Məhkəmə qərarları › İş №2(064)-864/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-864/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-864/2023 23.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2020-ci il tarixli, BPM**********43 nömrəli kredit müqaviləsi üzrə 6.238,70 manat əsas borc, 1.126,08 manat faiz borcu və 0,04 manat cərimə borcu olmaqla cəmi 7.364,82 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 93,52 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının iddiaçı "xxxx" ASC-nin xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********43 saylı kredit müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə illik 18 % dərəcəsi ilə 9.000 manat məbləğində kredit verilmişdir. Lakin müqavilə müddəti bitməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməmişlər. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********43 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 18 % dərəcəsi ilə 9.000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməmiş və hazırda onun borcu 6.238,70 manat əsas borc, 1.126,08 manat faiz borcu və 0,04 manat cərimə borcu olmaqla cəmi 7.364,82 manat təşkil edir. Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 93,52 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Beləliklə də, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********43 nömrəli kredit müqaviləsi üzrə 6.238,70 manat əsas borc, 1.126,08 manat faiz borcu və 0,04 manat cərimə borcu olmaqla cəmi 7.364,82 manat borc, 93,52 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar