Məhkəmə qərarları › İş №2(064)-951/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-951/2023

18.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-951/2023 18.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən azyaşlı uşaqları Zəka və Cabirin saxlanılmaları üçün bir uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakılara əsasən ərizə və ona əlavə olunmuş sənədlər icraata götürülmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş mediator G.Həsənova tərəfindən təsdiqlənmiş 27 fevral 2023-cü il tarixli barışıq sazişindən görünür ki, hər iki tərəf alimentin artırılmasına razı olmuşdur. Cavabdeh azyaşlı uşaqları 2012-ci il təvəllüdlü Zəka və 2014-cü il təvəllüdlü Cabirin saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat alimenti İddiaçı adına olan hesaba ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin miqdarının artırılması tələbinə dair iddiaya iddia icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-in: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Odur ki, qeyd olunanları yekunlaşdıraraq bu qənaətə gəlirəm ki, hazırkı iddia ərizəsi icraata götürülmədən geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməsi izah olunmalıdır. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 150, 152.1, 152.1.2, 152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən iddiaçıya qaytarılsın. İddiaçı mediasiya prosesi nəticəsində bağlanılmış 27 fevral 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında AR MPM-in 40-7-ci fəslində nəzərə tutulmuş qaydalara riayət etməklə məhkəməyə müraciət etsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yaşar Həşimov İş № 2(064)-951/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılmasına dair PROTOKOL 18 may 2023-cü il Füzuli rayonu, Horadiz şəhəri Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq aşağıdakı qərardadı gəbul etdim: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən iddiaçıya qaytarılsın. İddiaçı mediasiya prosesi nəticəsində bağlanılmış 27 fevral 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında AR MPM-in 40-7-ci fəslində nəzərə tutulmuş qaydalara riayət etməklə məhkəməyə müraciət etsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar