Məhkəmə qərarları › İş №2(064)-809/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-809/2024

06.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-809/2024 06.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmuş alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2014-cü il tarixdə rəsmi dövlət qeydiyyatından keçməklə evləniblər. Birgə evlilik müddətində xx.xx.2015-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Bir müddət mehriban yaşasa da, sonradan xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-443/2022 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah akt qeydi ləğv edilmiş, cavabdehdən uşağın saxlanılması üçün cəmi 130 manat aliment tutulması qət edilmişdir. Hal-hazırda məhkəmənin həmin dövrü iqtisadi şərtlərini nəzərə almaqla müəyyən etdiyi bu aliment məbləği uşaqların gündən-günə artan xərclərinin ödənilməsində onun maddi vəziyyətində yaxşıya doğru ciddi dəyişiklik yaratmır. Bu səbəbdən alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, alimentin miqdarının 40-50 manat civarında artırılmasına etiraz etmir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-443/2022 saylı qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış və 38 nömrə ilə qeydə alınmış nikah aktının ləğv edilməsi və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anası İddiaçı himayəsinə verilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixli mediasiya sessiyasında İddiaçı iştirak etsə də, Cavabdeh iştirak etməmişdir. İddiaçı-ana övladının maddi tələbatlarının artmasını əsas gətirərək alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarınıda nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasının 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununda göstərilir ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Yuxarıda istinad olunan Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə, ……məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər….. Göründüyü kimi, qanunverici alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi (hazırkı halda artırılması) üçün zəruri şərtlərdən biri kimi tərəflərdən birinin ailə vəziyyətində dəyişikliyin olmasını qeyd etmişdir. İşin faktiki hallarından aydın olur ki, tərəflərin ailə vəziyyətlərində dəyişikliklər olmasına dair sübutlar təqdim edilməmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə əsasən alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi əsaslarından biri də tərəflərdən birinin (hazırkı halda cavabdeh atanın) maddi vəziyyətində dəyişikliyin olması, yəni maddi vəziyyətinin yaxşılaşmasıdır. İddiaçı tərəfindən cavabdehin maddi vəziyyətinin yaxşılaşmasına dair hər hansı sübutlar məhkəməyə təqdim olunmamışdır. Yuxarıda istinad olunan Ali Məhkəmənin Plenum Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlarla yanaşı, həm də yetkinlik yaşına çatmayan uşağın mənafeyini, yəni onun artıq böyüyərək tələbatlarının artmasını, minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, iddiaçı ananın özünün də azyaşlı övladını saxlamaq vəzifəsinin olmasını, cavabdehin aliment məbləğinin 40-50 manat civarında artırılmasına etiraz etmədiyini, eləcə də sair digər diqqətəlayiq halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdehdən qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPMin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin olunsun. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-443/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar