Məhkəmə qərarları › İş №2(064)-882/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-882/2023

02.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-882/2023 02.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş ziyana görə 4.074 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə administrator vəzifəsinə işə qəbul olunmuş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2017-ci il tarixli 577-K saylı əmrlə işdən azad edilmişdir.Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərində İddiaçı MMC-nin - X5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləği 4.272 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borcdan 4.272 manat borcdan 198 manat güzəşt edilmiş, qalıq borc 4.074 manat təşkil etmişdir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq olunmaqla iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayyəndəsinin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə administrator vəzifəsinə işə qəbul olunmuş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2017-ci il tarixli 577-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərində İddiaçı MMC-nin - X5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləği 4.272 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borcdan 4.272 manat borcdan 198 manat güzəşt edilmiş, qalıq borc 4.074 manat təşkil etmişdir. Odur ki, iddiaçı bu məbləğin ödənilməsini tələb etmişdir. Cavabdeh tərəf ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq olunmaqla iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətindən bəhs edən 191-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 296-cı maddəsinin 5-ci hissəsində qeyd edilir ki, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2021-ci il tarixli Qərarının 3-cü bəndində göstərmişdir ki, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində isə qeyd olunur ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bununla yanaşı, məhkəmə həm də mülki qanunvericiliyin iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalarına da isnad etməyi əsaslı hesab edir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (MM-in 375.1-ci maddəsi). Mülki Məcəllənin 375.2-ci maddəsində qeyd olunur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Stanyo Belçikaya qarşı» iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, «….qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir….) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh olunması haqqında» qərarında göstərilmişdir ki, “….iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir.» Odur ki, iddiaçının hazırkı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun oduğunu və cavabdeh tərəfindən bu ziyanın vurulduğunu araşdıran məhkəmə həm də cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı mövqeyinə söykənərək iddia tələbini rədd etmək qənaətinə gəlir. Belə ki, iş materiallarından görünür ki, işəgötürən-İddiaçı MMC işçi-Cavabdeh tərəfindən ona ziyanın vurulmasını xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixində (aparılmış inventarizasiyanın nəticələrinə dair müvafiq aktlar bu tarixlərdə tərtib olunmuşdur) aşkar etmiş, lakin məhkəməyə iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixində müraciət etmişdir. Cavabdeh tərəf ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq olunmaqla iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiq olunmasına dair ərizəsi nəzərə alınmalı və İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa, iddia tələbi rədd olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilməlidir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar