Məhkəmə qərarları › İş №2(064)-836/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-836/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-836/2023 22.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş borca görə 5000 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat olmaqla, cəmi 5070 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, məhkəmənin hazırlıq iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehə aralarında yazılı qaydada bağlanmış 22 may 2022-ci il tarixli borc müqaviləsinə əsasən bir ay müddətinə qaytarmaq şərtilə 5000 manat məbləğində pulu borc vermişdir. Cavabdeh ona borcunu qaytaracağı barədə dəfələrlə söz versə də, qaytarmamaqla öhdəliyinə əməl etməmişdir. Beləliklə, cavabdehin iddiaçıya olan borcu cəmi 5000 manat təşkil edir. Bundan başqa, cavabdeh 2022-ci ilin fevral ayından may ayına kimi onun Beyləqan rayonu ərazisində yerləşən mağazasında ondan yazılı deyil, şifahi qaydada əldə etdikləri razılıq əsasında, hər hansı şəxsin iştirakı olmadan təxminən cəmi 2000 manat dəyərində 3 ədəd mobil telefon və müxtəlif adda məhsullar almış, ona bunların dəyərini ödəyə bilmədiyinə görə 2022-ci ilin may ayının sonunda plastik əmək haqqı kartını və məxfi kodunu vermişdir. Buna görə də o, həmin vaxtdan 2023-cü ilin fevral ayına kimi cavabdehin plastik əmək haqqı kartının hesabına köçürülmüş pul məbləğlərini bankomatdan çıxardıqdan sonra cəmi 1700 manat hissəsini sonuncunun ona 2000 manat məbləğində olan borcunun ödənilməsinə görə özünə götürmüş, qalan hissələrini isə cavabdehə vermişdir. Bu səbəbdən cavabdeh 22 may 2022-ci il tarixdə ondan borc aldığı 5000 manat məbləğində puldan ona hər hansı məbləğdə pul qaytarmamışdır. 2023-cü ilin mart ayının əvvəlində “WhatsApp” proqramı vasitəsilə cavabdehlə mesajlaşarkən sonuncu ondan nə qədər borclu olduğunu soruşmuş, cavabdehə cavabında ona 5000 manat məbləğində pul borcunun olduğunu göstərmiş, cavabdeh cavabında ona borcuna görə 1700 manat məbləğində pul ödədiyini əsassız olaraq göstərmiş, daha 2000 manat məbləğində pul ödəyəcəyinə vəd vermişdir. Lakin o, cavabdehin yazdıqları ilə razılaşmamış, cavabdehdən ona 5000 manat məbləğində pul ödəməli olduğunu tələb etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçı verdiyi ərizəsində onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdeh verdiyi izahatında və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində göstərmişdir ki, iş materiallarında olan 22 may 2022-ci il tarixli borc müqaviləsində adı qarşısında və müqavilənin sonundakı imzaları, eləcə də müqavilənin sonundakı əlyazma yazıları şəxsən icra etsə də və həmin müqavilədə 22 may 2022-ci il tarixdə iddiaçının ona 5000 manat məbləğində pulu borc verdiyi göstərilsə də, əslində göstərilən tarixdə iddiaçı ona 1700 manat məbləğində pulu 900 manat məbləğində faizi ilə birlikdə qaytarması şərtilə borc vermişdir. Belə olan halda həmin müqaviləyə imza etməsinin səbəbini iddiaçıdan borc pul almağa nail olmaq istəməsi və iddiaçının ona cəmi 2600 manat məbləğində borcunu qaytararsa, həmin müqaviləyə xitam verəcəyini vəd etməsi ilə izah edir. O, 22 may 2022-ci il tarixdə iddiaçıya borcunu qaytaracağına zəmanət yaratmaq məqsədilə plastik əmək haqqı kartını və məxfi kodunu vermişdir. Bu səbəbdən iddiaçı 2022-ci ilin may ayının sonundan 2023-cü ilin fevral ayına kimi onun plastik əmək haqqı kartının hesabına köçürülmüş pul məbləğlərini bankomatdan çıxardıqdan sonra hər ay təxminən 250-400 manat olmaqla, cəmi 2600 manat hissəsini onun borcunun ödənilməsinə görə özünə götürmüş, qalan hissələrini isə ona vermişdir. Buna görə də 22 may 2022-ci il tarixdə iddiaçıdan borc aldığı pul məbləğini sonuncuya tam həcmdə qaytardığını hesab edir. 2023-cü ilin mart ayının əvvəlində “WhatsApp” proqramı vasitəsilə iddiaçı ilə mesajlaşarkən sonuncudan nə qədər borclu olduğunu soruşmuş, iddiaçı cavabında ona 5000 manat məbləğində pul borcunun olduğunu demiş, iddiaçıya cavabında 1700 manat məbləğində pul borcunu ödədiyini deyib daha 2000 manat məbləğində pul ödəyəcəyinə vəd vermişdir. Lakin iddiaçı onunla razılaşmamış, ondan 5000 manat məbləğində pul ödəməli olduğunu tələb etmişdir. Hazırki izahatında 22 may 2022-ci il tarixli borc müqaviləsi üzrə iddiaçıya 2022-ci ilin may ayının sonundan 2023-cü ilin fevral ayına kimi borclu qaldığı cəmi 2600 manat məbləğində pulu tamamilə ödədiyini göstərdiyi halda, 2023-cü ilin mart ayının əvvəlində “WhatsApp” proqramı vasitəsilə iddiaçı ilə mesajlaşarkən iddiaçıya borclu qaldığı daha 2000 manat məbləğində pulu ödəyəcəyinə vəd verməsinin səbəbini izah edə bilmir. İddiaçının izahatında onun 2022-ci ilin fevral ayından may ayına kimi iddiaçıdan cəmi 2000 manat dəyərində 3 ədəd mobil telefon və ona aid olan müxtəlif adda məhsullar almasını göstərməsi əsassızdır. Belə hal baş verməyib. 22 may 2022-ci il tarixdən əvvəl iddiaçıdan hər hansı məhsulu nisyə qaydada almamış, buna görə də iddiaçıya borcu olmamışdır. Məhkəmənin hazırlıq iclasında cavabdeh verdiyi ərizəsində onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və iddia tələbinin təmin edilməməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə göstərilən prosessual qanunvericilik normaları, iş materiallarında olan, iddiaçı ilə cavabdeh arasında bağlanmış 22 may 2022-ci il tarixli borc müqaviləsi, iddiaçının mobil telefonunun “WhatsApp” proqramının cavabdehə aid olan səhifəsindən məhkəməyə təqdim etdiyi fotoşəkildə əksini tapmış mesajların məzmunu, iddiaçı və cavabdehin məhkəmənin hazırlıq iclasında verdikləri izahatlar, məhkəməyə təqdim etdikləri yazılı ərizələr və həmin izahatlarında göstərilən mesajları 2023-cü ilin mart ayının əvvəllərində bir-birinə yazdıqlarını etiraf etmələrinə əsaslanmaqla qeyd edir ki,: - cavabdehin məhkəmənin hazırlıq iclasında verdiyi izahatı və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində 22 may 2022-ci il tarixdə iddiaçıdan 1700 manat məbləğində pulu 900 manat məbləğində faizi ilə birlikdə qaytarmaq şərtilə borc aldığını göstərməklə iddia tələbinə etiraz etməsinə baxmayaraq, cavabdehin məhkəməyə buna dair sübut təqdim etməməsinə, əksinə, iş materiallarında olan 22 may 2022-ci il tarixli borc müqaviləsində cavabdehin iddiaçıdan bir ay müddətində qaytarmaq şərtilə 5000 manat məbləğində pulu borc almasının göstərilməsinə, cavabdehin məhkəmənin hazırlıq iclasında verdiyi izahatı və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində etiraf etdiyi kimi, həmin müqavilədə adı qarşısından və müqavilənin sonundan şəxsən imzalar etməsinə, eləcə də müqavilənin sonundan “Mən Cavabdeh yazılanları oxudum. Doğruluğunu və Ramizlidən beş min manat borc aldığımı imzamla təsdiq edirəm” məzmununda şəxsən qeyd yazmasına görə həmin tarixdə cavabdehin iddiaçıdan 5000 manat məbləğində pulu borc aldığı, - məhkəmənin hazırlıq iclasında verdikləri izahatları və məhkəməyə təqdim etdikləri yazılı ərizələrində iddiaçının cavabdehin 22 may 2022-ci il tarixli müqavilə üzrə ona hər hansı məbləğdə pul ödəmədiyini, 2022-ci ilin may ayının sonundan 2023-cü ilin fevral ayına kimi onda olmuş cavabdehin plastik əmək haqqı kartının hesabından şəxsən çıxardığı cəmi 1700 manat məbləğində pulu cavabdehin həmin müqavilədən əvvəl ona yaranmış 2000 manat məbləğində pul borcuna görə özünə götürdüyünü, cavabdehin isə 2022-ci ilin may ayının sonundan 2023-cü ilin fevral ayına kimi iddiaçının özündə saxladığı, ona məxsus plastik əmək haqqı kartının hesabından çıxardığı pul məbləğlərinin cəmi 2600 manat hissəsini 22 may 2022-ci il tarixli müqavilə üzrə onun borcunun ödənilməsinə görə özünə götürdüyünü, buna görə də iddiaçıya borclu qalmadığını göstərmələrinə baxmayaraq, iddiaçının məhkəməyə cavabdehin 22 may 2022-ci il tarixli müqavilədən əvvəl ona pul borcunun olmasını təsdiq edən hər hansı sübutu təqdim etməməklə həmin halın baş verməsini sübut edə bilməməsi, cavabdehin isə izahatında bu halın baş vermədiyini göstərməsi, sonuncunun 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək plastik əmək haqqı kartının hesabına dair təqdim etdiyi çıxarışda yalnız həmin kartın hesabına köçürülmüş əmək haqqı məbləğlərinin bir hissəsinin bankomatlardan çıxarılması və digər hissəsinin isə cavabdehin kredit borclarının ödənilməsinə çıxılmasının göstərilməsi, cavabdehin iddiaçının 2022-ci ilin may ayının sonundan 2023-cü ilin fevral ayına kimi onun plastik əmək haqqı kartının hesabına köçürülmüş pul məbləğlərini bankomatdan çıxarmasından sonra hər ay təxminən 250-400 manat hissəsindən başqa qalan hissələrini ona verdiyini etiraf etməsi səbəbindən həmin çıxarışda bankomatlardan pul məbləğlərinin çıxarılmasının göstərilməsinin özüözülüyündə iddiaçının həmin məbləğləri cavabdehin 22 may 2022-ci il tarixli müqavilə üzrə ona olan borcunun ödənilməsi üçün tam həcmdə özünə götürməsi barədə nəticəyə gəlməyə əsas verməməsi, iddiaçının 2022-ci ilin may ayının sonundan 2023-cü ilin fevral ayına kimi cavabdehin plastik əmək haqqı kartının hesabına köçürülmüş pul məbləğlərini bankomatdan çıxardıqdan sonra cəmi 1700 manat hissəsini cavabdehin ona olan borcunun ödənilməsi üçün özünə götürməsini bildirməsi, iddiaçının mobil telefonunun “WhatsApp” proqramının cavabdehə aid olan səhifəsindən məhkəməyə təqdim etdiyi fotoşəkildə əksini tapmış mesajların məzmunundan cavabdehin iddiaçıya 22 may 2022-ci il tarixli borc müqaviləsi üzrə ödədiyi 1700 manat məbləğində puldan başqa, 2000 manat məbləğində pulu ödəyəcəyinə vəd verməsinin aydın şəkildə görünməsi və cavabdehin iddiaçıya həmin müqavilə üzrə borcunu tam şəkildə ödədiyi halda, göstərilən məzmunda mesaj yazmasının səbəbini izah edə bilməməsinə görə 22 may 2022-ci il tarixli müqavilə üzrə cavabdehin iddiaçıya olan borcunun 1700 manat hissəsini ödədiyi, qalan 3300 manat hissəsini isə ödəmədiyi, nəticədə 3300 manat məbləğində pul borclu qaldığı müəyyən edilir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 76.1, 76.2, 77.1, 88, 106.3-cü maddələrinə əsasən iş üzrə iddiaçının verdiyi iddia tələbi və cavabdehin ona etdiyi etirazla bağlı irəli sürdükləri dəlil və təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 22 may 2022-ci il tarixli müqavilə üzrə yaranmış borca görə 3300 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırkı iş üzrə məhkəmə xərci iddiaçının dövlət rüsumuna görə ödədiyi 70 manatdan ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia cavabdehdən 22 may 2022-ci il tarixli müqavilə üzrə yaranmış borca görə 3300 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməli olması hissəsində təmin edilməli olduğuna və işdə iştirak edən şəxslərə məhkəmə xərcləri ödənilmiş tələbin məbləğinə mütənasib qaydada aid edilməli olduğuna görə iddiaçının dövlət rüsumu üçün ödədiyi 70 manat məbləğində pulun 46,2 manatı (5000 manat: 3300 manat = 1,515; 70 manat:1,515 = 46,2 manat) cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 22 may 2022-ci il tarixli müqaviləsi üzrə yaranmış borca görə 3300 manat və ödənilmiş dövlət rüsumuna görə 46,2 manat olmaqla, cəmi 3346,2 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar