Məhkəmə qərarları › İş №2(064)-775/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-775/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-775/2023 30.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı QSC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 09 may 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış borca görə 1000 manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizısində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 09 may 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi və həmin tarixdə tərtib edilmiş təhvil-təslim aktına əsasən 1000 manat dəyərində nisyə aldığı malın dəyərini 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 28 fevral 2019-cu il tarixli faktorinq müqaviləsi və ona əlavə olunmuş 16 may 2022-ci il tarixli sazişə əsasən göstərilən 09 may 2022-ci il tarixli müqavilə üzrə "xxxx" MMC-nin cavabdehə qarşı olan tələb hüququ iddiaçıya keçmiş, bu barədə cavabdehə bildiriş göndərilmişdir. Cavabdeh həmin müqavilə üzrə öhdəliyini tam icra etmədiyinə görə iddiaçıya 1000 manat məbləğində borcu yaranmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət rüsumu ilə əlaqədar 30,40 manat məbləğində pul ödəmişdir. İş üzrə Füzuli Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qərardadı ilə cavabdehin vəsatətinə əsasən mülki işə iddia icraatı qaydasında baxılması və "xxxx" MMC-nin cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasında cavabdeh verdiyi izahatında göstərmişdir ki, 09 may 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə "xxxx" MMC-dən “BOSCH” markalı paltaryuyan almaqdan imtina etmiş, bu səbəbdən "xxxx" MMC ilə şifahi qaydada əldə etdiyi razılığa əsasən həmin müqavilə ləğv edilmiş, onun "xxxx" MMC və ya iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. İddiaçı və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC (bundan sonra – üçüncü şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə göndərdiyi ərizələrində iş üzrə məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəməyə göndərdiyi ərizələrində 09 may 2022-ci il tarixli nisyə alğısatqı müqaviləsinə əsasən cavabdehin ondan alması nəzərdə tutulmuş “BOSCH” markalı paltaryuyan imtina etməsinə görə həmin müqavilənin ləğv edildiyini, cavabdehin üçüncü şəxs qarşısında hər hansı öhdəliyi və ya borcunun yaranmadığını, bu barədə üçüncü tərəfindən iddiaçıya məlumat verildiyini, həmin müqavilə üzrə iddiaçıda cavabdehin ödəməli olması kimi qeyd edilmiş 1000 manat məbləğində borcun cavabdehin deyil, üçüncü şəxsin öhdəliyinin olduğunu göstərərək iş üzrə məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin aşağıda müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş sayılır. - 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. - 424.3-cü maddəsinə əsasən müqavilə ləğv edilərkən, əgər tərəflərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, müqavilənin ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan öhdəliklər xətm edilmiş sayılır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş, üçüncü şəxslə cavabdeh arasında bağlanmış 09 may 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi, onun 1 nömrəli əlavəsi və təhvil-təslim aktından həmin tarixdə göstərilən müqavilə əsasında cavabdehin üçüncü şəxsdən 1000 manat dəyərində “BOSCH” markalı paltaryuyanı nisyə qaydada aldığına görə üzərinə sonuncuya 6 ay müddətinə hər ay 167 manat məbləğində ödəniş etmək öhdəliyini götürdüyü görünsə də, eləcə də, 28 fevral 2019-cu il tarixli faktorinq müqaviləsi və ona əlavə olunmuş 16 may 2022-ci il tarixli sazişə əsasən göstərilən 09 may 2022-ci il tarixli müqavilə üzrə üçüncü şəxsin cavabdehə qarşı olan tələb hüququnun iddiaçıya keçdiyi müəyyən edilsə də, 09 may 2022-ci il tarixli müqavilə üzrə tərəf olmuş cavabdehin məhkəmə iclasında verdiyi izahatı və üçüncü şəxsin məhkəmə göndərdiyi ərizələri, eləcə də yuxarıda göstərilən qanunvericilik normaları əsasında həmin müqavilənin bağlanmasından dərhal sonra cavabdehin müqavilənin predmetini təşkil edən “BOSCH” markalı paltaryuyandan imtina etdiyi, həmin imtinanın üçüncü şəxs tərəfindən qəbul edildiyi, nəticədə üçüncü şəxslə cavabdehin şifahi qaydada əldə etdikləri razılıq əsasında göstərilən 09 may 2022-ci il tarixli müqaviləyə, beləliklə də həmin müqavilə üzrə cavabdehin üçüncü şəxs üzərində götürdüyü öhdəliyinə xitam verildiyi, buna görə də üçüncü şəxsin 09 may 2022-ci il tarixli müqavilə üzrə iddiaçıda cavabdehin ödəməli olması kimi qeyd edilmiş 1000 manat məbləğində borcun ödənilməsinin cavabdehin deyil, üçüncü şəxsin öhdəliyi kimi qəbul etdiyi, cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranmadığı müəyyən edilmişdir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı QSC-nin Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar