Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1137/2024 02.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi (anası) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 noyabr 2014-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Göygöl Rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli 2(066)-2463/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş, Cavabdeh hər ay bir uşaq üçün 100 manat sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılaraq, 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq, onun xeyrinə verilməsinə, eyni zamanda da mediasiya xərci kimi ödədiyi 60 manat pulun cavabdehdən tutularaq, onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikahlarından 01 noyabr 2014-cü ildə X3 doğulmuşdur. Aralarında olan narazılığa görə nikahları pozulmuş və uşağları onun himayəsində saxlanmışdır. Uşağlarının saxlanması üçün 80 manat miqdarında aliment kəsilmişdir. Sonradan onun ərizəsi əsasında aliment Göygöl Rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli 2(066)-2463/2017 saylı qətnaməsinə əsasən aliment məbləği artırılaraq, bir uşaq üçün 100 manat aliment müəyyən edilmişdir. Hazırda cavabdehin verdiyi alimentlə uşağın yaşaması çox çətindir, onun maddi tələbatını ödəmir. O uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkir, cavabdeh isə uşağına köməklik etmir. Alimentin artırılması ilə bağlı mediasiyaya müraciət etsə də cavabdeh mediasiyada iştirak etməmişdir, ona görə də məcbur olub hazırki, iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (anası) Nümayəndə iddia tələbinə uyğun ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, İddiaçı hal hazırda Ailə Tv-də operator işləyir və 450 manat əməkhaqqı alır. Onun uşağı böyüdükcə tələbatları artır. Uşağın mədəsində problem olması səbəbindən onu həkimə aparmışlar və onun müalicəsi ilə bağlı borca girmişlər, bununla bağlı uşağın atasına bildirsələr də o heç bir kömək etməmişdir. Cavabdeh Rusiya Federasiyasında metal toplamaq işi ilə məşğul olaraq yüksək qazanc əldə edir. Cavabdehin yüksək qazanc əldə etməsi ilə bağlı heç bir sübutları yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bununla belə cavabdehin atası hazırkı mülki işlə maraqlandığı zaman oğlunun mülki işdən məlumatlı olmasını, lakin ona etibarnamə verməməsini bildirmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-2463/2017 nömrəli, 01 dekabr 2017-ci il tarixli qətnaməsinin sürətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı 100 (bir yüz) manat artırılması, alimentin tutulması 25 oktyabr 2017-ci il tarixdən başlanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı, 12846566 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə Tağıyeva Səadətdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, İddiaçı "xxxx" MMC-də, operator, telekommunikasiyada kompüter texnikasının istismarı vəzifəsində işləməklə əmək haqqı 500 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, Cavabdeh gəliri ilə bağlı heç bir sübut aşkar edilməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, MŞG/1/MT007/2024-01360 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və qəbzdən görünür ki, vətəndaş İddiaçı və vətəndaş Cavabdeh ailə münasibətlərindən irəli gələn “alimentin artırılması” mübahisə üzrə xx.xx.2024-cü il tarixdə saat 11:30-da mediasiya prosesi həyata keçirilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat mediasiyaya dair xərci ödəmişdir. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-2463/2017 nömrəli, 01 dekabr 2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı 100 (bir yüz) manat artırılması, alimentin tutulması 25 oktyabr 2017-ci il tarixdən başlanması qət edilmişdir. Hazırda cavabdehin verdiyi alimentlə uşağın yaşaması çox çətin olduğundan, onun maddi tələbatını ödəmədiyindən, iddiaçı uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyindən, cavabdeh isə uşağına əlavə köməklik etmədiyindən iddiaçı alimentin artırılması ilə bağlı mediasiyaya müraciət etmiş, lakin cavabdeh mediasiyada iştirak etməmiş, ona görə də məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (anası) iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən 100 manat məbləğində aliment 01 dekabr 2017-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən 7 ilə yaxın müddət keçmiş, yaşayış minimumu, uşaq böyüdükcə onun tələbatları və saxlanma xərcləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, cavabdeh olan atanın gəlirləri barədə sübutların məhkəməyə təqdim edilməməsini, iddiaçının əmək haqqının 500.0 manat təşkil etməsini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Göygöl Rayon Məhkəməsinin 2(066)-2463/2017 nömrəli, 01 dekabr 2017ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, 100 (bir yüz) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və artırılmış hissədə alimentin illik məbləği, həmçinin iş üzrə iddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 60 (altmış) manat məbləğində mediasiya dair xərci ödəməsi, cavabdeh müdiasiya sessiyasında iştirak etməməsi nəzərə alınmalı, cavabdehdən 60 (altmış) manat məbləğində mediasiya dair xərc tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(066)-2463/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü Rauf adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün atası Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, anası İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən xərclər qismində 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-1137/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1137/2024
02.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver