Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-82/2024 05.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdelər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) cavabdelər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 45000 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, 23 yanvar 2024-cü il tarixdə məhkəməyə yazılı və şifahi qaydada verdiyi izahatlarında, eləcə də nümayəndəsi – “Femida” Vəkil Bürosunun vəkili Nümayəndə1 (bundan sonra – iddiaçının nümayəndəsi) ilə əvvəlki məhkəmə iclaslarında verdikləri izahatlarında (iddiaçının 23 yanvar 2024-cü il tarixli izahatına zidd olmayan hissələr üzrə) iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçı Almaniya Federativ Respublikasında yaşayan dayısı X3 (bundan sonra - Müşfiq) sonradan ona deməsi əsasında bilmişdir ki, Müşfiq 2023-cü ilin iyun ayının əvvəllərində Bakı şəhərində tanışı Cavabdeh2 (bundan sonra - Elmin) ilə görüşərkən sonuncu Müşfiqə qardaşı Cavabdeh1 (bundan sonra - Elman) ilə heyvandarlıq fəaliyyəti ilə məşğul olmaq istəsələr də, bunun üçün zəruri pul vəsaitinə malik olmadıqlarını demiş, Müşfiqdən özünün pul vəsaiti hesabına onlarla şərikli heyvandarlıq təsərrüfatı yaratmasını xahiş etmiş, Müşfiq Elminə əvvəlcə xahişi ilə razı olduğunu desə də, sonradan kifayət qədər pul vəsaitinin olmaması səbəbindən xahişini yerinə yetirə bilməyəcəyini, bacısı oğlu olan iddiaçının malik olduğu pul vəsaitini heyvandarlıq təsərrüfatının yaradılmasına yönəldə biləcəyini demiş, əgər razı olarsa, iddiaçı ilə bu sahədə şərikli fəaliyyət qurması üçün görüşlərini təşkil edə biləcəyini təklif etmiş, Elmin bu təkliflə razılaşmışdır. Buna görə də 2023-cü ilin iyun ayının əvvəllərində Bakı şəhərində Müşfiq iddiaçını 2018-ci ildən X1 Respublikasında yaşamış dostu kimi tanıdığı Elminlə görüşdürmüşdür. Söhbət zamanı sonuncu iddiaçıya, həmçinin Elmanla birlikdə ətlik və südlük istiqamətli şərikli heyvandarlıq təsərrüfatı yaratmaq məqsədilə 1 baş yanıbalalı inəyin alınmasına təxminən 2000-2500 manat məbləğində pul xərclənməli olduğuna görə ilkin olaraq 10-15 baş yanıbalalı inəyin alınması üçün 20000- 25000 manat məbləğində pula ehtiyacın olduğu, iddiaçının pul vəsaiti hesabına alınacaq həmin heyvanların Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Elmanın istifadəsində olan fermada saxlanacağı, həmin fermanın zəruri təmir xərclərinin iddiaçı tərəfindən çəkiləcəyi, fermada heyvanların saxlanması, onlara qulluq edilməsi ilə bağlı bütün işlərin isə Elman tərəfindən ediləcəyi, ətlik heyvanların satışından əlavə, südlük heyvanlardan hər gün sağılacaq 100-150 litr südün satışından 100-150 manat məbləğində pul əldə edəcəkləri, cavabdehlərin inəklərin alınmasından 2 ay sonra, yəni 2023-cü ilin avqust ayından başlayaraq əldə ediləcək gəlirlərdən hər ay iddiaçıya 1200 manat məbləğində pul verəcəkləri, gəlirin qalan hissəsini isə özlərinə götürəcəkləri, bu fəaliyyətlə əlaqədar bütün xərclərin iddiaçı tərəfindən çəkiləcəyi barədə təkliflər vermiş, iddiaçı və sonradan Elman bu təkliflərlə razılaşmışlar. Bu səbəblərdən iddiaçı 17 iyun 2023-cü il tarixdə Müşfiq və Elminlə birlikdə Şamaxı rayonunda yerləşən mal bazarına gəlmiş, əvvəllər tanımadığı Elmanla ilk dəfə orada görüşmüş, cavabdehlərə bir neçə baş yanıbalalı inək almaları üçün Müşfiqin iştirakı ilə, hər hansı sənəd tərtib edilmədən cəmi 17000 manat məbləğində pul vermişdir. Cavabdehlər həmin pul vəsaiti hesabına şərikli heyvandarlıq təsərrüfatı yaratmaq məqsədilə Şamaxı rayonundakı mal bazarından həmin gün 9 baş, 19-23 iyun 2023-cü il tarixlərdə isə əvvəllər alınmış inəklərdən bir başını dəyişdirilməklə 3 baş, beləliklə də cəmi 11 baş yanıbalalı inəklər almışlar. İddiaçı 06 iyul 2023-cü il tarixdə Şamaxı rayonunda cavabdehlərə digər şəxsin iştirakı olmadan, hər hansı sənəd tərtib edilmədən cəmi 4500 manat məbləğində pul vermişdir. Elman həmin pul vəsaiti hesabına şərikli fəaliyyət üçün Ağsu rayonunda yerləşən mal bazarından 1 baş yanıbalalı inək və 1 baş at almış, Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, istifadəsində olan fermada heyvanların saxlanması və özünün yaşayış şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müxtəlif təmir işləri görmüşdür. Beləliklə, iddiaçının cavabdehlərə şərikli heyvandarlıq fəaliyyəti ilə əlaqədar nağd qaydada verdiyi pulun ümumi məbləği 21500 manat olmuşdur. Bundan başqa, iddiaçı özünə məxsus olan kart hesabından Elmanın kart hesabına şərikli heyvandarlıq fəaliyyəti ilə bağlı çəkiləcək xərclərə görə 11 iyul 2023-cü il tarixdə 1200 manat və 1800 manat, 27 iyul 2023-cü il tarixdə 1000 manat, 28 iyul 2023-cü il tarixdə 500 manat və 01 sentyabr 2023-cü il tarixdə 70 manat, 19 iyul 2023-cü il tarixdə isə Elmanın ərzaq məhsulları alması üçün 60 manat, əlavə razılaşmalarına əsasən sonuncunun heyvanlara qulluq etməsinə görə çoban pulu kimi 02 avqust 2023 və 01 sentyabr 2023-cü il tarixlərdə müvafiq olaraq 700 manat və 350 manat olmaqla, ümumilikdə 5680 manat məbləğində pul göndərmişdir. Elman kart hesabına göndərilmiş həmin pul məbləğlərinin (ərzaq məhsullarının alınmasına və çoban puluna görə verilən hissələri istisna olmaqla) müəyyən hissəsini onun mahiyyətini bilmədiyi kredit ödənişlərinə xərclədiyinə görə razılaşmalarına əsasən həmin pul məbləğlərini də ona qaytarmaq öhdəliyini daşıyır. İddiaçının cavabdehlərə şəxsən verdiyi, Elmanın kartına göndərməsi göstərilmiş pul vəsaitləri Müşfiqə deyil, özünə məxsus olmuşdur. Cavabdehlər həmin pul vəsaitlərinin cəmi 7000 manat hissəsini heyvanların saxlanması üçün zəruri olmuş ot və digər yemlərin alınmasına, cəmi 2300 manat hissəsini isə Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Elmanın istifadəsində olan fermada müxtəlif təmir işlərinin görülməsinə xərcləmişdir. İddiaçının pul vəsaiti hesabına alınmış ot və digər yemlər sonradan təsərrüfatdakı heyvanların saxlanmasına sərf edilmişdir. Cavabdehlər iddiaçının iki dəfə nağd qaydada verdiyi göstərilmiş pul vəsaitləri hesabına isə cəmi 24000 manat dəyərində 12 baş yanıbalalı inəklər almışlar. Elman həmin halları məhkəməyə təqdim edilmiş səs yazısında etiraf etmişdir. Cavabdehlər məhkəməyə təqdim edilmiş video yazılarda öz əksini tapmış həmin heyvanları Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Elmanın istifadəsində olan fermada saxlamışlar. Orada təmir işləri həmin heyvanların alınıb oraya gətirilməsindən sonra başlanmış, təxminən bir ay müddəti ərzində davam etmişdir. Həmin inəklərdən dəyəri 1750 manat olmuş 1 başı sonradan xəstəlikdən ölmüşdür. İddiaçı cavabdehlərlə şərikli heyvandarlıq təsərrüfatını artırmaq məqsədilə, həm də Elmanın istifadəsində olan fermada qış mövsümündə heyvanların saxlanması üçün əlverişli şəraitin olmamasına görə öz pul vəsaiti hesabına Şamaxı rayonu, Günəşli kəndi ərazisində yeni fermanın alınması barədə də razılaşdığına görə 27 iyul 2023-cü il tarixdə beh alanla bağladığı, notarial qaydada təsdiq edilmiş beh müqaviləsinə əsasən Şamaxı rayonu, Günəşli kəndi ərazisində, Elmanın istifadəsində olan fermanın yaxınlığında yerləşən 0,22 ha torpaq sahəsi və onun üzərindəki yaşayış evindən ibarət yeni fermanı gələcəkdə 8000 manat məbləğində pula alacağı ilə əlaqədar beh alana 1000 manat məbləğində pul vermiş, həmçinin, üzərinə beh alana pulun qalan 7000 manat hissəsini 31 yanvar 2024-cü il tarixədək ödəmək öhdəliyini götürmüşdür. İddiaçı həmin müqavilənin notarial qaydada təsdiq edilməsinə görə dövlət rüsumu kimi 115 manat məbləğində pul ödəmişdir. İddiaçı yeni əldə etdiyi fermada müxtəlif təmir işlərinin görülməsi ilə əlaqədar cəmi 8670 manat məbləğində pulu şəxsən xərcləmiş, onun hansısa hissəsini xərclənməsi üçün cavabdehlərə verməmişdir. İddiaçının cavabdehlərlə şərikli heyvandarlıq fəaliyyəti ilə əlaqədar işlərin görülməsi üçün Bakı şəhərindən Şamaxı rayonuna gedib-gəlməsinə, müxtəlif yüklərin daşınmasını təmin etməsinə görə çəkdiyi nəqliyyat və logistika xərcləri cəmi 2400 manat təşkil etmişdir. Beləliklə, iddiaçının cavabdehlərlə şərikli fəaliyyəti ilə əlaqədar çəkdiyi xərclərin tərkib hissəsi yuxarıda göstərilənlərdən ibarət olmuşdur. 2023-cü ilin sentyabr ayının əvvəllərində iddiaçının cavabdehlərlə şərikli fəaliyyəti pozulmuşdur. Bunun səbəbləri iddiaçının həmin fəaliyyətlə əlaqədar yaranmış xərcləri ödəyə bilməməsi, cavabdehlərin şərikli heyvandarlıq fəaliyyətindən əldə etdikləri gəlir və ya məhsuldan iddiaçıya verməmələri, beləliklə də, cavabdehlərin üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri, iddiaçının çəkdiyi xərcləri sığortalamaq məqsədilə cavabdehlərə notarial qaydada təsdiq ediləcək borc müqaviləsinin bağlanması barədə etdiyi təklifdən cavabdehlərin imtina etmələri və cavabdehlərin iddiaçıya şərikli fəaliyyətə son qoyduqlarını bildirməsi olmuşdur. Buna görə də iddiaçı cavabdehlərdən özünün pul vəsaiti hesabına alınmış heyvanları və şərikli fəaliyyətə çəkdiyi digər xərcləri qaytarmalarını tələb etmiş, cavabdehlər isə bu tələbə əməl etməmiş, ümumiyyətlə iddiaçının onlarla şərikli heyvandarlıq fəaliyyətinə xərc çəkməsini etiraf etməmişlər. İddiaçı cavabdehlərlə şərikli heyvandarlıq fəaliyyətinə çəkdiyi xərclərə dair sübut əldə etmək məqsədilə özünün istifadəsində olan mobil nömrədən Elmanın istifadəsində olan mobil nömrəyə zəng etmiş, həmin danışıqlarda Elman özünü bank işçisi kimi təqdim etmiş şəxsə iş üzrə çəkilmiş xərclərlə bağlı yuxarıda göstərilən məzmunda etirafedici sözlər demişdir. Həmin danışıqlarda iddiaçı da Elmana açıq-aşkar aydın olmuş şəraitdə iştirak etmişdir. Bu danışıqlardan sonra iddiaçı ilə Elmin arasında “Sübut1” adlı faylda qeydə alınmış danışıqlar baş vermişdir. Əvvəlki məhkəmə iclaslarında verdikləri izahatlarının iddiaçının 23 yanvar 2024-cü il tarixli məhkəmə iclasında yazılı və şifahi qaydada verdiyi izahatı ilə ziddiyyət təşkil edən hissələrini təsdiq etmirlər. Göstərdiklərinə əsasən iddia tələbinin təmin edilməsini xahiş edirlər. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi Nümayəndə2 (bundan sonra cavabdehlərin nümayəndəsi) verdiyi izahatında göstərmişdir ki, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi video yazılarda Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Cavabdeh1 (bundan sonra - Elman) istifadəsində olan fermada olması əks olunmuş inəklər və buzovlar iddiaçıya məxsus olmamış və ya sonuncunun pul vəsaiti hesabına alınmamışdır. Elman həmin heyvanların bir hissəsini öz şəxsi pul vəsaiti, bir hissəsini isə 31 may 2023-cü il tarixdə "xxxx" ASC ilə bağladığı kredit müqaviləsinə əsasən avadanlıq alınması və digər investisiya xərcləri məqsədilə bankdan kreditlə aldığı 13000 manat məbləğində pul vəsaiti hesabına almışdır. Bundan sonra 2023-cü ilin iyun ayında Bakı şəhərində Elman, qardaşı Cavabdeh2 (bundan sonra - Elmin) və sonuncunun tanışı, Almaniya Federativ Respublikasında yaşayan X4 (bundan sonra - Müşfiq) görüşərkən onlar Müşfiqin təklifi ilə, sonuncunun vəsaiti hesabına alınacaq bir neçə baş mal-qaranın Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Elmanın istifadəsində olan fermada sonuncu tərəfindən saxlanacağı, həmin fermanın zəruri təmir xərclərinin Müşfiq tərəfindən çəkiləcəyi, cavabdehlərin əldə ediləcək gəlirin müəyyən hissəsini Müşfiqə verəcəkləri, beləliklə də şərikli heyvandarlıq fəaliyyəti ilə məşğul olacaqları barədə razılaşmışlar. İddiaçı həmin razılaşmada iştirak etməsə də, sonradan kart hesabından, əslində Müşfiqə məxsus olmuş cəmi 5680 manat məbləğində pul vəsaitini ayrı-ayrı vaxtlarda Elmanın kart hesabına göndərmişdir. Müşfiq Şamaxı rayonunda yerləşən mal bazarından həmin pul vəsaiti hesabına 1700 manata bir baş inək və 550 manata bir baş at alıb Elmana fermasında saxlaması üçün vermişdir. Sonradan həmin inək xəstəlikdən ölmüş, balası isə hazırda da Elmanın istifadəsində olan fermadadır. Hazırda Elman həmin atı və ölmüş inəyin balasını Müşfiqə qaytarmağa hazırdır. Həmin inəyin ölməsindən Müşfiq və iddiaçı da məlumatlı olmuşlar. Müşfiq onun göstərdiyindən başqa mal-qaranı alıb cavabdehlərə təhvil verməmişdir. Elman Müşfiqin verdiyi pulun 2300 manat hissəsini isə sonuncunun tapşırığı ilə istifadəsində olan fermanın təmirinə xərcləmişdir. İddiaçı isə cavabdehlərə özünə məxsus pul verməmişdir. Göstərdiyi səbəblərdən iddiaçının cavabdehlərə qarşı hazırki məzmunda iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Elman Müşfiqin verdiyi 5680 manat məbləğində pulun ölmüş inəyin dəyərini təşkil edən 1700 manat hissəsi istisna olmaqla, qalan hissəsini iddiaçıya deyil, Müşfiqə qaytarmağa hazırdır. İddiaçının nümayəndəsi tərəfindən Elmanın adından məhkəməyə təqdim edilmiş izahat sonuncuya məxsusdur. Həmin izahatı Elman iddiaçının nümayəndəsinə vermişdir. İddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi “1-hisse Elman A”, “2-hisse Elman A” və “3-hisse Elman A” adlı fayllardakı səs yazılarında danışan şəxslər iddiaçı, Elman və sonuncuya özünü bank əməkdaşı kimi təqdim etmiş digər şəxsdir. Həmin danışıqlar iddiaçının telefonundan Elmanın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edilməsi nəticəsində baş vermişdir. Danışıqların aparılmasından əvvəl iddiaçı Elmana heyvandarlıq fəaliyyəti ilə əlaqədar çəkiləcək xərcləri maliyyələşdirilməsi üçün bankdan kreditlə pul almasına ehtiyac olduğunu bildirmiş, Elmandan buna nail olmaq məqsədilə onunla telefon vasitəsilə danışdıracağı bank əməkdaşına guya şərikli heyvandarlıq təsərrüfatı yaratmaları barədə yalan məlumatlar verməsini xahiş etmiş, bu səbəblərdən Elman iddiaçının da iştirak etdiyi telefon danışıqları zamanı özünü bank əməkdaşı kimi təqdim etmiş şəxsə guya iddiaçı ilə şərikli heyvandarlıq təsərrüfatı yaratdıqlarını, bu fəaliyyətlə əlaqədar müəyyən məbləğdə pul vəsaitlərinin xərcləndiyini göstərmişdir. Bu hərəkəti ilə iddiaçı Elmanı aldatmışdır. Göstərdiklərinə əsasən həmin səs yazılarının iş üzrə sübut kimi qiymətləndirilməməsini və iddia tələbinin təmin edilməməsini xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı, onun nümayəndəsi və cavabdehlərin nümayəndələri iş üzrə məhkəmə iclaslarının cavabdehlərin iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə göstərilən halları və cavabdehlərin nümayəndə ilə təmsil edilməsini nəzərə alaraq, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 iddiaçının nümayəndəsinə verdiyi, sonuncu tərəfindən məhkəməyə təqdim edilmiş yazılı izahatında nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından fərqli olaraq, Şamaxı rayonunda yerləşən fermasında saxladığı iri buynuzlu heyvanları 2023-cü ilin iyun ayında X4 və qardaşı Elminlə şərikli heyvandarlıq fəaliyyəti ilə məşğul olmaları barədə razılıq əldə etməmişdən əvvəl deyil, sonra aldığını, Müşfiq Quliyevdən 6000 manat məbləğində pulu kartına köçürülmə qaydasında deyil, əlbəəl qaydada aldığını göstərmişdir. Məhkəmə ilkin olaraq, hazırki işin məhkəmə aidiyyəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə uyğun olaraq, “Elektron Məhkəmə Portalı”ndan əldə edilmiş məlumatlara əsasən cavabdehlər vergi ödəyicisi kimi qeydiyyata alındıqlarına görə fərdi sahibkar statusuna malik olmayan fiziki şəxs, yəni sahibkarlıq subyekti olsalar da, iddiaçının vergi ödəyicisi kimi qeydiyyata alınmamasına görə sahibkarlıq subyekti hesab edilməməsi səbəbindən hazırki işə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası MPM-in: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddia tələbinin göstərilən mülki-prosessual qanunvericilik normalarının tələblərinə uyğun şəkildə, qanuni və əsaslı həll edilməsi məqsədilə iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olub-olmaması, iş üzrə hansı faktiki halların müəyyən edilməsi və onlara tətbiq edilməli olan mülki qanunvericilik normaları ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə ilkin olaraq, iddiaçının 416973******1320 və 523915******9756 nömrəli kart hesablarına dair "xxxx" ASC tərəfindən verilmiş çıxarışlar və cavabdehlərin nümayəndəsinin etirafı əsasında Cavabdeh1 416974******1929 nömrəli kart hesabına iddiaçının 416973******1320 nömrəli kart hesabından 11 iyul 2023-cü il tarixdə 1800 manat və 19 iyul 2023-cü il tarixdə 60 manat, 523915******9756 nömrəli kart hesabından 11 iyul 2023-cü il tarixdə 1200 manat, 27 iyul 2023-cü il tarixdə 1000 manat, 28 iyul 2023-cü il tarixdə 500 manat, 02 avqust 2023-cü il tarixdə 700 manat, 01 sentyabr 2023-cü il tarixdə 420 manat olmaqla, cəmi 5680 manat məbləğində pulun göndərilməsini işin tərəflərin mübahisələndirmədikləri və ya mübahisəsiz halları kimi müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özüözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birilərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı Azərbaycan Respublikası MPM-in 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə əsaslanaraq, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş, iddiaçı, Cavabdeh1 və sonuncuya özünü bank işçisi kimi təqdim etmiş şəxs arasında, iddiaçının mobil nömrəsindən Cavabdeh1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edilməsi nəticəsində baş vermiş telefon danışığı zamanı “1-hisse Elman A”, “2-hisse Elman A” və “3-hisse Elman A” adlı fayllarda qeydə alınmış səs yazılarını, eləcə də iddiaçı və Cavabdeh2 arasında baş vermiş telefon danışığı zamanı “Sübut1” adlı faylda qeydə alınmış səs yazısını iş üzrə birbaşa əlaqəli olan tərəflər arasında baş verməsinə görə sübut kimi qiymətləndirir. Məhkəmə eyni zamanda, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş, “İnekler” və “Buzovlar” adlı fayllardakı video yazıları Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Cavabdeh1 istifadəsində olan fermada çəkilməsi barədə cavabdehlərin nümayəndəsinin məhkəmə iclasındakı izahatında bildirdiyi etirafı əsasında iş üzrə sübut kimi qiymətləndirir. “1-hisse Elman A”, “2-hisse Elman A” və “3-hisse Elman A” adlı fayllarda qeydə alınmış səs yazılarından görünür ki, telefon danışıqları zamanı Cavabdeh1 özünü bank işçisi kimi təqdim etmiş şəxsə onun iddiaçı ilə əlaqəli olduğu heyvandarlıq təsərrüfatını idarə etdiyini, həmin təsərrüfatda olan 12 baş yanıbalalı inəklərin hər 1 başının 2000 manat olmaqla, cəmi 24000 manat məbləğində pula alındığını, həmin heyvanlar üçün ot və digər yemlərin alınmasına 7000 manat məbləğində və heyvanların saxlandığı fermada aparılan təmir işlərinə 2000 manatdan çox pul vəsaitinin xərcləndiyini, hələlik xərclər çıxılmaqla təsərrüfatdan gəlir əldə edilmədiyinə görə iddiaçı tərəfindən ona 500 manat məbləğində pulun əmək haqqı kimi verildiyini, heyvanlara qulluq göstərilməsi üçün fermada lazımi şəraitin yaradıldığını bildirmiş, həmin danışıqlarda iddiaçı da iştirak etmişdir. “Sübut1” adlı faylda qeydə alınmış səs yazısından görünür ki, telefon danışığı zamanı Cavabdeh2 iddiaçıya özünün və digər Cavabdeh1 da əlaqəli olduqları heyvandarlıq təsərrüfatından xərclər çıxılmaqla gəlir əldə etməyin mümkün olmadığını, nəticədə sonuncunun bankdan götürdüyü krediti ödəyə bilmədiyini, buna görə də iddiaçı və dayısı X3 öz hesablarına Cavabdeh1 istifadəsində olan və iddiaçının yeni əldə etdiyi fermaları təmir etməzlərsə, eləcə də şərikli heyvandarlıq təsərrüfatını artırmazlarsa, onun və Cavabdeh1 artıq sərf etmədiyinə görə şərikli fəaliyyətdən ayrılacaqlarını, sonuncunun bankdan kreditlə götürdüyü pul hesabına aldığı 6-7 baş mal-qaranı, onun da alacağı 3-4 baş mal-qaranı Cavabdeh1 istifadəsində olan fermada saxlayacaqlarını, iddiaçı isə Cavabdeh2 cavabında sonuncu və Cavabdeh1la şərikli heyvandarlıq fəaliyyətinə müəyyən məbləğdə pul xərclədiyinə, bir neçə banklara kredit borcu olduğuna və nağd pulu olmadığına görə sonuncunun istifadəsində olan və özünün yeni əldə etdiyi fermaların təmirinin yekunlaşdırılması və şərikli heyvandarlıq fəaliyyətinin artırılması ilə bağlı xərcləri bankdan kreditlə alacağı pul hesabına çəkməyi planlaşdırdığını, bununla əlaqədar banka müraciət edəcəyini, həmin xərclərlə bağlı dayısı X3 ona maddi yardım etməyəcəyini bildirmişlər. “İnekler” və “Buzovlar” adlı fayllardakı video yazılarda isə Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Cavabdeh1 istifadəsində olan fermada 12 baş buzov və bir neçə baş inəyin olması əks olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. - 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Məhkəmə iddiaçı, onun nümayəndəsi və cavabdehlərin nümayəndəsinin məhkəmə iclaslarında verdikləri izahatları, iş materiallarında olan, video yazılar, iddiaçı ilə cavabdehlər arasında baş vermiş telefon danışıqlarına dair səs yazıları və göstərilən mülki qanunvericilik normaları əsasında işin cavabdehlərin nümayəndəsi tərəfindən iddiaçının cavabdehlərə qarşı hazırki məzmunda iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmaması və digər əsaslar üzrə mübahisələndirilmiş faktiki halları ilə bağlı müəyyən etmişdir ki,: - iddiaçı və cavabdehlər 2023-cü ilin iyun ayında iddiaçının pul vəsaiti hesabına bir neçə baş yanıbalalı inəyin alınması, həmin heyvanların Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Cavabdeh1 istifadəsində olan fermada saxlanacağı, həmin fermanın zəruri təmir xərclərinin iddiaçı tərəfindən çəkiləcəyi, fermada heyvanların saxlanması, onlara qulluq edilməsi ilə bağlı bütün işlərin Cavabdeh1 tərəfindən ediləcəyi, cavabdehlərin 2023-cü ilin avqust ayından başlayaraq hər ay ətlik heyvanların satışından əlavə, südlük heyvanlardan sağılacaq südün satışından əldə edəcəkləri pulun müəyyən hissəsini iddiaçıya verəcəkləri, qalan hissəsini isə özlərinə götürəcəkləri, bu fəaliyyətlə əlaqədar bütün xərclərin iddiaçı tərəfindən çəkiləcəyi, sonradan isə heyvandarlıq fəaliyyətini artırmaq, daha çox gəlir əldə etmək məqsədilə iddiaçının Şamaxı rayonu, Günəşli kəndi ərazisində yeni ferma alacağı və avqust ayından başlayaraq iddiaçının Cavabdeh1, həmçinin çoban pulu kimi müəyyən məbləğdə pul verəcəyi barədə şifahi qaydada razılaşmış, yəni müqavilə bağlamışlar. X4 tərəflər arasında olmuş həmin razılaşmaların tərəfi olmamışdır. - İddiaçı cavabdehlərə həmin müqavilə şərtləri ilə əlaqədar çəkiləcək xərclərə görə 17 iyun 2023-cü il tarixdə 17000 manat, 06 iyul 2023-cü il tarixdə 4500 manat olmaqla, cəmi 21500 manat məbləğində pulu hər hansı sənəd tərtib edilmədən nağd qaydada vermiş, özünün kart hesabından Cavabdeh1 kart hesabına 11 iyul 2023-cü il tarixdə 1200 manat və 1800 manat, 27 iyul 2023-cü il tarixdə 1000 manat, 28 iyul 2023-cü il tarixdə 500 manat və 01 sentyabr 2023-cü il tarixdə 70 manat olmaqla, cəmi 4570 manat məbləğində pul göndərmişdir. - Cavabdehlər həmin müqavilə şərtləri ilə əlaqədar iddiaçının onlara nağd qaydada verdiyi cəmi 21500 manat və Cavabdeh1 kart hesabına göndərdiyi cəmi 4570 manat məbləğində pul vəsaitləri hesabına cəmi 12 baş yanıbalalı inəklər almış, həmin inəklərin saxlanması üçün 7000 manat dəyərində ot və digər yemlər almış, Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, sonuncunun istifadəsində olan fermada müxtəlif təmir işlərinə 2300 manat məbləğində pul xərcləmişlər. Buna görə də iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi video yazılarda həmin fermada olması əks olunmuş inəklər və buzovlar cavabdehlər tərəfindən iddiaçının verdiyi pul vəsaiti hesabına alınmış heyvanlardır. Sonradan həmin inəklərdən dəyəri 1700 manat təşkil edən bir başı xəstəlikdən ölmüşdür. Cavabdehlərin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin video yazılardakı inəklər və buzovların Cavabdeh1 tərəfindən şəxsi pul vəsaiti və 31 may 2023cü il tarixdə bankdan kreditlə alınmış 13000 manat məbləğində pul vəsaiti hesabına əldə edildiyini, bu halların 2023-cü ilin iyun ayında cavabdehlərlə X4 arasında şərikli heyvandarlıq təsərrüfatının yaradılması barədə razılığın əldə edilməsindən əvvəl baş verdiyini göstərsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, nəticədə etirazının əsası kimi istinad etdiyi həmin halları sübut edə bilməmişdir. - İddiaçı özünün kart hesabından Cavabdeh1 kart hesabına 19 iyul 2023-cü il tarixdə 60 manat məbləğində pulu sonuncunun ərzaq məhsulları almasına, 02 avqust 2023 və 01 sentyabr 2023-cü il tarixlərdə müvafiq olaraq 700 manat və 350 manat məbləğində pulu isə sonrakı razılaşmaya əsasən Cavabdeh1 təsərrüfatda çobanlıq etməsinə görə göndərmişdir. Bu hallar özü-özlüyündə iddiaçının həmin pul məbləğlərini Cavabdeh1 şərikli heyvandarlıq fəaliyyəti ilə əlaqədar tələb olunmuş xərcləri ödəməsi səbəbindən deyil, həmin təsərrüfatda yaşaması və heyvanlara qulluq göstərməsi səbəbindən göndərməsi, buna görə də iddia tələbinin iddiaçının çəkməsini göstərdiyi həmin xərclərə aid olan hissədə təmin edilməməsi barədə nəticəyə gəlməyə əsas verir. - İddiaçı həmin müqavilə şərtlərinə əməl etsə də, cavabdehlər iddiaçıya şərikli heyvandarlıq fəaliyyətindən əldə etdikləri gəlir və ya məhsuldan verməməklə, eləcə də bu səbəbdən iddiaçının öz vəsaiti hesabına alınmış heyvanların özünə qaytarılması barədə tələbinə əməl etməməklə müqavilə öhdəliklərini pozmuşlar. Məhkəmə hesab edir ki, məhkəmənin iş üzrə müəyyən etdiyi yuxarıda göstərilmiş hallar cavabdehlərin nümayəndəsinin iddiaçının cavabdehlərə qarşı hazırki məzmunda iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmaması barədə verdiyi etirazın əsassız olması barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə bu nəticəyə gələrkən, həmçinin cavabdehlərin və onlarının nümayəndəsinin şərikli heyvandarlıq fəaliyyəti ilə bağlı cavabdehlərlə X4 arasında razılaşmanın əldə edilməsi, bu istiqamətdə müəyyən işlərin görülməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməməsini də nəzərə alır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərlə şərikli heyvandarlıq təsərrüfatının artırılması məqsədilə sonuncularla şifahi qaydada əldə etdiyi razılığa uyğun olaraq, iş materiallarında olan, notarial qaydada təsdiq edilmiş 27 iyul 2023-cü il tarixli beh müqaviləsi əsasında özünün Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən yeni fermanı gələcəkdə 8000 manat məbləğində pula alacağı barədə razılaşdığı beh alana 1000 manat məbləğində pulu beh kimi verməsi, həmçinin, üzərinə pulun qalan 7000 manat hissəsini 31 yanvar 2024-cü il tarixədək ödəmək öhdəliyini götürməsi, eləcə də həmin müqavilənin notarial qaydada təsdiq edilməsinə görə dövlət rüsumu kimi 115 manat məbləğində pul ödəməsi müəyyən edildiyinə görə çəkdiyi və çəkəcəyi həmin xərclərlə əlaqədar cavabdehlərdən cəmi 8115 manat məbləğində pulun cavabdehlərdən alınıb ona ödənilməli olduğunu iddia etsə də, həmin fermanı gələcəkdə beh alana 7000 manat məbləğində pul ödəməklə öz mülkiyyəti kimi əldə edəcəyinə görə iddia tələbi iddiaçının çəkməsini göstərdiyi həmin xərclərə aid olan hissədə təmin edilməməlidir. İddiaçı həmin fermada müxtəlif təmir işlərinin görülməsinə xərclədiyi cəmi 8670 manat məbləğində pulun cavabdehlərdən alınıb ona ödənilməli olduğunu iddia etsə də, məhkəməyə həmin xərclərə dair mötəbər sübut təqdim etmədiyinə, təqdim etdiyi qəbzlərdə isə tikinti materiallarının kim tərəfindən alınması göstərilmədiyinə, digər tərəfdən, məhkəmə iclasında verdiyi izahatında həmin xərcləri mülkiyyəti kimi əldə edəcəyi yeni fermanın istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün şəxsən çəkdiyini göstərdiyinə görə iddia tələbi iddiaçının çəkməsini göstərdiyi həmin xərclərə aid olan hissədə təmin edilməməlidir. İddiaçı cavabdehlərlə şərikli heyvandarlıq fəaliyyəti ilə əlaqədar işlərin görülməsi üçün Bakı şəhərindən Şamaxı rayonuna gedib-gəlməsi, müxtəlif yüklərin daşınması üçün nəqliyyat və logistika xərclərinə görə çəkdiyi cəmi 2400 manat məbləğində pulun cavabdehlərdən alınıb ona ödənilməli olduğunu iddia etsə də, məhkəməyə həmin xərclərə dair mötəbər sübut təqdim etmədiyinə, digər tərəfdən, tərəflər arasında olmuş razılaşmada cavabdehlərin iddiaçının çəkdiyi nəqliyyat və logistika xərclərinə görə məsuliyyət daşıması nəzərdə tutulmadığına görə iddia tələbi iddiaçının çəkməsini göstərdiyi həmin xərclərə aid olan hissədə də təmin edilməməlidir. Cavabdeh1 yuxarıda göstərilən səs yazılarında iddiaçı ilə şərikli heyvandarlıq fəaliyyəti ilə bağlı 12 baş yanıbalalı inəklərin alınmasına görə 24000 manat və həmin heyvanlar üçün ot və digər yemlərin alınmasına görə 7000 manat məbləğində, həmçinin heyvanların saxlandığı fermanın təmir edilməsinə görə 2000 manatdan çox pulun xərcləndiyini bildirsə də, məhkəmə Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə uyğun olaraq, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı olmasına görə iddiaçının 23 yanvar 2024-cü il tarixli məhkəmə iclasında yazılı və şifahi qaydada verdiyi izahatlarında cavabdehlərə şərikli heyvandarlıq fəaliyyəti ilə əlaqədar 17 iyun 2023-cü il tarixdə 17000 manat və 06 iyul 2023-cü il tarixdə 4500 manat olmaqla, cəmi 21500 manat məbləğində pulu nağd qaydada verməsi, özünün kart hesabından Cavabdeh1 kart hesabına 11 iyul 2023-cü il tarixdə 1200 manat və 1800 manat, 27 iyul 2023-cü il tarixdə 1000 manat, 28 iyul 2023-cü il tarixdə 500 manat və 01 sentyabr 2023-cü il tarixdə 70 manat olmaqla, cəmi 4570 manat məbləğində pul göndərməsini göstərməsi əsasında yuxarıda iddiaçının cavabdehlərə şərikli heyvandarlıq fəaliyyəti ilə əlaqədar çəkiləcək xərclərə görə ümumilikdə 26070 manat məbləğində pul verdiyini müəyyən etmişdir. Buna görə də Cavabdeh1 göstərilən səs yazılarında iddiaçı ilə əlaqəli olduğu heyvandarlıq təsərrüfatına çəkilən xərclərlə bağlı etdiyi etirafı iddiaçının 23 yanvar 2024-cü il tarixli məhkəmə iclasında yazılı və şifahi qaydada verdiyi izahatlarında cavabdehlərə şərikli heyvandarlıq fəaliyyəti ilə bağlı çəkiləcək xərclərə görə cəmi 26070 manat məbləğində pul verməsini göstərdiyi, yəni işin faktiki hallarına uyğun olan həcmdə nəzərə alınmalıdır. Çünki, əks yanaşma məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə yuxarıda göstərilən hüquqi mövqelərə, iş üzrə müəyyən etdiyi hallara və mülki qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iş materialları əsasında cavabdehlərin iddiaçıya şərikli heyvandarlıq fəaliyyətindən əldə etdikləri gəlir və ya məhsuldan verməməklə, eləcə də bu səbəbdən iddiaçının öz vəsaiti hesabına alınmış heyvanların özünə qaytarılması barədə tələbinə əməl etməməklə müqavilə öhdəliklərini pozmaları, digər tərəfdən, iddiaçı və onun nümayəndəsinin məhkəmə iclaslarında təsdiq etdikləri kimi, cavabdehlərin iddiaçının verdiyi pul vəsaitləri hesabına aldıqları inəklərdən dəyəri 1700 manat təşkil etmiş bir başının sonradan xəstəlikdən ölməsi, 7000 manat dəyərində ot və digər yemlərin şərikli təsərrüfatdakı heyvanların saxlanmasına sərf edilməsi müəyyən edildiyinə görə iddia tələbi iddiaçının cavabdehlərə şərikli heyvandarlıq fəaliyyəti ilə bağlı çəkiləcək xərclərə görə verdiyi cəmi 26070 manat məbləğində puldan müvafiq olaraq ölmüş inək, alınmış ot və digər yemlərin dəyərini təşkil etmiş 1700 manat və 7000 manat olmaqla, cəmi 8700 manat məbləğində pulun çıxılmasından sonra qalan 17370 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya ödənilməli olması hissəsində, yəni qismən təmin edilməlidir. Məhkəmə cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya ödənilməli olan 17370 manat məbləğində pulun tərkib hissəsi olan, iddiaçının Şamaxı rayonu, Günəşli kəndi ərazisində yerləşən, Cavabdeh1 istifadəsində olan fermaya çəkməsini iddia etdiyi xərclərin cəmi dəyərini təşkil edən 2300 manat məbləğində pula münasibətdə də iddianı təmin edərkən, sonuncunun göstərilən səs yazılarında, iddiaçının nümayəndəsinə təqdim etdiyi yazılı müraciətində və cavabdehlərin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında həmin fermaya göstərilən məbləğdə xərc çəkilməsini etiraf etmələri ilə yanaşı, cavabdehlərin müqavilə öhdəliklərini göstərilən qaydada pozmaları və həmin fermanın Cavabdeh1 istifadəsində olmasına görə yaxşılaşdırılmasından ibarət nəticənin hazırda sonuncunun ixtiyarında qalmasını da nəzərə alır. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 17370,00 manat məbləğində pul müştərək qaydada alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-82/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-82/2024
05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver