Məhkəmə qərarları › İş №2(064)-90/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-90/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-90/2025 12.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2000 manat borc pulun və 40 manat ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əvvəllər Beyləqan rayonu ərazisində yerləşən N saylı hərbi hissədə qulluq edən zaman tanıdığı və yaxşı münasibətdə olduğu Cavabdeh 2023-cü ilin iyun ayının 21-də təcili borc pula ehtiyacı olduğundan ondan 2800 (iki min səkkiz yüz) manat məbləğində borca pul istəmiş və həmin aldığı borcunu tez bir zamanda yəni, 2 ay müddətində geri qaytaracağına dair öhdəlik götürmüşdür. O da cavabdehin səmimiyyətinə və etibarına inandığından istədiyi borc məbləğini, yəni 2800 manat pulu ona vermişdir. Cavabdeh həmin öhdəliklə bağlı öz xətti ilə ona yazılı qəbz belə vermişdir. Hətta yazdığı qəbzdə əgər borcunu qaytarmasa pul tələbi ilə bağlı mülki icraat qaydasında iddia qaldıracağına dair öz razılığını bildirmişdir. Lakin cavabdeh 2800 manat borcundan sadəcə olaraq 800 (səkkiz yüz) manat məbləğində pulu geri qaytarmışdır. Qalan 2000 manat borc pulu isə indiyədək ona geri qaytarmamışdır. Qalıq borcunu tez bir zamanda geri qaytaracağına dair dəfələrlə söz versə də, müxtəlif bəhanələr gətirərək bu günə kimi geri qaytarmamışdır. Əvvəllər telefonuna cavab versə də, sonradan cavab belə verməmişdir. Cavabdeh hazırda bir sözlə borcunu ödəməkdən yayınır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə olaraq iddiaçı 40 manat dövlət rüsumu ödəmişdir. İddiaçı məhkəmənin yeri və vaxtı barədə rəsimi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, iddiaçıdan 1600 manat borc pul götürmüşdür. Onun iddiaçıya hazırda 2000 manat yox, cəmi 400 manat borcu var. Həmin borcu da iddiaçıya qaytaracağını bildirmişdir. İşdə olan 2800 manat pulun iddiaçıdan borc alınmasına dair qəbz onun tərəfindən yazılmış və imzalanmışdır. Amma o, borcunun çox hissəsini iddiaçıya qaytarmışdır. İddiaçı özü ərizəsində ona 2800 manat borc pul verdiyini, həmin puldan 800 manatını qaytardığını qeyd etsə də, o bununla razılaşmır, hazırda iddiaçıya cəmi 400 manat borcunun qaldığını bildirmişdir. Lakin bununla bağlı hər hansısa bir sübutu yoxdur. İddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Qəbzdə qeyd olunur: “mən Cavabdeh ehtiyacım olduğu üçün tanışım İddiaçın borc olaraq 2800 (iki min səkkiz yüz manat) pul aldım borca, həmin aldığım pulu 2 ay müddətində geri qaytaracağıma dair söz verirəm, əgər həmin tarixdə İddiaçı götürdüyüm 2800 manatı geri qaytarmasam mənim barəmdə mülki icrat qaydasında məhkəməyə şikayət edə bilər. Özüm yazdım öz imzamla təsdiq edirəm” İmza: var, Cavabdeh. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ilə əlaqədar 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Azərbaycan Respublikası Mülki Məcəllənin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, eyni zamanda cavabdehin məhkəmə iclasında verdiyi izahat ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 1600 manat məbləğində borc pul aldığını qeyd etsə də, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş, cavabdehin də onun tərəfindən imzalandığını etiraf etdiyi qəbzdən isə görünür ki, cavabdeh iddiaçıdan 2800 manat borc pul almışdır. İddiaçı iddia tələbində isə 800 manat pulun cavabdeh tərəfindən ona qaytarıldığını, hazırda 2000 manat borcunun olduğunu qeyd etmişdir. Cavabdeh hazırda iddiaçıya 400 manat borcunun qaldığını bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2000 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddianın verilməsi üçün ödənilmiş 40 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul və 40 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar