Məhkəmə qərarları › İş №2(066)-1165/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1165/2025

14.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1165/2025 14.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə müdaxiləyə son qoyulması, çəpərlərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İŞİN HALLARİ:

1. İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ qeydə alınmış,ona məxsus olan Göygöl rayonu Quşqara kəndində yerləşən 2,3 ha torpaq sahəsi üzərinə Cavabdeh tərəfindən müdaxilə olunduğunu iddia edərək məhkəməyə müraciət etmişdir.

Məhkəmədə icraat: 2.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus Göygöl rayonu Quşqara kəndində yerləşən 2,3 hektar torpaq sahəsinə görə əldən çıxmış fayda kimi 3000 manat tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə Göygöl rayonu, Quşqara Bələdiyyəsinə məxsus 2,3 hektar torpaq sahəsini "Hərrac yekunları barədə” 008 nömrəli protokola əsasən satın almışdır. Qeyd edir ki, mübahisəli torpaq sahəsindən cavabdeh 2021-ci ildən indiyə kimi onun istifadə etməyinə imkan verməmişdir. O, məcbur olub Göygöl Rayon Məhkəməsindən cavabdehin ona məxsus torpaq sahəsindən məcburi qaydada çıxarılmasına dair iddia qaldırmışdır. Bildirir ki, cavabdehin ona məxsus torpaq sahəsinə onu buraxmadığı üçün o, 3000 manata kimi qazancdan olub. Ona görə də məhkəmə qaydası ilə əldən çıxmış fayda kimi 3000 manat cavabdehdən tutulub ona ödənilməlidir. 2021-ci ildən indiyə kimi 3 il müddət keçmişdir. O, 2,3 hektar torpaq sahəsində taxıl əkmiş olsa idi ilə ən azı 12 ton buğda götürərdi. Bu da 4 tonu 1000 manat məbləğindən hesablandıqda 3000 manat edir.

4. İddiaçı xx.xx.2025-ci il tarixdə iddianın dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək iddianın predmetini dəyişdirib cavabdehin ona məxsus Göygöl rayon Quşqara kəndində yerləşən 2,30 ha torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir.

5. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə iddianın həcminin artırılması ilə bağlı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin həcmini artırıb cavabdehin ona məxsus torpaq sahəsinə çəkmiş olduğu dəmir çəpərin sökülüb götürülməsini xahiş etmişdir.

6. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi Vəkil çıxış edərək bildirmişdir ki, nümayəndəsi olduğu şəxsin Quşqara kəndində torpağı var. Mübahisə bununla bağlıdır. İşə əvvəllər baxılıb, baxılmamış saxlanılıb. Torpağın çıxarışı 2021-ci ildən var. Bir müddət rayon ərazisində olmayıb, torpaq sahəsindən istifadə etməyib, bələdiyyə torpağı cavabdehə vermək istəyib. Torpaq sahəsi neçə illərdir, iddiaçının mülkiyyətindədir. Amma onlar torpaq sahəsindən istifadə edə bilmir. Torpaq sahəsinə müdaxilə var. Özü burda yoxdur. Kiməsə pul yollayaraq əkdirir. Cavabdehin müdaxiləsi var. Torpaq sahəsinin kənarına dəmir hasar çəkib. Dəfələrlə təklif olunub ki, pulunu verib müqavilə bağlasınlar. Amma qarşı tərəfdən bir cavab gəlməyib. Torpaq sahəsinin onların olduğunu iddia edirlər. İddiaçı 5 ildir, sənəd çıxartdırıb. Amma torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehin torpağı zəbt etməsinə dair sübutları yoxdur. Əvvəlki işdəki eksperti rəyinə əsasən iddianın təmin olunmasını xahiş etdi. Bildirdi ki, hazırda cavabdeh Moskva şəhərindədir. Ekspertiza təyin olunmasına ehtiyac yoxdur. İddiaçıya məhkəmə qərarı lazımdır ki, həmin torpaqdan rahat istifaə edə bilsin.

7. Məhkəmə iclasında İddiaçı çıxış edərək bildirdi ki, iddianın təmin olunmasını xahiş edir. O, torpağına getdiyi təqdirdə problem yaşanacağını bilir. Onun istəyi odur ki, torpaq sahəsində olan dəmir hasar hökümət tərəfindən sökülsün. Cavabdeh ona hədəqorxu gəlir, öz torpaq sahəsinə müdaxilə etməkdən çəkinir. Onlarla problem yaşayacağı təqdirdə onun övladları, nəvələrinin də məsələyə qarışmağından, dava olmasından çəkinir. Ərazidə başqa maneə yoxdur, sadəcə setka çəpərin sökülməsini istəyir. Torpaq sahəsinin üzərində tikili və ya qurğu yoxdur. Hədə gəlirlər ona, xəbər göndərirlər ki, həmin torpaqdan istifadə edilməsin. Bu məhkəmə 6 ildir gedir. Qarşı tərəf bir dəfə də özü gəlməyib. Qardaşını yollayıb. Qarşı tərəf imkanlıdır, pul yollayır, torpaq sahəsində məhsul əkirlər. Onu da torpaq sahəsinə yaxın buraxmırlar.

8. Göygöl rayon İHB-nın Nadil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş məktubda bildirilir ki, Göygöl rayon Nadil kəndində qeydiyyatda olan Cavabdeh halhazırda Rusiya Federasiyasındadır, ona göndərilən məhkəmə bildirişi vətəndaşın qayınanasına təqdim edilmişdir.Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 9.Məhkəmə iclasında 1 ədəd fləş kartda təqdim edilən torpaq sahəsinin yerində video görüntüsünə baxış keçirildi.

Tətbiq edilən hüquq: 10.Azərbaycan Respublikasının Konstitusiyasının: 60-cı maddəsinə əsasən Hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin İİİ hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

11.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

12.Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3-ci maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsimnə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə:

13. Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

14. Belə ki, işin mübahisəsiz halıdır ki, Göygöl rayonu Quşqara kəndində yerləşən 2,3 ha torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair A№635227 nömrəli torpaq sahəsinin plan ölçü sənədi tərtib edilərək koordinatları qeyd edilmişdir.

15. İddiaçı uzun müddət rayon ərazisində olmaması səbəbindən torpaq sahəsinin onun tərəfindən nəzarətsiz qalması, əkilib-becərməməsini, bu əsasla bələdiyyə tərəfindən torpaq sahəsinin cavabdehə verilməsini, lakin məhkəmə qərarı ilə bələdiyyə qərarının ləğv edilərək bunun qarşısının alınmasını bildirmiş, hazırki halda mülkiyyətində olan torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən maneə yaradıla biləcəyi, torpaq sahəsindən maneəsiz istifadə üçün məhkəməyə müraciət etmək zərurəti hiss etdiyini bildirmişdir.

16. İş materialına əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-88/2023 nömrəli qərarına əsasən iddia təmin edilmiş Göygöl rayon Quşqara Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 10 nömrəli qərarı ləğv edilmişdir. 17.Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2024-cü il tarixli 3-16-16/2-10/9766 nömrəli ekspert rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********50 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və həmin Çıxarışın A-635227 nömrəli plan və ölçü sənədinə əsasən Göygöl rayonu Quşqara kəndi ərazisində, İddiaçı xüsusi mülkiyyətində olan 2,3 ha torpaq sahəsi sərhədləri və döngə nöqtələrinin koordinatları tərəflərindən müəyyən olunmuşdur. Mübahisəli torpaq sahəsinə keçirilən baxışda, cavabdeh iştirak etməmişdir. İddiaçı tərəf mübahisə halı səbəbindən, **********50 reyestr nömrəli Çıxarışa əsasən Göygöl rayonu Quşqara kəndi ərazisində, xüsusi mülkiyyətində olan 2,3 ha torpaq sahəsindən faktiki olaraq istifadə edə bilmədiyi müəyyən olunmuşdur. 18.Məhkəmə araşdırılmasına təqdim edilmiş torpaq sahəsinin yerində video görüntüsündə torpaq sahəsi üzərində tikili-qurğu müəyyən edilməməmiş, kustar üsulla çəkilmiş dəmir-setka çəpər əks olunmuşdur.

19. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin mübahisəsiz mülkiyyətçisi olan iddiaçı Elxan Dirəhşahinin özünün müstənna mülkiyyətində olan əmlakından istifadə və sahiblik edə bilməməsinə dair ehtimal edilən hallar, iddiaçının irəli sürdüyü fərziyyələr, torpaqdan istifadə edəcəyi təqdirdə ona maneə yarada biləcəklərinə dair mülahizə mülki iş üzrə pozulmuş hüququnun bərpası və ya mülkiyyətə dəyən real hədə kimi qiymətləndirilə bilməz.

20. Digər tərəfdən mütəxəssis rəyində yalnız iddiaçının dediyinə görə mübahisə halı səbəbindən torpaq sahəsindən istifadə edə bilməməsi əks olunmuş, iddiaçı tərəf iş üzrə məhkəmə ekspertizası təyin olunmasına etiraz etmişlər.

21. Habelə, Göygöl rayon İHB-nın Nadil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş məktubda Göygöl rayon Nadil kəndində qeydiyyatda olan Cavabdeh hal-hazırda Rusiya Federasiyasında oması müəyyən olunmuş, iddiaçı tərəfin bildirdiyi məhkəmə icraatında olmuş digər mülki iş üzrə nümayəndəsi kimi iştirak etmiş qardaşı X2 “Elektron məhkəmə” sistem məlumatlarına əsasən öldüyü müəyyən edilmişdir.

22. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

23. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

24. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

25. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

26. Hazırki halda iddiaçı iddiasının əsaslılığı ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmiş, hüquqi həqiqətin bərqərar olunması üçün ehtimal və fərziyyələrə əsaslanmışdır.

27. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar).

28. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçının Cavabdeh qarşı “torpaq sahəsinə müdaxiləyə son qoyulması, çəpərlərin sökülməsi” tələbinə dаir iddiası təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar