Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1412/2024 11.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği dəyişdirilərək, qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi qədər alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan nikah xx.xx.2016-cı ildə pozulmuşdur. Göygöl Rayon Məhkəməsinin Qətnaməsinə əsasən birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 150 manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda X2 12 yaşı var. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, cavabdehin ödədiyi aliment məbləği ölkədə yetkinlik yaşına çatmamışlar üçün müəyyən edilmiş yaşayış minimumundan da aşağıdır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə özü çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, o ilk olaraq 120 manat daha sonra isə 150 manat aliment almış və cavabdehin vəziyyətini bildiyi üçün uzun illər aliment məbləğini artırılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Onların birgə nikahda olduqları vaxt cavabdehin valideyinləri onların ailələrinə müdaxilə etmiş və daim söz-söhbət olmuşdur. O bununla bağlı cavabdehdən kirayə çıxmalarını istəsə də cavabdeh buna məhəl qoymayaraq ataanasından vazkeçməyəcəyini və kirayə çıxmağa imkanın olmamasını bildirmişdir. Həmçinin onlar evli olduqları vaxt ilk övladları dünyaya gəldikdən sonra ona ilk övladını böyüt sonra ikici uşağı dünayaya gətir demişlər, lakin hazırda cavabdeh Bakı da mərkəzdə kirayə ev tutmuş və digər ailəsindən ardıcıl iki uşağı dünayaya gəlmişdir. Cavabdeh hazırda uşağı ilə maraqlanmır. Əgər onun imkanı yoxdursa niyə atasının yanında yaşamayıb kirayədə yaşayır. O məcbur qalıb tam təmirsiz ev götürmüş və hazırda kredit ödəyir. Əlavə olaraq bildirdi ki, aliment 2019-cu ildə 150 manat təyin edilmiş, həmin tarixdən o 150 manat aliment alır. Onlar birgə nikhda olarkən cavabdeh elektrikliklə məşğul olmuş və avans almışdır o iddia ərizəsində başqa gəlir dedikdə onları nəzərdə tutur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbni qəbul etməyərək bildirdi ki, O ailəsinin dağılmasını istəməmiş, mümkün yollara əl atmış və kirayəyə çıxmış lakin yenə də ailəsi dağılmışdır. Alimentlə bağlı isə o imkanı daxilində sabit məbləğdə 170 manat aliment ödəyə bilər. Onun mövcud şəraiti və gəliri ilə imkanı 170 manat məbləğində aliment ödəyə bilər. Alimentin onun qazancının və başqa gəlirlərinə nəzərən yox, yalnız sabit məbləğdə vermək istəyir. İddiaçının bildirdikləri ləğv edilmiş, belə ki o QSC-də işləyir və onun yalnız qazancı vardır. Onun digər ailədən iki övladı var və onunda bu səbəbdən xərcləri vardır. Alimentin onun qazancının və başqa gəlirlərinə nəzərən yox, yalnız sabit məbləğdə 170 manat aliment tutulmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 919111 nömrəli doğum haqqına şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2012-ci il təvəllüdlü X4 anadan olmuşdur. Doğum haqqında Şəhadətnamədə uşağın atası Cavabdeh, anası isə İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli, MŞS/1/2024-00406 saylı arayışdan görünür ki, bu arayış Cavabdeh İddiaçı “aliment artırılması” tələbinə dair xx.xx.2024-cü il tarixdə, saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə doğulmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-631/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə iddiası qismən təmin edilmiş, Cavabdeh 10 iyun 2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay sabit məbləğdə 150 (bir yüz əlli) manat müəyyən edilməsi, alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilməsi, bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Bakı şəhər Xəzər rayon məhkəməsinin 28 mart 2016-cı il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatına xitam verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-631/2019 saylı qərərdadının surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-631/2019 saylı qətnaməsində yol verilmiş yalnışlıq düzəldilərək qətnamənin tarixi göstərilən hissədə yazılmış “01 mart 2019-cu il tarixdə” sözləri 29 aprel 2019-cu il tarixdə kimi oxunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, İddiaçı Göygöl Rayonu İcra Hakimiyyətində (VÖEN **********) dövlət qulluqçusu-Böyük məsləhətçi, hökumət vəzifəsində işləməklə 1129.25 manat əmək haqqı alır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, Cavabdeh "xxxx" QSC-də (VÖEN **********) böyük elektrik vəzifəsində işləməklə 1109.92 manat əmək haqqı alır. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)- 631/2019 saylı qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə iddiası qismən təmin edilmiş, Cavabdeh 10 iyun 2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay sabit məbləğdə 150 (bir yüz əlli) manat müəyyən edilməsi, alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilməsi, bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Bakı şəhər Xəzər rayon məhkəməsinin 28 mart 2016-cı il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatına xitam verilməsi qət edilmişdir. Bundan sonra İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği dəyişdirilərək, qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi qədər alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia ərizənin təmin edilməsini, cavabdeh isə alimentin onun qazancının və başqa gəlirlərinə nəzərən yox, yalnız sabit məbləğdə 170 manat aliment tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aliment məbləğinin dəyişdirilməsi tələbi təmin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar birbirini tamamlamaqla iddiaçının tələbinin əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirlərini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, aliment ödəyən şəxsin sabit qazanca sahib olmasını və əmək haqqından tutulmasının mümkün olmasını nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-631/2019 saylı qətnaməsi ilə müəyyən edilən sabit pul məbləğində alimentin tutulması qaydası dəyişdirilərək, xx.xx.2012-cü il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsində aliment tutulub uşağın anası İddiaçı verilməlidir. Dəyişdirilmiş hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İddiaçı cavabdehdən həmin məhkəmə xərcini tələb etmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-631/2019 saylı qətnaməsi ilə müəyyən edilən alimentin tutulması dəyişdirilərək xx.xx.2012-cü il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsində aliment tutulub uşağın anası İddiaçı verilsin. Dəyişdirilmiş hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-1412/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1412/2024
11.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver