Məhkəmə qərarları › İş №2(066)-1275/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1275/2024

28.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1275/2024 28.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehlər Cavabdeh2, X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və üçüncü şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “cavabdehlər tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına qarşı evin və torpaq sahəsinin ölçmə işlərinin görülməsinə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 qarşı “cavabdehlər tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına qarşı evin və torpaq sahəsinin ölçmə işlərinin görülməsinə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına qarşı evin və torpaq sahəsinin ölçmə işlərinin görülməsinə yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən evi və evin yerləşdiyi torpaq sahəsini 19 oktyabr 2005-ci ildə vəfat etmiş mərhum atası X8 və 26 noyabr 1968-ci ildə vəfat etmiş mərhum anası X5 birgə nikahları dövründə əldə etmişlər. Atası ilə anası vəfat etdikdən sonra onlardan miras qalmış əmlakı vərəsələrdən yalnız o qəbul edib istifadə etmişdir. Həmin əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli məktubla müraciət etmişdir. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi, müraciətinə xx.xx.2024-cü il tarixdə imtina məktubu göndərmişdir. İmtinanın səbəbi kimi, əmlak üzərində mübahisə olduğunu və inventarlaşdırma işlərinin aparılmasına müayinə baxışına şərait yaradılmadığı göstərilmişdir. Hazırda cavabdehlərin təqsiri ucbatından öz əmlakını sənədləşdirə bilməmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək ünvan 2 ünvanda yerləşən ev və həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin mühəndisləri tərəfindən müayinə edilməsinə cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini və iddia ərizəsində texniki səhv kimi göstərilmiş X6 Cavabdeh1 kimi, ünvanının isə Göygöl şəhəri, Dilqəm Verdiyev 56 kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, İddiaçı mübahisəsi gedən ünvan 1 ünvanda yerləşən JN- 1784F, KOD 50801004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.06 ha torpaq sahəsində cavabdehlərlə birlikdə iddiaçınında payı var. Həmin torpaq sahəsi Bağırov Mədətib, Cavabdeh1 və İddiaçı adına olmuşdur. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə ərizə ilə müraciət edərək həmin torpaq sahəsinə dair çıxarış almaq istəmişdir. Həmin idarənin əməkdaşları əraziyə yaxınlaşıb ölçmə işləri aparmaq istəyərkən cavabdehlər onlara maneçilik törətmişlər. Bu səbəbdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsin imtina məktubu verərək ərazidə mübahisə olduğunu bildirmişlər. Bu hal iddiaçının konstitusiyon hüquqlarını pozmuşdur. Belə ki, konstitusiyon hüquqlarında göstərilmişdir ki, mülkiyyətçi öz mülkünə sahib çıxa bilər onun barəsində sərəncam verə bilər. Lakin, cavabdehlərin hərəkəti ucbatından iddiaçı öz hüquqlarından məhrum olmuşdur. Odur ki, cavabdehlər tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarının evin və torpaq sahəsinin ölçmə işlərini aparmasına yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, həmin gün evin həyətinə çıxarkən 2 nəfər şəxsin ölçmə işləri aparmasını görmüşdür. O, nə səbəbə gəlmələrini və nə iş görmələrini soruşduqda ona heç bir cavab verməmişlər. Bu səbəbdən onlar, həmçinin bacısı Cavabdeh1 ölçmə işlərinin aparmasına etiraz etmişlər. Evin sənədləri var ölçmə işlərinin aparılmasına razı deyillər. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında X7 bildirdi ki, iddianı qəbul etmir. İddiaçı saxta işlərlə məşğul olur. Evin sənədi var, atası vəsiyyətnaməni onlara vermişdir. Ailə qurmamışlar, atalarına o və bacısı baxmışdır. Evin bütün xərclərini özləri çəkmişdir. Evdə iki bacısı ilə birlikdə yaşayırlar. Hesab edirki, Liranın həmin evdə payı yoxdur. Bu səbəbdən onlar, həmçinin bacısı Cavabdeh1 ölçmə işlərinin aparmasına etiraz etmişlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları yenidən gəlsə yenə ölçmə işləri aparmalarına icazə verməyəcəkdir. İddianın rədd edilməsini xahiş edir. Cavabdeh1 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər (Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri). Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Eyni zamanda, Konstitusiyanın 29-cu maddəsinin Vİ hissəsində müəyyən edilmişdir ki, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Mülki Məcəllənin 6-cı maddəsi mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların məhkəmə müdafiəsi və s. prinsiplərini təsbit etmişdir. Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 9723/2024 nömrəli məktubda əmlak üzərində mübahisə olduğu və inventarlaşdırma işlərinin aparılmasına müayinə baxışına şərait yaradılmadığından ərizənin icrasının təmin edilməsinin mümkün olmaması, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməsi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 12485/2024 nömrəli məktubda Göygöl şəhərində yerləşən 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair JN-1784F, KOD 50801004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X3, Cavabdeh1, Cavabdeh2 və X4 adlarına işlənilməsi göstərilmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Məhkəmə iclasında cavabdehlər həmin torpaq sahəsində yenidən ölçmə işləri aparılarsa yenədə etiraz edəcəklərini bildirmişlər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessuаl Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 tərəfindən ünvan 1 ünvanda yerləşən JN-1784F, KOD 50801004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.06 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün zəruri olan ölçmə işlərinin aparılmasına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına edilmiş maneə aradan qaldırılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi verərkən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunu cavabdehlərdən tələb etmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 tərəfindən ünvan 1 ünvanda yerləşən JN- 1784F, KOD 50801004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0.06 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün zəruri olan ölçmə işlərinin aparılmasına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına edilmiş maneə aradan qaldırılsın. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar