Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-95/2025 22.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh nisyə olaraq almış olduğu 355 manat məbləğində ərzaq və digər gündəlik tələbat mallarının pulunun, əldə edə biləcəyi gəlirin məbləği olan 345 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Beyləqan şəhərində yaşayır və sahibkarlıqla məşğul olur. Özünə məxsus mağazası vardır. Cavabdeh 2024-cü ilin yanvarfevral aylarında ona məxsus olan mağazadan 355,15 manat məbləğində ərzaq və digər gündəlik tələbat mallarını nisyə almışdır. Bu barədə qeydlər dəftərində qeydlər də aparılmışdır. Həmin siyahıda cavabdehdən başqa digər şəxslərin də nisyə almış olduqları ərzaq və digər mallara dair qeydlər əks olunub. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh iddiaçıya məxsus olan mağazadan nisyə olaraq aldığı ərzaq və digər gündəlik tələbat mallarına görə 355,15 manat məbləğində pulu bu günə kimi ödəməmişdir. Hər dəfə də pulu istəyəndə müxtəlif bəhanələr gətirməklə nisyə olaraq almış olduğu və istifadə etmiş olduğu malların pulunu ödəməkdən yayınır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, iddiaçıya məxsus mağazadan hər dəfə nisyə mal almış, sonra həmin malların pulunu qaytarmışdır. Maddi vəziyyəti çətin olduğundan sonralar nisyə aldığı məhsulların pulunu ödəyə bilməmişdir. Hazırda onun iddiaçıya 238 manat borcu vardır. Həmin borcunu ödəyəcəyini iddiaçıya bildirsə də, iddiaçı onunla razılaşmamışdır. O, iddia tələbinin qalan hissəsi ilə razı olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -qeyd dəftərindən görünür ki, Cavabdeh iddiaçıya məxsus mağazadan müxtəlif vaxtlarda nisyə olaraq müxtəlif ərzaq mallarını almışdır. -qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün Füzuli Rayon Məhkəməsinin hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı tələbini nisyə alqı-satqı müqaviləsi üzrə satdığı ərzaq və digər gündəlik tələbat mallarının dəyəri üzrə cavabdehin ona 355,15 manat borcunun qaldığını iddia etmiş, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün qeyd dəftərini təqdim etmişdir. Məhkəmə həmin qeyd dəftərindəki qeydlərin iddiaçı tərəfindən birtərəfli qaydada edildiyini nəzərə alaraq onu “əsaslı şübhədən kənar” sübut saymır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Cavabdeh nisyə alqı-satqı üzrə iddiaçıya yalnız 238 manat borcunun olduğunu etiraf etmişdir. Məhkəmə iddiaçının tələbinin əsası kimi istinad etdiyi halın təsdiqi üçün əsaslı şübhədən kənar sübut təqdim etmədiyini nəzərə alaraq, onun iddiaçıya yalnız 238 manat borcunun olduğuna dair cavabdehin bildirdiklərini işin hallarına uyğun sayır. İddiaçı eyni zamanda əldən çıxmış fayda üzrə 345 manatın tutulmasını tələb etsə də, fayda əldə etmək üçün tədbirlər görməsi, işləri aparması, lakin cavabdehin hərəkətləri nəticəsində faydanın əldən çıxması barədə sübut təqdim etməmişdir. İş üzrə olan sübutlarla iddiaçının fayda əldə etmək üçün tədbirlər görməsi, işləri aparması, lakin cavabdehin hərəkətləri nəticəsində faydanın əldən çıxması, bununla da iddiaçının zərərə uğraması halı təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. -21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehin öhdəliyini icra etməməsi, nəticədə iddiaçının nisyə satılmış ərzaq və digər gündəlik tələbat mallarının dəyərinin ödənilməsini tələb etmək hüququ yarandığı tam təsdiq olunduğundan, ərzaq və digər gündəlik tələbat mallarının dəyəri üzrə 238 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə bununla yanaşı hesab edir ki, iş üzrə sübutlarla cavabdehin hərəkətləri nəticəsində iddiaçının maddi zərərə uğraması halı təsdiq edilmədiyindən, iddia tələbi əldə edə biləcəyi gəlirin (əldən çıxmış fayda) tutulması hissəsində rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 238 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 238 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-95/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-95/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver