Məhkəmə qərarları › İş №2(066)-1382/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1382/2025

08.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1382/2025 08.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, "xxxx" Gəncə Müəssisəsinin mütəxəssisi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İŞİN HALLARİ:

1. X6 etibarnamə əsasında idarə etdiyi İddiaçı məxsus “X13” minik markalı **-EM- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Cavabdeh məxsus Mercedes Mikroavtobus markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə dair Cavabdeh barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə protokol tərtib edilmiş, bu əsasdla Göygöl Rayon Məhkəməsinin 3(066)-352/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Cavabdeh təqsirli bilinib inzibati cərimə edilmişdir. Hazırki halda İddiaçı mülkiyyətində olan avtomobilə 11798 manat zərər dəyməsini, 5000 manat hissəsini sığorta təşkilatı tərəfindən ödənilməsini, qalan 6798 manat hissəsinin isə zərər vuran tərəfindən ödənilmədiyini iddia etmişdir.

Məhkəmədə icraat: 2.İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mercedes Mikroavtobus markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edən zaman, “X9” Azərbaycan Respublikasının Qanunun tələblərini pozaraq, onun mülkiyyətində olan X13 minik markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yetirdiyi 6798 (altı min yeddi yüz doxsan səkkiz) manat zərər, əlavə olaraq maşının olmadığı üçün məcbur qalaraq 10 (on) manat 130 gün ödədiyi 1300 (bir min üç yüz) manat taksiyə ödədiyi zərər cəmi 8098 (səkkiz min doxsan səkkiz) manatın alınaraq ona ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X13 minik markalı 20-EM-6İ2 dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Göstərilən avtomobili oğlu X6 etibarnamə ilə, BC kateqoriyalı, AE 119547 nömrəli sürücülük vəsiqəsi əsasında idarə edir. 16 aprel 2025-ci il tarixdə saat 08:00 radələrində, oğlu X1 Santa Fe minik markalı **-EM- *** dövlət qeydiyyat nişanlı avtomobilə, Göygöl şəhəri A.Hacıyev küçəsində Göygöl rayonu Mərkəzi Xətəxanası istiqamətində yolun sağ zolağı ilə hərəkətdə olarkən, Göygöl rayonun Üçtəpə kəndində yaşayan İsayev X5 Mikroavtobus markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yuxarıda göstərilən küçədə öndə avtomobili idarə edən zaman qəfildən heç bir nişan vermədən sağ zolaqdan sol zolağa yerdəyişmə əməliyyatı aparmış, arxada hərəkətdə olan X13 minik markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Göygöl rayon PŞ-nin TBnin təhqiqatçısı polis baş leytenantı İsmət Məmmədovun 12 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması qərarında, sürücü İsayev X8 rayonun A.Hacıyev küçəsi ilə Mercedes Mikroavtobus markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edən zaman, “X9" Azərbaycan Respublikasının Qanunun tələblərini pozaraq yol nəqliyyat hadisəsi törətmiş, onun barəsində, Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi qənaətinə gələrək, mövcud hadisəyə hüquqi qiymət verilmişdir. “Avtomotoservis və Ticarət" Gəncə müəssisəsinin (VÖEN **********) 28 aprel 2025-ci il tarixli AKT-Rəyinə əsasən X13 minik markalı **-EM- *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı 11798 (on bir min yeddi yüz doxsan səkkiz) manat zərər vurulması göstərilmişdir. Göstərilən 11798 manat zərərin 5000 ( beş) min manatı “Xalq Sığorta" şirkəti tərəfindən ödənilmişdir. Cavabdeh onun, mülkiyyətində olan X13 minik markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 6798 (altı min yeddi yüz doxsan səkkiz) manat avtomobilə zərəri ödəməkdən imtina edir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 4.Məhkəmə iclasında iştirak edən İddiaçı çıxış edərək bildirmişdir ki, aprel ayının 16-da cavabdeh onun oğlunun idarə etdiyi maşını vurub. Ondan sonra maşın istifadəyə yararsız olduğu üçün taksi ilə işə gedib gəlib. Maşın onun adınadır, oğlu sürür. Sığorta 5000 manat ödəniş edib, ancaq maşının xərci daha çox olub. Hələ də maşın düzəlməyib. Maşını vuran adam da heç əlaqə saxlamayıb, maraqlanmır. Hazırda oğlu işə taksi ilə gedib gəldiyinə görə həmin ödənişləri də tələb edir.

5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 çıxış edərək bildirdi ki, hadisə təxminən avqust, sentyabr aylarında baş verib. Sığorta bir həftə ərzində ödəniş etməlidir, gec edilib. Maşına baxış keçirilmədən zərər məbləğinin 5000 manat olmasını bildiriblər. Sığorta şirkəti maksimum ödənişlərinin 5000 manat olduğunu bildirib. Ona deyiblər ki, dəymiş ziyanı 8-9 min yazdırsın. Zərərin 11 000 manatdan artıq olduğunu bildirib. Sığorta şirkəti Gəncə şəhərindəki ofisə yaxınlaşıb, 5000 manat ödənişi götürməklərini bildirib. İddiaçının oğlu həmin məbləği götürmüşdür. İddialarına baxılmasını tələb edir. Vaxt dəqiq yadında deyil. 6.Keçən məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 çıxış edərək bildirmişdir ki, ilk öncə sığorta ödənişinin məbləğinin müəyyən edilməsini tələb edir. Ümumilikdə iddia tələbini qəbul etmir.

7. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş və iştirak edən "xxxx" Gəncə Müəssisəsinin mütəxəssisi X7 çıxış edərək bildirmişdir ki, təxminən sentyabr ayında maşını gətiriblər. Baxış keçirilib və maşının sol qabaq öz hissəsinə zərbə vurulduğu müəyyən edilmişdir. Verilmiş akt-rəydə maşının ziyan dəyən hissələri ayrılıqda qeyd edilmişdir. Zərər məbləği kimi 9988 manat ehtiyyat hissələri, 1810 manat xidmət haqqı qeyd edilmişdir. Maşının təmir olunduğunu bildirdi.

Tətbiq edilən hüquq: 8.Azərbaycan Respublikasının Konstitusiyasının: 60-cı maddəsinə əsasən Hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 64.1-ci maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. 64.2-ci maddəsinə əsasən mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

Məhkəmənin mövqeyi və gəldiyi nəticə:

11. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir.

12. İşin mübahisə edilməyən halıdır ki, İddiaçı məxsus “X13” minik markalı **-EM- *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında oğlu X6 idarə edərkən Cavabdeh məxsus Mercedes Mikroavtobus markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə dair Cavabdeh barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə protokol tərtib edilmiş, bu əsasdla Göygöl Rayon Məhkəməsinin 3(066)-352/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Cavabdeh təqsirli bilinib inzibati cərimə edilmişdir.

13. Hazırki halda iddiaçı mülkiyyətində olan avtomobilə cavabdehin təqsirli hərəkəti nəticəsində 11798 manat zərər dəyməsini, 5000 manat hissəsində sığorta ödənişi edildiyini, qalan 6798 manat hissəsinin hissəsinin və oğlunun avtomobilsiz qaldığı 130 gün hər gün 10 manat olmaqla 1300 manat taksi xərcinin cavabdehdən tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir.

14. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər.

15. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir.

16. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə zəruri amillərin mövcudluğu labüddür: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir;- əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir;- törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

17. Hazırki halda törədilmiş əməlin-iddiaçının avtomobilinə dəyən ziyanın hüquqazidd olması, əməlin təqsirli olaraq törədilməsi və zərər vurulması və bu zərər ilə təqsirli hərəkət arasında səbəbli əlaqə işin mübahisəsiz halıdır.

18. Hazırki araşdırılma predmeti kimi vurulmuş zərərin miqdarına münasibətdə iddiaçı tərəfin təqdim etdiyi "xxxx" Gəncə müəssisəsi tərəfindən 28 aprel 2025-ci il tarixli akt-rəydə göstərilmişdir ki, qəzaya uğramış qeyd olunan nəqliyyat vasitəsinə sərbəst satış bazar qiymətləri ilə hesablanaraq 11798 manat maddi ziyan toxunulmuşdur (ehtiyat hissələri dəyəri 9988 manat, xidmət haqqı 1810 manat).

19. Habelə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən və mütəxəssis qismində ifadə verən "xxxx" Gəncə Müəssisəsinin mütəxəssisi X7 çıxış edərək bildirmişdir ki, təxminən sentyabr ayında maşını gətiriblər. Baxış keçirilib və maşının sol qabaq öz hissəsinə zərbə vurulduğu müəyyən edilmişdir. Verilmiş akt-rəydə maşının ziyan dəyən hissələri ayrılıqda qeyd edilmişdir. Zərər məbləği kimi 9988 manat ehtiyyat hissələri, 1810 manat xidmət haqqı qeyd edilmişdir. Maşının təmir olunduğunu bildirdi.

20. Məhkəmə təşəbbüsü ilə sorğu edilərək əldə edilən "xxxx" şirkəti tərəfindən təqdim edilən PXA201582 nömrəli sığorta aktında qeyd olunur ki,xx.xx.2025-ci il tarixdə baş vermiş sığorta hadisəsi zərərlə bağlı maddi ziyanın ümumi məbləği 5000 manat, sığorta ödənişinin məbləği 5000 manat, ödəniləcək məbləğ 5000 manat, məbləği alan İddiaçı Lütfü qızı qeyd edilmişdir. İddiaçı 5000 manat məbləğində sığorta ödənişi edilmiş və qarşı tərəf ödənişi imzalayaraq qəbul etmişdir.

21. Məhkəmə qeyd edir ki, yol nəqliyyat hadisəsi aprel ayında baş vermiş, avqust ayında müvafiq sığorta ödənişi edilmiş, sığorta ödənişini alan tərəf-İddiaçı məbləği mübahisələndirməmişdir. Habelə, həmin vaxt avtomobilə dəyən zərər dair hər hansı yenidən qiymətləndirmə həyata keçirilməmişdir. İş üzrə təqdim edilən "xxxx" Gəncə müəssisəsi tərəfindən akt-rəydə 28 aprel 2025-ci il tarixdə qiymətləndirmənin həyata keçirildiyi qeyd edilsə də, mütəxəssis qismində ifadə verən "xxxx" Gəncə Müəssisəsinin mütəxəssisi X7 qiymətləndirmənin sentyabr ayında aparıldığını bildirmişdir. Bu hal iddiaçı tərəfin təqdim etdiyi sübutlar arasında ziddiyyət kimi qiymətləndirilir.

22. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

23. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

24. Hazırki halda zərərin miqdarına dair "xxxx" ASC tərəfindən təqdim edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın əsasında verilmiş sığorta aktı mötəbər sübut olaraq qiymətləndirilir.

25. İddia tələbinin günə 10 manat olmaqla 130 gün iddiaçının oğlunun avtomobilsiz olduğundan taksi ilə gediş-gəlişinə dair ümumilikdə 1300 manat xərcinə dair hissəsinə qiymət verərkən məhkəmə qeyd edir ki, tələb qeyd edilən hissədə sübut edilməmişdir. Habelə bu hissədə yaranmış xərcin əsasında cavabdehin təqsirinə dair mötəbər dəlillər irəli sürülməmişdir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

27. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, təmin edilməməlidir.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göygöl rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar