Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-840/2025 18.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 6000 manat pul və 900 manat yola çəkilən xərc olmaqla, cəmi 6900 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağdam rayonu, Böyükbəyli kəndində yaşayır. 44 günlük Vətən Müharibəsi iştirakçısıdır, Qarabağ qazısıdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tanıyır, münasibəti yaxşı olmuşdur. Onlar qəssablıq fəaliyyəti ilə, o özü isə mal-qara alveri ilə məşğul olur. Cavabdeh1 2024-cü ilin noyabr ayında ondan 9000 manat dəyərində beş baş iribuynuzlu heyvan alıb. Cavabdeh həmin pulu heyvanları Bakı şəhərində kəsib sataraq verəcəyini öhdəsinə götürmüşdür. Həmin vaxt digər Cavabdeh2 da heyvanların pulunu birlikdə qaytaracaqlarını bildirmişdir. Sonradan cavabdehlərin özlərinin razılığı ilə aralarında olan alveri videoya çəkmişlər. Həmin video çəkilişdə cavabdehlərin ondan 9000 manat dəyərində iribuynuzlu heyvan almaları və ona 9000 manat ödəməli olmaları qeyd edilmişdir. Sonradan cavabdehlər ona 3000 manat pul qaytarıblar. Ancaq 6000 manatı qaytarmayıblar. Pulun alınması ilə bağlı 6 dəfə cavabdehlərin fəaliyyət göstərdiyi qəssabxanaya getmişdir. Hər dəfə o, 150 manata maşın tutub getmişdir. Cəmi 900 manat xərci çıxmışdır. O, Qarabağ müharibəsi veterandır, qazidir, səhhətində ciddi problemlər var. Hesab edir ki, cavabdehlər pulu qaytarmaq istəmirlər. Çıxış yolu qalmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, əlavə olaraq işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini qeyd edərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada iş üzrə cavabdehlərə məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Elvin onun dayısı oğludur. Əlizahiri Bakı şəhərində tanımışlar. İddiaçı tərəfindən cavabdeh Əlizahirə beş baş iribuynuzlu heyvan verilən zaman o da orada olmuşdur. Habil adlı şəxs isə həmin pulun ödənilməsi üçün zamin durmuşdur. İddiaçı həmin beş baş iribuynuzlu heyvanı cavabdehlərə vermiş, cavabdehlər də onun pulunu iddiaçıya qaytaracaqları barədə razılaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək iddiaçı tərəfindən cavabdehlərə beş baş iribuynuzlu heyvan verilən zaman orada olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi formada baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı yazılı formada ərizə verərək işə qiyabi baxılmasına razılığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materialları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -1 ədəd diskin yaddaşına yazılmış video görüntülərdən aydın olur ki, Cavabdeh1 iddiaçıya 9000 manat borcu var, cavabdeh iddiaçıdan mal-qara götürüb kəsib, həmin pulu fevral ayınadək verməlidir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən Cavabdeh1 dəyəri 9000 manat olan beş baş iri buynuzlu heyvan satılmışdır. Belə ki, Azərbaycan Respublikası MM-nin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, şahid ifadələri ilə cavabdehlərin iddiaçıya 6000 manat pul borclu olduqları və iddiaçı tərəfindən 900 manat yola xərc çəkildiyi sübut olunduğundan, cavabdehlərdən müştərək qaydada 6000 manat borc pul və 900 manat yol xərci olmaqla, cəmi 6900 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu” haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - ... qaçqınlar və məcburi köçkünlər... dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, tərəflər Füzuli rayonundan məcburi köçkündürlər və onların bu statusu qüvvədədir. Beləliklə, tərəflər dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220, 238-253 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6000 manat borc pul və 900 manat yola çəkilən xərc olmaqla, cəmi 6900 manat pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-840/2025
Füzuli Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(064)-840/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver