Məhkəmə qərarları › İş №2(066)-1319/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1319/2024

03.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1319/2024 03.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı nümayəndəsi (bacısı) Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Göygöl Rayon Məhkəməsinin 2(066)- 844/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada hər ay sabit pul məbləğində bir uşaq üçün 80 (səksən ) manat sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılaraq, hər ay bir uşaq üçün 250 manat sabit pul məbləğində alimentin tutlaraq onun xeyrinə verilməsinə, eyni zamanda da mediasiya xərci kimi ödədiyi 50 manat pulun cavabdehlərdən tutularaq, onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər onun mərhum həyat yoldaşının valideyinləridir. O, cavabdehlərin oğlu X6 ilə 23 sentyabr 2004-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların rəsmi nikahlarından xx.xx.2006-cı ildə Tofiq və xx.xx.2010-cu ildə Aynişan adlı uşaqları doğulmuşdur. Həyat yoldaşı xx.xx.2010-cu ildə vəfat etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-844/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən birgə qaydada hər bir uşaq üçün 80 manat, cəmi 160 manat alimenin onun xeyrinə tutulması qət edilmişdir. Oğlu Cavabdeh1 yetkinlik yaşına çatmışdır və onun saxlanması üçün müəyyən edilmiş aliment dayandırılmışdır. Yalnız qızı Aynişan Abbasovanın saxlanılması üçün 80 manat aliment alır. Cavabdehlərin maddi imkanları yaxşı olsada əlavə olaraq heç bir köməklik etmirlər. Hazırki vəziyyətdə bu məbləğdə alimentlə uşağın saxlanılmasında çətinlik çəkir. Gəlir yeri ancaq ailə başçısını itirdiyinə görə dövlət tərəfindən təyin edilmiş müavinətdir. Cavabdehlər pensiya alırlar və təkbaşına yaşayırlar. Himayələrində ehtiyacı olan heç kim yoxdur. Bundan əlavə də qaynatası Gəncə-Göygöl marşurut xəttində sürücü işləyir və kifayət qədər qazancı olur. Bütün bunlara baxmayaraq, cavabdehlər nəvələrinin heç bir maddi ehtiyaclarını ödəmək istəmirlər. Alimentin artırılması barədə mediasiyaya müraciət etsə də cavabdehlər mediasiyaya gəlməmişlər, ona görə də məcbur olub hazırki, iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (bacısı) Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun ifadə verərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-844/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən birgə qaydada hər bir uşaq üçün 80 manat, cəmi 160 manat alimenin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 yetkinlik yaşına çatmışdır və onun saxlanması üçün müəyyən edilmiş aliment dayandırılmışdır. Yalnız digər uşaq Aynişan Abbasovanın saxlanılması üçün 80 manat aliment qalmışdır və həmin alimentdə 3 aydır ki, ödənilmir. Uşağı 80 manatla saxlamaq çətindir. Belə ki, yaşayış minimumu artırılıb və onu saxlamaq çətinləşib. Əlavə olaraq bildirdi ki, Tofiq adlı uşağın 18 yaşı keçən il tamam olmuş və o bu il əsgərliyə getmişdir. İddiaçı hazırda heç bir yerdə işləmir. Aynişan adlı uşaq hazırda 9-cu sinifdə oxuyur. Hazırda iddiaçı olan bacısı ilə qızı Gəncə şəhərində yaşayır. Məhkəmədən xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-844/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada hər ay sabit pul məbləğində bir uşaq üçün 80 (səksən ) manat sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılaraq, hər ay bir uşaq üçün 250 manat sabit pul məbləğində alimentin tutlaraq İddiaçı xeyrinə verilməsinə, eyni zamanda da mediasiya xərci kimi ödədiyi 50 manat pulun cavabdehlərdən tutularaq İddiaçı xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək ifadəsində göstərdi ki, iddiaçı onun oğluna almış olduğu 17 sot torpağı satmışdır. İddiaçı onun nəvəsini verərsə o onu saxlayar və oxudar. O nəvələrini oxutmuş hazırlığa qoymuşdur. O daim gəlinin dediklərini almışdır və onların evini iddiaçının nümayəndəsi və bacısı olan Nümayəndə dağıtmış, belə ki gəlib onlara demişdir ki, onun bacısı ərsiz qala bilməz. O nəvəsi nə istəsə etməyə hazırdır. O nəvəsi Aynişana onun yanında olarkən cehiz əşyaları almışdır. Əlavə olaraq bildirdi ki, onlar məhkəmədən kənar 150-160 manat alimentə razılaşlar bu şərtlə ki, nəvəsi onların yanına gəlsin, o, hər ay aparıb 100 manat nəvəsinə özü verəcək. Lakin məhkəmədə alimentin artırılmamasına razı deyil. Məhkəmədən alimentin artırılmamasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qəbul etməyərək ifadəsində göstərdi ki, onlar gəlininə və nəvələrinə çox yaxşı baxmışdır. Daim gəlini öz bacılarına və anasına pay tutmuşdur. Nəvələrinə yaxşı sünnət etmişlər. Gəlini onu qulağının dibindən şillə ilə vurmuşdur. Gəlini rəhmətə gedən oğlunun pensiyasını alır. Onlar alimentin artırılması ilə razı deyil. Oğulları xx.xx.2010-cu il tarixdə rəhmətə getmiş və hərbiçi olmuşdur. Oğlu xərçəng xəstəliyindən rəhmətə getmişdir. İddiaçı Tünzalə 2010-cu ildən 2021-ci ilə qədər 10 il onlarla yaşamışdır. İddiaçı və nəvələri gəlsin onlara özləri baxsınlar və nə desələr edəcəklər. Lakin hazırda alimentin artırılmasına razı deyil. İddiaçının atası yaşayan vaxt onlar arasında problem olmamış, lakin iddiaçının atası öldükdən sonra onlar bu vəziyyətə gəlmişlər. Məhkəmədən alimentin artırılmamasını xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Göygöl Rayon Məhkəməsinin 2(066)-844/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2006-cı il tarixdə doğulmuş Cavabdeh1 Sərxan oğlu və xx.xx.2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada hər ay sabit pul məbləğində hər bir uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, MŞG/1-01423 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və qəbzdən görünür ki, vətəndaş İddiaçı və vətəndaş Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin artırılması” mübahisə üzrə xx.xx.2024-cü il tarixdə saat 11:00-da mediasiya prosesi həyata keçirilmişdir. Cavabdeh1 və Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiyaya dair xərci ödəmişdir. İşdə olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikası vətandaşıdır. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qızılca kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş olan AZ-İ seriyalı, 372625 nömrəli, ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 19 mart 2010-cu il tarixdə Göygöl rayon Qızılca kəndində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2010-cu ilin mart ayının 27-sı günündə 03 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Xanlar rayon Qızılca kənd İHN-i tərəfindən verilmiş olan AZ-İ seriyalı, 779212 nömrəli, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 Sərxan oğlu (atası X6, anası İddiaçı) 02 iyun 2006-cı il tarixdə Xanlar rayon Qızılca kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2006-cı ilin 07-ci ayının 06-cı günündə 14 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş olan AZ-İİ seriyalı, 473897 nömrəli, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası X6, anası İddiaçı) 23 iyul 2010-cu il tarixdə Göygöl rayon Qızılca kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2010-cu ilin 08-ci ayının 17-ci günündə 399 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarında İddiaçı gəliri barədə sübut aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, Cavabdeh2 yaşa görə 363.87 manat pensiya təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, Cavabdeh1 yaşa görə 413.24 manat pensiya təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-844/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2006-cı il tarixdə doğulmuş Cavabdeh1 Sərxan oğlu və xx.xx.2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada hər ay sabit pul məbləğində hər bir uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Uşaqlardan xx.xx.2006-cı ildə doğulmuş Cavabdeh1 Sərxan oğlu yetrkinlik yaşına çatdığından aliment ona aid hissədə dayandırılmışdır. Cavabdehlər xx.xx.2010-cu ildə doğulmuş X1 üçün 80 manat aliment ödəyirlər. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Göygöl Rayon Məhkəməsinin 2(066)-844/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada hər ay sabit pul məbləğində bir uşaq üçün 80 (səksən) manat sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılaraq, hər ay bir uşaq üçün 250 manat sabit pul məbləğində alimentin tutlaraq onun xeyrinə verilməsinə, eyni zamanda da mediasiya xərci kimi ödədiyi 50 manat pulun cavabdehlərdən tutularaq, onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər isə uşaqlara özlərinin baxacaqlarını və alimentin artırılmamasını xahiş etmişlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Həmin Məcəllənin 88-92-ci maddələrində göstərilmiş şəxslərə aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir. Həmin Məcəllənin 93.3-cü maddəsinə əsasən aliment tələb edən ailə üzvünü eyni zamanda bir neçə şəxs saxlamağa borclu olduqda, məhkəmə onların maddi və ailə vəziyyətindən asılı olaraq aliment vəzifəsinin yerinə yetirilməsində onlardan hər birinin iştirakının miqdarını müəyyən edir, həm də məhkəmə bütün bu şəxslərə və ya onlardan yalnız birinə, yaxud da bir neçəsinə iddia verildiyindən asılı olmayaraq aliment verməyə borclu olan bütün şəxsləri nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən aliment xx.xx.2021-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən 03 ildən artıq müddət keçmiş, yaşayış minimumu, uşaq böyüdükcə onun tələbatı və saxlanma xərcləri, həmçinin aliment ödəyən baba-nənin gəlirləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların məhkəməyə təqdim edilməməsini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-844/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2010-cu il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, uşağın anası İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mediasiyaya çəkilən xərci iddiaçı tərəfindən ödənildiyindən, cavabdehlərin dəvət edilməsinə baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etmədiklərindən və iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-844/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2010-cu il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, anası İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada məhkəmə tərəfindən zəruri hesab edilən xərclər qismində 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar