Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1136/2025 25.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı, cavabdeh «X4” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «X4” Açıq Səhmdar Cəmiyyətinə qarşı «ödənilməmiş məzuniyyət pulu» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:
1. İddiaçı 01 mart 2008-ci ildən 29 oktyabr 2014-cü il tarixədək “X4” ASC-də briqadir vəzifəsində çalışmış, xx.xx.2014-cü il tarixdən yeni yaradılan "xxxx" MMC-də briqadir vəzifəsinə qəbul olunmuş, 28 noyabr 2017-ci il tarixində öz ərizəsi ilə həmin işdən azad olunmuşdur. Hazırki halda İddiaçı işlədiyi son 5 ildə ona əmək məzuniyyəti verilməməsi əsası ilə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
Məhkəmədə icraat: 2.İddiaçı cavabdeh «X4” ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X4” ASC-də işlədiyi son 5 il ərzində ona ödənilməmiş əmək məzuniyyətinə görə 3250 manat məzuniyyət pulunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01 mart 2008-ci il tarixdə "X4" ASC-nin 4 nömrəli üzümçülük briqadasına briqadir vəzifəsinə qəbul olunub. 23 sentyabr 2014-cü il tarixdə "X4” ASC tərəfindən "Üzüm Bağı” MMC yaradılıb və 18 noyabr 2014-cil il tarixli, k/12 saylı əmrlə o, qeyd olunan "Üzüm Bağı” MMC-nin 4 nömrəli briqadasında briqadir vəzifəsinə keçirilmişdir və 28 noyabr 2017-ci il tarixədək həmin vəzifədə işləmişdir və həmin tarixdən də öz ərizəsilə işdən azad olunub. O, öz ərizəsilə işdən azad ediləndən sonra ona son haqq hesab hesablanmayıb. Onu da qeyd edib ki, işlədiyi son 5 ildə ona əmək məzuniyyəti verilməyib, həmçinin əmək məzuniyyətinə görə də ona pul ödənilməyib. Onun aylıq əmək haqqı vergilər və digər ödənişlər çıxılandan sonra 650 manat olub. Ona görə də son haqq hesab olaraq ona 3250 manat ödənilməlidir. Buna baxmayaraq cavabdeh tərəfindən ona ödənilməli olan son haqq-hesab ödənilmir. O, mübahisənin mediasiya qaydasında həll edilməsi üçün mediasiyaya gedib, lakin cavabdeh mediasiyaya gəlməyib. Ona görə də məhkəməyə müraciət edib. 4.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq hazırki cavabdeh ilə işə baxılmasına israrlı olduğunu bildirdi. Habelə, işdən azad olunduğu zaman əmək kitabçasını, əmrin surətini əldə etdiyini, bu illər ərzində hazırki tələblə müraciəti olmadığın bildirdi.
5. Cavabdeh təşkilat tərəfindən məhkəməyə iddia ərizəsinə dair etiraz ərizəsi ünvanlanmış və ərizədə qeyd olunmuşdur ki, “X4” ASC-nin X1 12 sentyabr 2014-cü il tarixli 04 saylı Qərarı ilə “Üzüm Bağı" MMC təsis edilib, 23 sentyabr 2014-cü il tarixdə kommersiya qurumu qismində Dövlət reyestrində qeydiyyata alınmışdır. Yeni müəssisənin yaradılması ilə əlaqədar "X4" ASC-nin k/335 nömrəli 29 oktyabr 2014-cü il tarixli əmri ilə öz xahişi ilə işdən azad edilib. 18 oktyabr 2014-cü il tarixli k/12 nömrəli əmrlə "xxxx" MMCnin 4 nömrəli briqadasına briqadir vəzifəsinə təyin edilmişdir. "X4" ASC-dən işdən azad olunmasına dair əmrlə işdən azad olunarkən iddiaçının istifadə etmədiyi məzuniyyət günləri hesablanmış və 2014-cü ilin oktyabr ayında istifadə etmədiyi məzuniyyətə görə 3009,28 manat miqdarında pul vəsaiti ona tam şəkildə ödənilmişdir. Ödənişin həyata keçirilməsini ASC “Xalq Bank”ın ştampı ilə təsdiq edilən 2014-cü ilin oktyabr ayı üçün əmək haqqı cədvəli etiraza əlavə edilir. Göründüyü kimi, iddiaçı “X4” ASC-də briqadir vəzifəsində işlədiyi dövr üzrə istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin almadığına dair yanlış məlumatları iddia ərizəsində qeyd etmişdir. "X4" ASC tərəfindən iddiaçı qarşısında istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödəmək öhdəliyi yerinə yetirildiyini nəzərə alaraq, iddiaçı "xxxx" MMC işlədiyi dövrdə istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin ödənilməsi tələbi ilə “Üzüm Bağı" MMC-nə qarşı məhkəmə qarşısında iddia tələbi irəli sürməli idi. Belə ki, "xxxx" MMC “X4” ASC tərəfindən təsis edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı olan “X4” ASC onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. "xxxx" MMC-nin 12 iyun 2023-cü il tarixdən 12 iyun 2028-ci il tarixədək müvəqqəti olaraq fəaliyyətinin dayandırılmasını nəzərə alaraq, iddiaçının xeyrinə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsi mümkün deyil. "xxxx" MMC-nin müvəqqəti olaraq fəaliyyətinin dayandırılması ilə bağlı 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən elektron kargüzarlıq sistemi vasitəsi ilə təqdim edilmiş müvafiq bildiriş etiraza əlavə edilir. Nəhayət, məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı tərəfindən istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin tələb edilməsi ilə bağlı iddia müddətləri ötürülmüşdür. 28 noyabr 2017-ci il tarixdə öz xahişi əsasında tutduğu vəzifədən azad edildiyinə baxmayaraq, iddiaçı səkkiz ilə yaxın müddət ərzində pul tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Ona görə də iddiadan imtina edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh «X4” ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək etiraz ərizəsinin məzmununa uyğun izahat verdi.
Tətbiq edilən hüquq: 7.Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
8.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 3.4-1-ci maddəsinə əsasən əmək münasibətləri– əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 135.2-ci maddəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 296-cı maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
9.Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 8.2-ci maddəsinə əsasən məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə: 10.Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir.
11. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir.
12. İddiaçı 01 mart 2008-ci il tarixdə "X4" ASC-nin 4 nömrəli üzümçülük briqadasına briqadir vəzifəsində işlədiyini, 23 sentyabr 2014-cü il tarixdə "X4” ASC tərəfindən "Üzüm Bağı” MMC yaradıldığı və 18 noyabr 2014-cil il tarixli, k/12 saylı əmrlə o, qeyd olunan "Üzüm Bağı” MMC-nin 4 nömrəli briqadasında briqadir vəzifəsinə işə qəbul edildiyini və 28 noyabr 2017-ci il tarixədək həmin vəzifədə işlədiyini, öz ərizəsi ilə işdən azad edildiyini, lakin son 5 ildə əmək məzuniyyətindən istifadə etmədiyinə görə məzuniyyət pulunun hesablanıb ödənilməsini xahiş etmişdir.
13. İş materiallarına əlavə edilmiş ИТ- ******* seriya İddiaçı aid əmək kitabçasının surətindən görünür ki, 01 mart 2008-ci ildən 29 oktyabr 2014-cü il tarixədək “X4” ASC-də briqadir vəzifəsində çalışmış, xx.xx.2014-cü il tarixdən yeni yaradılan "xxxx" MMC-də biriqadir vəzifəsinə qəbul olunmuş, 28 noyabr 2017-ci il tarixində öz ərizəsi ilə həmin işdən azad olunmuşdur. Əmək kitabçasında xx.xx.2014-cü il və xx.xx.2017-cü illər işə qəbul və xitam hissədə müvafiq möhürdə "xxxx" MMC qeyd edilmişdir.
14. “X4” ASC-nin xx.xx.2024-cü il tarixli, 000297 nömrəli məktubunda qeyd olunmuşdur ki, "xxxx" MMC 12 iyun 2023-cü il tarixdən 12 iyun 2028-ci il tarixədək fəaliyyətini dayandırması nəzərə alınaraq adı çəkilən müəssisə tərəfindən son haqq-hesab aparılması mümkün deyil.
15. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ünvanlanmış məktubda "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ərizələrinə əsasən fəaliyyətilərinin xx.xx.2023 tarixdən xx.xx.2028 tarixədək dayandırılması vergi orqanı tərəfindən dayandırılmasının təmin edilməsi qeyd edilmişdir.
16. X4” ASC-nin 29 oktyabr 2014-cü il tarixli, K/335 nömrəli01 və 02 saylı əmrlərindən və 2014-cü il oktyabr ayı üçün əmək haqqı cədvəlindən 2014-cü ilin oktyabr ayınadək İddiaçı istifadə etmədiyi əmək məzuniyyəti günlərinin hesablanaraq ödənilməsi qeyd olunmuşdur.
17. Məhkəmə hesab edir ki, iddiaçı öz ərizəsi ilə əmək müqaviləsinə xitam verildiyi, əmək kitabçası və əmrin surətini almasını mübahisələndirməmiş,əmək müqaviləsi xitam verildiyi xx.xx.2017-cü il tarixdən hazırki tələb üzrə müraciət etməmişdir. məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixə qədər hazırki tələblə bağlı halları mübahisələndirməməklə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüşdür.
18. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi ödənilməmiş əmək məzuniyyətinə dair pulun tutulması ilə əlaqədar olduğundan iddia müddəti tətbiq olunduğu halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə istinad olunmalıdır.
19. Digər tərəfdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyir.
20. İddia müddəti isə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən yalnız mübahisə tərəfinin ərizəsinə əsasən tətbiq olunur ki, hazırki işdə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir.
22. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair”
23. Qeyd olunmalıdır ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).
24. Habelə, iddia üzrə cavabdeh qismində “X4” ASC qeyd edilmişdir, ancaq iddia ərizəsində "xxxx" MMC-də işlədiyi müddətdə verilməyən məzuniyyət pulunu tələb edir. AR MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə araşdırılması zamanı AR MPM-nin 54-cü maddəsinin tələblərinə əsasən iddiaçıya cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi təklif edilmiş, lakin cavabdeh əvəz edilməmişdir.
25. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
26. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh «X4” ASC-yə qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Leyla Hüseynzadə