Məhkəmə qərarları › İş №2(064)-92/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-92/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-92/2025 18.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdən 15000 manat əsas borcun, 1600 manat dəymiş ziyanın, iddia ərizəsinin tərtib olunması üçün ödənilmiş 100 manat və 140 manat dövlət rüsumunun əvəzinin İddiaçının xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdehlə yaxın qohumdurlar, belə ki, Cavabdeh onun bibisi oğludur. Cavabdeh ona yaxınlaşaraq işlə əlaqədar olaraq pul lazım olduğunu bildirmiş və İddiaçıdan borca hissəhissə olmaqla cəmi 21000 manata yaxın pul almışdır. Sonradan borcun bir hissəsini qaytarmış və geriyə cəmi 15000 manat borcu qalmışdır. Dəfələrlə borcu qaytarmasını tələb etsə də, Cavabdeh bugünədək müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Odur ki, İddiaçı Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh xaricdən mal gətirərək ölkə ərazisində satmaqla məşğuldur. Bir müddət əvvəl də ona yaxınlaşaraq Amerika bazarından avtomobil aldığını və ölkəyə gətirmək üçün ona pul lazım olduğunu bildirmişdir. Ondan təxminən 1 ay müddətinə qaytarmaq şərti ilə borc pul istəmişdir. Əlində olan pul ona 3 ay sonra lazım olduğundan və Cavabdehin onun yaxın qohumu olduğundan ona lazım olanadək pulu qaytaracağına etibar etmiş və vermişdir. Cavabdeh aldığı pulu gömrük rüsumunun ödənişi üçün xərcləmişdir. Təxminən 45 gün avtomobil gömrükdə qalmışdır. İddiaçı hər gün 10 manat olmaqla cəmi 450 manat dayanacaq xərci ilə bağlı ödəniş etmiş və sənədləşmə işləri ilə bağlı 350 manat məbləğində dəbbə pulu ödəmişdir. Beləliklə, ümumi ona 800 manat əlavə ziyan dəymişdir. Bununla yanaşı Cavabdeh aldığı borcu 1 ay ərzində qaytarmadığına görə öz işini həll etmək üçün (hansı ki, həmin işi Cavabdehə verdiyi pulla həll etməyi nəzərdə tutmuşdur) banka müraciət etmiş və 7000 manat məbləğində kredit götürmüşdür. Kredit məbləği üçün ona əlavə 800 manat faiz məbləği hesablanmışdır. Belə olan halda İddiaçı 800 manat faiz məbləğini də ona dəymiş maddi zərər kimi qiymətləndirir. Cavabdehin onun kredit götürməsində xəbəri olmuşdur. Hazırda kredit məbləğini faizi ilə birlikdə tam ödəyib. Cavabdeh və onun ailəsi ilə avqust-sentyabr aylarına kimi əlaqəsi yaxşı olmuşdur. Həmin vaxtlar Cavabdehin atası ona zəng edərək bildirmişdir ki, Cavabdehin başqalarına da borcu var, odur ki, özlərinə məxsus evi satışa çıxarıblar. Satışdan əldə olunan pulla ilk növbədə onun borcu qaytarılacaq, belə ki, digər borcverənlər Cavabdehə faizə pul verib, lakin o, təmənnasız borc verib. Bir müddət sonra ev 400000 manata satılmışdır. Lakin Cavabdeh və ailəsi zənglərə cavab vermədilər, əllərində pul olduğu halda yenə də borcu qaytarmaqdan boyun qaçırdılar, belə olan halda o, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Həmçinin bildirir ki, Cavabdeh ona aldığı borc məbləğindən əlavə 2000 manat xeyir verəcəyini vəd etsə də, ziyana düşməsini nəzərə alaraq həmin xeyri tələb etmir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını və iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdehdən 15000 manat məbləğində pulun və 1700 manat maddi zərərin əvəzi alınaraq İddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarında olan 29526, 20481, 9867 və 91798 saylı ödəniş qəbzləri, Cavabdehə məxsus səs yazıları və borcunu etiraf etməsinə dair mesajlar, həmçinin iddia tələbini qəbul etməsinə dair Cavabdehin yazılı ərizəsi və İddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının İddiaçının ərizəsində göstərdikləri və məhkəmə iclası zamanı verdiyi izahat ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə, həmçinin İddiaçı tərəfindən ödənilmiş cəmi 800 manat gömrük xərclərini, kredit məbləği üçün hesablanmış 800 manat faiz məbləğini və iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 100 manat vəsaiti Cavabdeh tərəfindən İddiaçıya dəymiş maddi zərər kimi qiymətləndirir. Odur ki, Cavabdeh tərəfindən dəymiş cəmi 1700 manat maddi zərərin əvəzinin də İddiaçının xeyrinə tutulması əsaslıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, İddiaçı tərəfindən məhkəmə xərci kimi ödənilmiş 140 manat dövlət rüsumunun əvəzi də Cavabdehdən tutulmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən 15000 manat borcun, 1700 manat maddi zərərin və ödənilmiş 140 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar