Məhkəmə qərarları › İş №2(064)-813/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-813/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-813/2024 23.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən, ümumilikdə, 340 manat pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, kənd məhsulları satmaqla məşğuldur. 2023-cü ilin oktyabr ayının sonlarında özünü Elcan Rüstəmov kimi təqdim edən, sonradan həmin şəxsin Cavabdeh oğlu olduğu məlum olan şəxslə telefon vasitəsi ilə “TİK-TOK”-da tanış olmuşdur. Cavabdeh Pilot vəzifəsində işlədiyini bildirib. Təxminən bir həftə sonra cavabdeh iddiaçıdan yol maşını ilə kənd məhsulları göndərməyini xahiş edib və bildirib ki, pulunu noyabr ayının 08 və ya 09-da kart vasitəsilə göndərəcək. İddiaçı onun səmimiyyətinə inanıb birinci dəfə təxminən 70 manatlıq yağ, yumurta, pendir, bal və süd məhsullarını tanımadığı yol maşını ilə Elcan Rüstəmov kimi tanıdığı Əliyev Tapdığa göndərib. Təxminən bir həftə sonra Tapdıq zəng edərək məhsulları evdə bəyəndiklərini bildirib və həmin məhsullardan ona yenə də bir qədər çox göndərməsini xahiş edib. Hətta bacısı və anası kimi təqdim etdiyi şəxslərlə də iddiaçını tanış edib. İddiaçı təkrar olaraq bir həftə sonra yenə də tanımadığı yol maşını ilə cavabdehə 270 manatlıq yuxarıda qeyd etdiyi adlı məhsulları göndərib və Elcanın (Tapdığın) telefonunu da sürücüyə verib ki, onunla əlaqə saxlayıb malı ona çatdırsın. Cavabdeh zəng edərək malı aldığını bildirib və təkrar qeyd edib ki, pulunu 08-09 noyabrda kart vasitəsi ilə ödəyəcəkdir. İkinci dəfə iddiaçı cavabdehə mal göndərərkən başqa müştərisinə məxsus 60 manat dəyərində məhsulu da onunla birgə göndərərək cavabdehdən götürməsini və lazım olan şəxsə verməsini xahiş edib. Sonradan məlum olub ki, cavabdeh həmin 60 manat dəyərində məhsulu mənimsəyərək başqa tanışına verib. İddiaçı noyabrın 11-dən sonra cavabdehlə əlaqə saxladıqda cavabdeh onun ünvanına nalayiq ifadələr söyləyərək onu tanımadığını, ondan məhsul almadığını bildirib və ona bir daha zəng etməməsini tələb edib. Bir gün sonra ***-***-**-** nömrəli telefondan iddiaçıya zəng gələrək özünü Elcanın qardaşı kimi təqdim edib Lənkəran Şəhər Polis İdarəsində işlədiyini bildirərək ona nalayiq söyüşlərlə söyüb təhqir edərək “səni evindən apartdıraram” deməklə hədə qorxu gəldi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Cavabdeh, ümumilikdə, 340 manat pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasınıın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan səs yazısı köçürülmüş disk dinlənilən zaman müəyyən olunur ki, cavabdeh tərəfindən 340 manat məbləğində borcun olması etiraf olunmuşdur. İş materiallarına əlavə olunmuş qəbzin surətindən görünür ki, cavabdeh iddiaçının hesabına cəmi 340 manat borcundan 100 manat ödəniş etmişdir. Beləliklə, iddia ərizəsindən və məhkəmə iclasında tərəflərin vermiş olduqları izahatlardan, həmçinin mülki iş materiallarından müəyyən olunur ki, Cavabdeh İddiaçı 340 manat dəyərində nisyə mal almışdır. Cavabdeh nisyə aldığı 340 manat dəyərində malı etiraf etmişdir və borcundan 100 manat ödəniş etmişdir. Belə olan halda iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını, iddiaçının verdiyi izahatları və iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 240 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 240 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar