbləğində pulu aldığını etiraf etməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin: 15.2-ci maddəsinə görə Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də məzilin təmirsiz olduğu müəyyən olunur. Göründüyü kimi, Cavabdeh İddiaçının hesabına heç bir qanuni və ya müqavilə əsası olmadan 6000 manat əldə edərək varlanmışdır. İddia ərizəsinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə qeyd olunmalıdır ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı Cavabdeh tərəfin onun barəsində dəfələrlə əsassız şikayətlər etməsini, Cavabdehin yoldaşının jurnalistlərə yalan məlumatlar verməsini, bununla da onu nüfuzdan salmağa cəhd edərək ona ümumilikdə 6000 manat məbləğində mənəvi zərər vurmasını bildirsə də, qeyd olunanların təsdiqi kimi İddiaçı Məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Odur ki, Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyirinə 6000 manat məbləğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-762/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-762/2025
08.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver