Məhkəmə qərarları › İş №2(064)-949/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-949/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-949/2023 25.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı LPO "xxxx" ASC LƏSF-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı LPO "xxxx" ASC-nin LƏSF cavabdehlər Cavabdeh1 və X3 qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 10 aprel 2023-cü il tarixə kredit üzrə cəmi 6.529,88 manat məbləğində borcunun - bundan 4.499,26 manat əsas borc, 1.380,24 manat faiz borcunun və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 650,38 manat faiz borcunun və iş üzrə ödənilmiş 85,30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “AmrahBank" ASC-nin Qara Qarayev filialı ilə Cavabdeh1 arasında 21 iyun 2019-cu il tarixli, ***-*******DKX210619-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 10 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 4.500 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən X5 ilə bank arasında 21 iyun 2019-cu il tarixli ***- *******DKX210619-01ZM/1 nömrəli zaminlik müqaviləsi bağanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunu vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1, 2.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı həmin borcun və bank tərəfindən ödənilmiş 85,30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı LPO "xxxx" ASC LƏSF-nin nümayəndəsi X4 iddia ərizəsində qeyd olunanlarla oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı “AmrahBank" ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 10 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 4.500 manat məbləğində kredit verilmişdir. Həmçinin cavabdeh-borcalan Cavabdeh1 kredit verilərkən digər cavabdeh Z.Ağaeva ilə bank arasında bağlanmış 21 iyun 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunu vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1, 2.1 və 3.3.4-cü bəndlərinə əsasən cavabdeh-borcalan Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. İddia tələbinə görə hazırda Cavabdeh1 borcu 4.499,26 manat əsas borc, 1.380,24 manat faiz borcu və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 650,38 manat faiz borcundan ibarətdir. Lakin məhkəmə faiz borcunun müqavilə müddəti bitəndən sonrakı dövr üçün də hesablandığı qənaətinə gələrək azaldılmasını əsaslı hesab edir. Belə ki, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 müqavilə müddətinin sonuna hesablanmış faiz borcu 600 manat təşkil edir. Odur ki, məhkəmə cavabdehdən faiz borcuna görə 600 manatın tutulmasını əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində qeyd etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddia tələbinin kredit borcunun digər cavabdeh-zamin Z.Ağaevadan tutulması hissəsini isə rədd edərək məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Tədqiq edilmiş sənədlərlə müəyyən olunur ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtı xx.xx.2020-ci il tarixdə başa çatsa da iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin zaminliyə xitam verilməsi əsaslarından biri olan 477.0.4-cü maddəsində qeyd olunur ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, Mülki Məcəllənin 447.0.4-cü maddəsinin tələbinə görə tərəflər arasında bağlanmış zaminlik artıq xitam edilmişdir. Belə olan halda, iddiaçının uzun müddətdən sonra cavabdeh-zaminə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia qaldırması əsassızıdr və buna görə də, rədd edilməlidir. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə 85,30 manat dövlət rüsumunun da cavabdeh-borcalan Cavabdeh1 iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı LPO "xxxx" ASC-nin xeyrinə Cavabdeh1 4.499,26 manat əsas borc, 600 manat faiz borcu və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 650,38 manat faiz borcu olmaqla cəmi 5.749,64 manat və 85,30 manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar