Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1146/2024 19.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbi üzrə sadələşmiş icraat qaydasında verilmiş iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbi üzrə sadələşmiş icraat qaydasında verilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 629.11 manat əsas borc, 67.2 manat faiz borcu və 79.44 manat cərimə borcu və kredit müaviləsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 8.25 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 784 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, sadələşmiş icraat qaydasında verilmiş iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməli, ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında görünür ki, kredit müqaviləsi mərhum X2 ilə bank arasında bağlanılmış, lakin borcalan cavabdeh X2 xx.xx.2023-cü il tarixdə öldüyü üçün onun müqavilə üzrə kreditoru qarşısında öhdəliklərinin icrasının təmin edilməsi üçün zaminləri olaraq göstərilmiş Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilmiş, lakin borcalan mərhum X1 miras əmlakının olması və vərəsələrinin dairəsi, qanun və ya vəsiyyət üzrə vərəsələrin hansı hissədə pay almalarına dair heç bir sübut ərizəyə əlavə edilməmiş, həmçinin miras qoyanın əmlakının və vərəsələrinin axtarılmasına dair heç bir sübut əlavə edilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən iddia ərizəsinə qoşma kimi əlavə edilmiş sənədlərin siyahısında xx.xx.2021-ci il tarixli kreditin verilməsinə dair müqavilənin əsli və xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinin notarial qaydada təsdiq edilmiş sürəti göstərilsə də iddiaçı qeyd olunan sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. İddiaçı tərəfindən isə iddia ərizəsinə kredit və zaminlik müqavilələrinin əslini və ya notarial qaydada təsiqlənmiş surətlərini əlavə edilmədən məhkəməyə müraciət etmişdir. Belə ki, iddia ərizəsinə yalnız həmin müqavilələrin hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş kserosurəti əlavə edilmişdir ki, bu cür sənəd mülki-prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazlı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 453.1.-ci maddəsinə əsasən kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir. Həmin Məcəllənin 453.2.-ci maddəsinə əsasən əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər. Həmin Məcəllənin 453.4.-ci maddəsinə əsasən Subsidiar məsuliyyət daşıyan şəxs kreditorun ona qarşı irəli sürdüyü tələbi ödəyənədək bu barədə əsas borclunu xəbərdar etməlidir, həmin şəxsə qarşı iddia irəli sürüldükdə isə əsas borclunu işdə iştiraka cəlb etməlidir. Əks halda əsas borclu subsidiar məsuliyyət daşıyan şəxsin reqres tələbinə qarşı kreditorun tələblərinə qarşı olan etirazlarını irəli sürmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1312-ci maddəsinə əsasən əgər kreditor tələbi icra müddəti çatanadək irəli sürmüşdürsə, vərəsə icranı müddət çatanadək təxirə sala bilər. Müddət çatdıqda kreditor ümumi iddia müddəti ərzində icranı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İddiaçı verilmiş tələbi təsdiq edən sənədləri təqdim etmədiyi üçün kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında işə baxılması mümkün olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3, və 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, qəraraaldım: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-1146/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1146/2024
19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver