Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1101/2023 22.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında 22 sentyabr 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X12 ilə birgə ailə münasibətlərindən anadan olmuş 31 iyul 2014-cü il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 400 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh X12 ilə 18 avqust 2013-cü il tarixdə el adəti qaydasında evlənib ailə qurmuşlar. Lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə ailə münasibətlərindən 31 iyul 2014-cü il tarixdə Alsu adlı uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar və iddiaçı atalığın müəyyən edilməsi və aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Göygöl Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli 2(066)-1650/2017 saylı qətnaməsi ilə X5 31 iyul 2014-cü il tarixdə anadan olmuş X7 atası olması faktı müəyyən edilməklə, 31 iyul 2014-cü il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qaldığı üçün iddiaçının verdiyi apelyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli 2(104)-3614/2017 saylı qətnaməsi ilə qismən təmin edilərək, 31 iyul 2014-cü il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 hər ay 136 manat sabit pul məbləğində alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Bundan sonra onların birgə ailə münasibətlərindən anadan olmuş uşalarının soyadı atasının soyadı ilə İsrəfilova kimi qeyd edilməklə ona yeni doğum haqqında şəhadətnamə verilmişdir. Hal-hazırda cavabdeh X12 Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən şirkətlərin birində işləməklə yüksək məbləğdə gəlir əldə edir. O, nəinki, uşağın saxlanılmasında iddiaçıya əlavə yardım göstərir, hətta təyin edilmiş aliment məbləğini qətnamə ilə müəyyən edilmiş müddətdə ödəmir. Lakin həmin aliment hazırki dövrdə uşaqların tələbatını ödəmək üçün ona qismən də olsa kömək etmir. Belə ki, uşağı hazırda 5-ci sinifdə oxumaqla onun gündəlik tələbatları da artmışdır. Yəni məktəbli olan Alsu günün tələblərinə uyğun olaraq müvafiq repititer məşğələlərinə gedir və hazırkı bahaçılıqda nəzərə alınsa təyin edilmiş aliment məbləği onun hazırlıq ödənişlərinə və gündəlik tələbatlarına kifayət etmir. Cavabdeh xarici ölkələrdə yaşamaqla və işləməklə yüksək məbləğdə gəlir əldə edir və bu səbəbdən də yüksək məbləğdə aliment ödəməyə imkanı çatır. Hazırkı iddia tələbinə dair mediasiya arayışı da mövcuddur. Hesab edir ki, cavabdeh ilə birgə ailə münasibətlərindən 31 iyul 2014-cü il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh X4 400 manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməlidir. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz ərizəsi daxil olmuşdur. Həmin etiraz ərizəsində göstərmişdir ki, iddiaçının qeyd etdiyi kimi xasiyyətləri uyğun gəlmədiyindən atalığın müəyyən edilməsi və aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, qətnamədən narazı qaldığından Gəncə Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 31 oktyabr 2017- ci tarixli 2(104)-3614/2017 saylı qətnaməsi ilə şikayəti qismən təmin edilmiş, 31 iyul 2014-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 136 manat ondan, yəni X4 alınıb iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı yenidən aliment məbləğinin artırılması tələbi ilə ona qarşı məhkəmədə iddia qaldırmışdır. O, iddianı qəbul etmir, etirazını bildirir. Belə ki, o, Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi fəaliyyət göstərməmişdir və yüksək əmək haqqı almamışdır. Özü müəyyən çətinliklə bağlı müəyyən vaxtlarda Respublikanı müvəqqəti tərk etmişdir. Cavabdeh ondan aldığı alimentin az olmasını bəhanələr gətirməsi düzgün deyil. Valideyn himayəsində olan az yaşlı övladını saxlamağa borcludur. İşləyib uşağı böyütmək əvəzinə alimentin artırılmasını tələb etməsini qəbul etmir. Uşağı saxlaya bilmirsə özü övladını qəbul etməyə hazırdır. Hər bir ailə daxili imkanları hesabına övladını böyütməlidir. Özü 20 iyul 2020-ci ildə ailə həyatı qurmuş, 08 may 2021-ci ildə qızı Sübhanə, xx.xx.2023-cü ildə isə Gülnaz adlı qızı doğulmuşdur. Anası özünün himayəsindədir və ürək xəstəsidir, Hazırda özü işləmir, arada elektrik işləri ilə məşğul olur. Övladının biri xəstədir. İddiaçının ondan 400 manat alimen tələb etməsi hesab edir ki, uşağın saxlanılması üçün yox özünün zəruri ehtiyaclarının ödənilməsi üçündür. Ozü övladından imtina etmir. İmkanı gələcəkdə yüksək olarsa övladına görə atalıq borcunu yerinə yetirməyə hazırdır. Bu gün imkanı məhduddur. Onu da qeyd edir ki, hal-hazırda stabil yüksək əmək haqqı almayan aliment ödəyicisindən yüksək məbləğdə aliment tələb edilməsi qanunlarda yoxdur. Ana himayəsində olan övladına qayğı göstərməlidir. Odur ki, qeyd etdiklərinə əsasən hesab edir ki, iddiaçının aliment məbləğinin artırılması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X9 izahatında iddianı qəbul etməməsini, belə ki, oğlu Samirin qətnamə üzrə 136 manat aliment məbləğini ödəməkdə çətinlik çəkməsini, Samirin yenidən ailə qurmasını və ailə qurandan sonra onun iki uşağının da anadan olmasını, Cavabdeh fəhlə işləməsini və hazırda özünə ev alıb təmir etdirməsini, onun alimenti artıq ödəməyə imkanı çatmamasını bildirdi və odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə 1 saylı Mediasiya Təşkilatının 15 iyun 2023cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 174860 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 31 iyul 2014-cü ildə anadan olmuş X8 atası Cavabdeh, anası isə İddiaçıdır və o, yetkinlik yaşına çatmamışdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli, 2 (104)- 3614/2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh 31 iyul 2014-cü ildə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 07 iyul 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Göygöl şəhəri Rövşən Nəsibov məhəlləsi Kooperativ bina, mənzil 23-də qeydiyyatdadır və hal-hazırda həmin ünvanda yaşayır. İş materiallarında olan AA saylı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxx 1983-cü ildə Almaniya Respublikasının Potsdam şəhərində anadan olmuş və Göygöl şəhəri H.Aslanov küçəsi ev 102-də qeydiyyatdadır. İşdə olan 20 iyul 2020-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X11 20 iyul 2020-ci il tarixdə Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə İsrəfilov, arvada İsrəfilova soyadları verilmişdir. İşdə olan 08 iyul 2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 08 may 2021-ci ildə anandan olmuş X1 atası Cavabdeh, anası isə X2r və o, yetkinlik yaşına çatmamışdır. İşdə olan 07 avqust 2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 iyul 2023-cü ildə anandan olmuş X6 atası Cavabdeh, anası isə X2r və o, yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmaları üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmaları əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda sadalanan uşağın hüququnu müdafiə edən Qanun normalarını əsas götürüb İddiaçı iddia tələbini qismən təmin edərək 31 iyul 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün 136 (bir yüz otuz altı) manat təyin edilmiş alimentin məbləğinin artırılaraq hər ay 200 (iki yüz) manat məbləğdə aliment müəyyən edilməklə İddiaçı xeyrinə ödənilməsini məqsədə müvafiq və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 31 iyul 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment və iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilməli və iddianın qalan hissəsi isə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 31 iyul 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment və iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-1101/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1101/2023
22.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver