Məhkəmə qərarları › İş №2(066)-1203/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1203/2025

27.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1203/2025 27.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:

1. İddiaçı dəyəri 850 manat olan telefonu şifahi alqı-satqı müqaviləsi əsasında Cavabdeh satmışdır. Lakin cavabdeh ödəməli olduğu pul məbləğini ödəməmişdir.

Məhkəmə icraatı:

2. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona borclu olduğu 850 manat pulun və ödədiyi dövlət rüsumunun əvəzi olaraq 30 manatın cavabdehdən alınıb ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ailəsi ilə birlikdə onunla qonşuluqda kirayədə qalıb. Onlarla səmimi münasibətləri yaranıb, yaxın qonşuluq ediblər. 2023-cü ilin avqust ayının axırlarında ona müraciət edərək Türkiyəyə getməli oduğunu, amma telefonu olmadığını və telefon almaq istədiyini, pulu olmadığı üçün ona köməklik etməyini, Türkiyədə işləyib tezliklə, ən qısa müddətdə borcunu qaytaracağını deyib. Ona inanıb telefon alınmasına köməklik edib, beləliklə onun 850 manat borcu yaranıb.Lakin xeyli müddət keçib və görüb ki, cavabdeh borcunu qaytarmaq istəmir. Hətta o, Türkiyədən gəlib və yenə də pulunu verməyib. Ondan tələb etdikdə deyib ki, qaytaracaq. xx.xx.2024cü il tarixdə o, əlyazması ilə iltizam yazaraq ona olan borcunu etiraf edib və tez bir zamanda qaytaracağını qeyd edib. Lakin həmin iltizamdan bir neçə ay sonra onunla yenə görüşəndə deyib ki, guya imkanı yoxdur. Bu barədə polisə də ərizə ilə şikayət edib. Polisin məktubunu və cavabdehin iltizamını da ərizəsinə əlavə edir.Qeyd etdiyi xüsusatlar aşağıda siyahısı göstərilən sübutlarla təsdiq olunur: 1. Şəxsiyyət vəsiqələrinin surətləri. 2. Cavabdehin əlyazması. 3. Polisin məktubu.

4. Məhkəmə iclasında çıxış edən İddiaçı bildirmişdir ki, Dəmir yolu vağzalında telefon mağazası işlədib. O, sonralar mağazanı bağlasa da, əlaqələri qalıb. Statusda telefon paylaşaraq, başqa adamdan götürdüyü telefonu cavabdehə satıb. Cavabdeh iki telefon alıb, pulun bir qismini verib, qalanı qalmışdır. 2023-cü ildən bu yana borc ödənmiyib. O, telefonu götürdüyü şəxsə kredit kartından pul çıxarıb, verib. Sübut olaraq Pərvizin öz əlyazması var, onu məhkəməyə təqdim edib. Başqa sübut olaraq cavabdehin borcu az-az ödəyəcəyini bildirdiyi səs yazısı olduğunu bildirib.

5. Məhkəmə iclasında çıxış edən Cavabdeh bildirmişdir ki, telefonu həyat yoldaşı götürüb bundan xəbəri olmayıb. Ödəyəcəyini bildirsə də, sonradan ayrıldıqlarına görə borcu özü ödəmək məcburiyyətində qalıb. Polis şöbəsinə də həyat yoldaşının getməyinin ayıb olduğunu düşünərək özü gedib və borc götürməsini etiraf edib. İki telefon olub, birincisindən xəbəri olmayıb, ikincisini özü götürüb. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

7.Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin: 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır.

Məhkəmənin mövqeyi: 8.Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. 9.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı şifahi alqı-satqı müqaviləsi əsasında telefon götürmüş, lakin borc üzrə öhdəliyini icra etməməmişdir. Nəticədə cavabdehin 850 manat iddiaçıya borcu yaranmışdır. Qeyd edilən halın təsdiqi kimi iddiaçı tərəfindən əl yazma olaraq borcun etirafına dair iltizam təqdim edilmişdir. Həmid qeyddə Cavabdeh İddiaçı 850 manat borcu olduğunu və tez bir zamanda qaytaracağını qeyd etmişdir.

10. Məhkəmə icraatı gedişində Cavabdeh izahat verərək İddiaçı tanıdığını, ilkin olaraq ondan xəbərsiz halda arvadının İddiaçı telefon aldığını və bundan bir müddət sonra isə özünün telefon aldığını lakin ödənişi arvadı ödəməli olduğu halda ödəmədiyini, borcun olmasını etiraf etdiyini bildirmişdir. Məhkəmə cavabdehin izahatını MPM-nin 106-cı maddəsi dairəsində qiymətləndirmişdir. 11.Belə olduqda məhkəmə hesab edir ki, məhkəmə iclasında müəyyən olunmuş hallar əsas götürülməli, iddia tələbi təmin edilməli, Cavabdeh 850 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. 12.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. 13.Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin təmin edilən hissəsi nəzərə alınaraq 30 (otuz manat) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 14.Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 850 (səkkiz yüz əlli) manat məbləğində borc pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar