Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-783/2023 17.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, iddiaçı «X4 (fermer) Tədərrüfatı» MMC-nin icraçı direktoru X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı «X4 (fermer) Təsərrüfatı» MMC-nin icraçı direktoru X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 1.700 manat məbləğdə borc pulun və ya qanunsuz şəkildə özündə saxladığı pulunun, həmin pulun 21 ay ərzində bank faizi olan 400 manat faiz və dəbbə pulunun, vəkilə ödədiyi 100 manat xidmət haqqının və məhkəməyə ödədiyi 42 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göygöl rayonu ərazisində fermer təsərrüfatı ilə məşğul olur və qoyunlarını otarmaq üçün özünə çoban axtarırmış, ona bir tanışı bildirmişdir ki, Rizvan adlı şəxs var və ailəli olaraq fermer teserrüfatında çoban işləmək istəyir. O, Cavabdeh Allahverdi oğlu ilə əlaqə saxlamış və Rizvan ona bildirmiş ki, aylıq əmək haqqı 350 manat alacaqdır və onun borcu var, ona görə də ona şərt qoymuş ki, əvvəlcədən Rizvana 2.040 manat pul ödəmiş olarsa, Rizvan ona çobanlıq edəcəkdir. R.Mamedov Rizvanla aralarında yazılı xx.xx.2021 -ci il tarixdə Qəbz-Müqavilə bağlamışlar və Cavabdeh Alahverən oğlu imza edərək yazmışdır ki, aylıq 350 manat olmaqla, ondan əvvəlcədən 2.040 manat pul almışdır. Lakin aralarında mübahisə yaranmış və o, həmin vaxtı polisə şikayət etməli olmuşdur. Polisə şikayət etdikdə ona bildirmişdir ki, pulun çox hissəsini xərcləyib və R.Mamedova cəmi bir neçə yüz manat qaytarmışdır. Ümumilikdə ona 1.700 manat pul borclu qalmışdır. Nəticə etibarı ilə ona 1 gün də olsun çobanlıq etməmiş və ona qarşı dələduzluq edərək, aradan çıxıb getmişlər, günü bu gündə olsun o, onlarla, yəni cavabdehlə əlaqə saxlaya bilmir, telefon nömrələrinə cavab vermir. R.Mamedov da məcburiyyət qarşısında qalaraq cavabdehi məhkəməyə vermək qərarına gəlmişdir. Çünki məhkəmədən kənar başqa yolla bu mübahisəni həll edə bilimir. Hesab edir ki, bu 1 il 9 ay ərzində cavabdeh onun pulunu qanunsuz şəkildə özündə saxladığına görə ona bank faizi ilə dəbbə pulu və pulun faizini də ödəməlidir. Məhkəmə iclasında: İddiaçı X2 əvvəlki məhkəmə iclasında bildirdi ki, cavabdeh ona sonuncu dəfə borclu olduğu 1.965 manatdan 350 manat qaytarmış və hazırda 1.615 manat borcludur. Odur ki, cavabdehdən 1.615 manatın alınaraq ona verilməsini xahiş edir. İddiaçı R.Mamedovun vəkili X3 əvvəlki məhkəmə iclasında iddiaçı ilə oxşar məzmunlu izahat verərək iddianın qismən təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfi dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı R.Mamedov özünə məxsus fermer təsərrüfatında Cavabdeh çoban kimi işə götürmüş və bunun üçün ona əvvəlcədən 2.040 manat vermişdir. Lakin cavabdeh iddiaçıdan aldığı pulun müqabilində çobanlıq etməmiş və aldığı pulu qaytarmamışdır. İddiaçı R.Mamedov bildirdi ki, cavabdeh sonuncu dəfə ona borclu olduğu 1.965 manatdan 350 manat qaytarmış və hazırda 1.615 manat borcludur. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və aldığı pulu iddiaçıya qaytarmamışdır. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə iddia tələbinin borcun qaytarılması hissəsini qismən təmin etməklə cavabdehdən iddiaçının xeyrinə 1.615 manatın tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. İddia tələbinin cavabdehin pulu qanunsuz şəkildə saxlamasına görə hesablanmış faiz borcuna görə 400 manat pulun tutulması hissəsinə rədd edərək məhkəmə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 09 iyul 2009-cu il tarixli Qərarında göstərmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Həmin Məcəllənin 152.3-cü maddəsində qeyd olunur ki, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Lakin işin faktiki hallarından görünür ki, iddiaçı cavabdehin onun vəsaitini vaxtında qaytarmaması və qanunsuz saxlaması nəticəsində hər hansı gəlir, artım və sair formada fayda götürməsinə dair rəsmi sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə iddia tələbini bu hissədə əsassız sayaraq rədd etmək məcburiyətində qalır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər. İş materiallarından görünür ki, məhkəmə xərcləri dövlət rüsumuna görə ödənilmiş 42 manatdan və vəkilə kömək üçün ödənilmiş 100 manatdan ibarətdir. Odur ki, məhkəmə cəmi 142 manatın da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı heab edir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1.615 manat, vəkilə ödənilmiş 100 manat xidmət haqqı və 42 manat dövlət rüsumu olmaqla, cəmi 1.757 manat iddiaçı «X4 (fermer) təsərrüfatı» MMC-nin icraçı direktoru X1 xeyrinə tutulsun. İddia tələbi digər hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-783/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-783/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver