Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-862/2023 19.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Beyləqan rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli, 2(020)-394/2020 saylı Qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş və birgə nikahdan olan uşaqları 08 yanvar 2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ei il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək xx.xx.2019-cu il tarixdən başlayaraq saxlanılması üçün hər ay iddiaçının xeyrinə cavabdehin gəlirinin 1/3 hissəsi qədər aliment tutulması qət olunmuşdur. Hal-hazırda uşaqların böyüməsi, sağlamlıq və tərbiyə edilməsi, təhsillə əlaqədar zəruri və digər xərclər, həmçinin qayğısına qalınması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment kifayət etmir. Belə ki, yuxarıda qeyd olunan qətnamə ilə birgə nikahdan doğulmuş X4 və X1 üçün qət edilən aliment məbləği bu günkü günün iqtisadi göstəriciləri ilə uzlaşmır. Qiymətlərin qalxması və digər zəruri amillər uşağın maddi təminatlarının artmasına səbəb olmuşdur. Əli və Raulun saxlanılmasında onun bir valideyn kimi iştirak etməyisinə baxmayaraq, övladlarının maddi təminatlarının təminində bəzi problemlərlə üzləşir. X4 və X3 maddi təminatlarının təmini onunla yanaşı cavabdehin də vəzifə borcudur. Onun saxlanılmasında onun iştirakından başqa qətnamə ilə müəyyən edilmiş məbləğ çox azlıq təşkil edir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə muraciət etmişdir. Məhkəmə iclasında: İddiaçı nümayəndəsi X5 iddia ərizəsində qeyd edilənlərlə oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. A.Abbasova həmçinin bildirdi ki, hazırda cavabdehdən iki uşağın saxlanılması üçün ayda cəmi 230 manat aliment tutulur ki, bu da uşaqların tələbatlarını ödəmir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, aylıq qazancı 400 manata yaxındır və başqa əlavə gəliri yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Beyləqan Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli, 2(020)-394/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş və birgə nikahdan olan uşaqlar - 08 yanvar 2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək xx.xx.2019-cu il tarixdən başlayaraq saxlanılması üçün hər ay iddiaçının xeyrinə cavabdehin gəlirinin 1/3 hissəsi qədər alimentin tutulması qət olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yada qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələbedən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarınıda nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasının 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununda göstərilir ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı Qərarının: 8.2-ci bəndinə əsasən, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Yuxarıda isnad olunan Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə, ……məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər…. Göründüyü kimi, qanunverici alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi (hazırkı halda artırılması) üçün zəruri şərtlərdən biri kimi tərəflərdən birinin ailə vəziyyətində dəyişikliyin olmasını qeyd etmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə əsasən, alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi əsaslarından biri də tərəflərdən birinin (hazırkı halda cavabdeh atanın) maddi vəziyyətində dəyişikliyin olması, yəni maddi vəziyyətinin yaxşılaşmasıdır. Tərəflərin ailə və maddi vəziyyətlərində dəyişikliyin olmasına dair sübutlara məhkəmə iclasında rast gəlinməmişdir. Lakin məhkəmə yuxarıda qeyd olunanlarla yanaşı, həm də yetkinlik yaşına çatmayan uşaqlar Əli və Raulun mənafelərini, yəni onların artıq böyüyərək tələbatlarının artmasını, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, iddiaçı ananın özünün də uşaqlarını saxlamaq vəzifəsinin olmasını və sair diqqətəlayiq halları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-862/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-862/2023
19.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver