Məhkəmə qərarları › İş №2(064)-999/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-999/2024

12.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-999/2024 12.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X3 qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2010-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmuş alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh X4 ilə xx.xx.2010-cu il tarixdə rəsmi dövlət qeydiyyatından keçməklə evlənmişlər. Birgə evlilik müddətində xx.xx.2010-cü il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan aralarında yaranmış narazılığa görə ayrılmışlar. İddiaçı övladı ilə birlikdə valideynlərinin yanında yaşayırlar. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2064)-1651/2023 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah akt qeydi ləğv edilmiş, uşaq onun yanında qalmış və uşağın saxlanması üçün onun xeyrinə 160 manat aliment qət olunmuşdur. Hal-hazırda valideyinlərinin yanında yaşayır, uşaq məktəblidir, uşağın gündəlik xərcləri artmış, həkim, geyim və digər xərcləri gündən günə artır, qət olunmuş alimentlə uşağın ehtiyacını ödəmək mümkün deyil. Heç bir yerdə işləmir, bütün bu xərcləri tək başına ödəməyə çətinlik çəkir, qət olunmuş aliment uşağın yemək və digər xərclərini ödəmir. Afıq Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin Mühafizə xidmətində işləyir yüksək əmək haqqı alır, lakin bu barədə sənəd əldə edə bilməmişdir. Ona görə də məhəkəmədə alimentin artırılması barədə iddia qaldırmaq məcburiyyətində qalmış. Cavabdeh əmək qabiliyyətlidir, qazanc əldə edə bilir. Afiq uşağın saxlanması üçün əlavə olaraq heç bir yardım göstərmir. Ona görə də 1 uşağın saxlanması üçün qət olunmuş alimentin miqdarı artırılaraq, hər ay 235 manat olmaqla cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını istəyir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə və yuxarıda göstərilənlərə əsasən cavabdehin iştirakı olmadan hazırki məhkəmə baxışı iclasının keçirilməsini və iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatı dinləyib, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-87/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh X4 arasında xx.xx.2010-cu il tarixli Sumqayıt nikah evində 303 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2010-cü il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılmış, xx.xx.2010-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci i tarixən başlayaraq X1 hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2064)-1651/2023 saylı qətnaməsindən görünür ki, azyaşlı xx.xx.2010-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 160 manat sabit pul məbləğində alimentin X1 alınaraq İddiaçı verilməsi qət edilmişdir. Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, X6 Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin Baş Mühafizə xidmətində mühavizəçi işləyir və 350 manat məbləğində əmək haqqı alır. İddiaçı-ana övladlarının maddi tələbatlarının artmasını əsas gətirərək alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasının 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununda göstərilir ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Yuxarıda istinad olunan Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə, ……məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər….. Göründüyü kimi, qanunverici alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi (hazırkı halda artırılması) üçün zəruri şərtlərdən biri kimi tərəflərdən birinin ailə vəziyyətində dəyişikliyin olmasını qeyd etmişdir. İşin faktiki hallarından aydın olur ki, tərəflərin ailə vəziyyətlərində dəyişikliklər olmasına dair sübutlar təqdim edilməmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə əsasən alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi əsaslarından biri də tərəflərdən birinin (hazırkı halda cavabdeh atanın) maddi vəziyyətində dəyişikliyin olması, yəni maddi vəziyyətinin yaxşılaşmasıdır. İddiaçı tərəfindən cavabdehin maddi vəziyyətinin yaxşılaşmasına dair hər hansı sübutlar məhkəməyə təqdim olunmamışdır. Yuxarıda istinad olunan Ali Məhkəmənin Plenum Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlarla yanaşı, həm də yetkinlik yaşına çatmayan Müzəffərin mənafeyini, yəni onun artıq böyüyərək tələbatlarının artmasını, minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, iddiaçı ananın özünün də azyaşlı övladlarını saxlamaq vəzifəsinin olmasını, eləcə də sair digər diqqətəlayiq halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən Müzəffərin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPMin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin olunsun. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-1651/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. X1 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən xx.xx.2010-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar