Məhkəmə qərarları › İş №2(064)-836/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-836/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-836/2024 29.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək Cavabdehdən borclu olduğu 3150 manat pulun və 3000 manat məbləğində mənəvi zərərin əvəzinin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı məlum köçlə bağlı 07 sentyabr 2023-cü il tarixdə ailəsi ilə birlikdə yeni Füzuli şəhəri köçmüşdür. Köçəndən bir az sonra tikintidə fəhlə kimi çalışan Cavabdeh İddiaçının azyaşlı qızı Rəvanə ilə gizli ünsiyyət quraraq anasının xəstə olmasını söyləmiş, onun ürəyi yumuşaq olmasından istifadə edərək 2023-cü ilin oktyabr noyabr dekabr aylarında, yəni müxtəlif vaxtlarda ümumilikdə 3150 manat borc almışdır. İddiaçı pulun yerində olmadığı üçün ailəsindən soruşanda, qızı məsələni danışıb. Bundan sonra Cavabdehlə danışıqlar aparsa da, böyük söz söhbətdən sonra pulu geri qaytarmaq fikirinin olmadığını başa düşüb. Cavabdehin sui istifadə edərək borc pul aldığını nəzərə alaraq xx.xx.2023-cü il tarixdə qızı Rəvanə ilə birlikdə Füzuli rayon Polis şöbəsinə rəsmi ərizə ilə müraciət ediblər. Araşdırma zamanı tərəflərdən izahatlar alındı. Hətta Cavabdeh izahatında da polis orqanını aldatmağa çalışsa da, bu mümkün olmamışdır. Belə ki, Füzuli rayon Polis şöbəsinin Təhqiqat bölməsinin 07 yanvar 2024-cü il il tarixli (cinayət işinin rədd edilməsi haqqında) Qərarında cavabdeh geri qaytarmaq şərti ilə guya 1145 manat pulun Rəvanədən aldığını qeyd etmişdir. Lakin araşdırmanın nəticəsində Cavabdeh 3150 manat vəsaiti Rəvanədən aldığı Qərarda müəyyən olunmuşdur. İddiaşı hal-hazırda 1-ci qrup əlil olmaqla ağır maddi vəziyyətdədir. Cavabdeh əlil arabasına məhkum olmuş bir şəxsin min bir zəhmət bahasına yığdığı pulu aldadıb aldığı üçün İddiaçı müalicəsini də davam etdirə bilmir. Odur ki, dəymiş mənəvi zərər də mütləq qiymətləndirilməlidir. Stres nəticəsində səhətində mütamadi yaranan nasazlıqlara görə ən azı 3000 manat mənəvi zərər ödənilməlidir (xəstəlik sənədləri əlavə olunur). İddiaçı Məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır . Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Füzuli Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilir ki: X2 izahatında göstərmişdir ki, Füzuli şəhərində qeydiyyatda olmaqla, hazırda həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 27 noyabr 2023-cü il tarixdə Füzuli rayonu, Horadiz şəhəri ərazisində Cavabdehlə tanış olmuş, bir müddət keçdikdən sonra sonuncu ona anasının xərçəng xəstəsi olmasını, ona görə də pul lazım olduğunu demiş, daha sonra o, müxtəlif vaxtlarda həm onlayn qaydada həmin şəxsin bank kartına, həm də onunla görüşərək əlbəəl ümumilikdə 3150 manat pulu borc şəklində vermişdir. Cavabdeh dəfələrlə ondan aldığı pulu qaytaracağını ona söyləsə də, müxtəlif bəhanələrlə ona olan borcunu qaytarmamışdır. Qeyd etmişdir ki, o, 3150 manat pulu yaşadığı evdən götürmüş və həmin pulu Cavabdeh heç bir psixoloji və fiziki zor təsiri altında olmadan, könüllü şəkildə vermişdir. İddiaçı izahatında göstərmişdir ki, Füzuli şəhərində qeydiyyatda olmaqla, hazırda həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı evin daxilində olan yataq otağında yerləşən taxtadan hazırlanmış sandığın içində 6800 manat pul olduğunu, lakin sonradan həmin sandığa baxdıqdan sonra orada 3400 manat pulun olmadığını görmüş, bundan sonra qızı Rəvanə Hüseynovadan bu barədə soruşduqda, sonuncu, həmin sandıqdan götürdüyü pulu heç bir psixoloji və fiziki zor tətbiq olunmadan, könüllü şəkildə Cavabdeh adlı şəxsə borc şəklində vermişdir. Cavabdeh izahatında göstərmişdir ki, Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla, hazırda həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2023-cü ilin noyabr ayının axırlarında işlədiyi Füzuli şəhəri ərazisində olarkən Rəvanə Hüseynova ilə tanış olmuş, sonradan müxtəlif vaxtlarda geri qaytaracağı adı ilə ondan 1145 manat borc pul almış, lakin qaytarmamışdır. Qeyd etmişdir ki. Rəvanə Hüseynovadan həmin 1145 manat pulu alarkən ona qarşı heç bir psixoloji və fiziki zor tətbiq etməmiş, sonuncu həmin pulu könüllü şəkildə ona vermişdir. İddia ərizəsinin 3150 manat məbləğində borcun əvəzinin ödənilməsi hissəsinə münasibətdə Məhkəmə hesab edir ki, Cavabdehdən cəmi 1145 manat pulun əvəzi tutulmalıdır. Belə ki, İddiaçı qızı – Rəvanə Hüseynovadan Cavabdehin 3150 manat məbləğində borc pul aldığını, müxtəlif bəhanələrlə borcu qaytarmadığını və hazırda həmin pulun əvəzini tələb etdiyini bildirsə də, iddia ərizəsinə bu halı təsdiqləyən sübut və faktlar əlavə etməmişdir. Məhkəmə tərəflərin Füzuli Rayon Polis Şöbəsinə verdiyi izahatları əsasında müəyyən edir ki, Cavabdeh tələb olunan 3150 manat məbləğin, yalnız 1145 manat hissəsini etiraf edir və həmin məbləğ X2 tərəfindən Cavabdehə heç bir psixoloji və fiziki zor tətbiqi olmadan – könüllü şəkildə verilmişdir. Həmçinin Məhkəmə müəyyən edir ki, İddiaçı Füzuli Rayon Polis Şöbəsinə verdiyi izahatında ona məxsus olan 6800 manat məbləğində pulu yaşadığı evdə yataq otağında yerləşən taxtadan hazırlanmış sandığın içində saxladığını və sonradan cəmi 3400 manat pulun əskik olduğunu bildirsə də, qızı X3 Rayon Polis Şöbəsinə verdiyi izahatında Cavabdehə həm onlayn qaydada bank kartına, həm də əlbə-əl cəmi 3150 manat borc pul verdiyini bildirmişdir. Məhkəmə bu halı X1 verdiyi ifadələr arasındakı ziddiyyət kimi qiymətləndirərək sonuncunun verdiyi izahatı tələbin əsaslandırılması üçün mötəbər sübut hesab etmir. İddia ərizəsinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə qeyd olunmalıdır ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, İddiaçının Cavabdehin hərəkətləri nəticəsində keçirtdiyi stress, məhkəmə işləri ilə bağlı vaxt sərfi, vəsait xərci ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə əsas verir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən və konkret işin hallarını nəzərə alaraq Məhkəmə hesab edir ki, Cavabdehdən İddiaçının xeyrinə 500 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 1145 manat məbləğində borc pulun və 500 manat məbləğində mənəvi ziyanın əvəzi Cavabdehdən tutularaq İddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Borc pulun əvəzi olaraq 1145 manat və mənəvi ziyanın əvəzi olaraq 500 manat, cəmi 1645 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar