Məhkəmə qərarları › İş №2(066)-1413/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1413/2025

08.01.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1413/2025 08.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyədin qızının sədrliyi, Hüseynov Elvin Eldar oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “ümumi istifadədə olan təbii bulaq suyuna yaradılan maneənin aradan qaldırılması, cavabdehlərin həmin sudan istifadəsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İŞİN HALLARİ:

1. İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 Göygöl rayonu Zurnabad kəndində 2011-ci ildə öz hesablarına 4000 metr ərazidən 40 sm-lik kapron boru vasitəsi ilə yaşadıqları yerə su çəkdiklərini, lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2 2025-ci ilin yaz aylarına çəkdikləri suyun qabağını bağlayıb balıq saxlamaq üçün süni göl yaradaraq sudan onların istifadəsinə maneə yaratdıqlarını, istər məişətdə, istərsə də təsərrüfatda suyun kəsilməyindən çətinliklər yaşadıqlarını iddia etmişlər.

Məhkəmədə icraat:

2. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “ümumi istifadədə olan təbii bulaq suyuna yaradılan maneənin aradan qaldırılması, cavabdehlərin həmin sudan istifadəsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən 2011-ci ildən çəkdikləri və ümumi istifadələrində olan təbii bulaq suyuna yaradılan maneənin aradan qaldırılması və cavabdehlərin qeyd olunan sudan istifadənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onlar Göygöl rayon Zurnabad kəndində yaşayırlar. Yaşadıqları ərazidə içmək və istifadə etmək üçün təbii bulaq suyu olmadığı üçün 2011-ci ildə öz hesablarına 4000 (4 km) metr ərazidən 40 sm-lik kapron boru vasitəsi ilə yaşadıqları yerə su çəkiblər, həmin sudan onların ailə və qonşuluqdakı digər kənd sakinləri də istifadə ediblər. Onlar 2011-ci ildən 2025-ci ilin yaz aylarına qədər heç bir maneə olmadan çəkdikləri bulaq suyundan istifadə ediblər. Cavabdehlər 2025-ci ilin yaz ayında çəkdikləri suyu mənbəyindən kəsiblər. Cavabdehlər süni göl yaradaraq balıq saxlayırlar, ona görə də onlara gələn suyu kəsərək həmin gölə axıdırlar. 2025-ci ilin yaz aylarından bir dəfə də olsun onlara su verməyiblər, onlar hazırda istifadə etdikləri suyu atla, eşşəklə başqa ərazilərdən gətirib istifadə edirlər. Cavabdehlərin günahı üzündən 10- 15 ailə susuz qalıb. Aidiyyəti orqanlara müraciət ediblər, mübahisənin məhkəməyə aid olduğu bildirilir. 4.Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında göstəmişdir ki, onlar 2011-ci ildən bulaq çəkiblər, o vaxtdan indiyə kimi özləri istifadə edirlər. Bulaq özü meşə ərazisində yerləşir. Hər hansı şəxsə aid torpaq sahəsində deyil. 5.Məhkəmə iclasında iştirak edən İddiaçı4 çıxış edərək bildirmişdir ki, iddialarının təmin olunmasını xahiş edirlər. Cavabdehlər konkret olaraq suyu kəsiblər ki, balıq saxlasınlar. 14 ildir ki, o sudan istifadə edirlər. Onlar o suyu şərikli istifadə üçün düzəldiblər. Növbə ilə təsərrüfatı da o su ilə sulayırlar. Onlar hətta təklif ediblər ki, suyun yarısını kəssinlər, yarısı da onlara gəlsin. Cavabdehlər razı olmayıblar. Hətta indi ikinci balıq gölünü yaradırlar. Qeyd edib ki, çəkilən su bulaq suyudur. İçmək üçün də istifadə edirlər. 6.Məhkəmə iclasında iştirak edən İddiaçı1 çıxışında bildirmişdir ki, hamısı o sudan istifadə edir. Yazdan suları kəsilib. Onların evlərindən aşağıda dərə var. Su tələbatlarını ordan su gətirməklə qarşılayırlar. İddianın təmin olunmasını xahiş edirlər. Bağının bağçasının susuzluqdan quruduğunu bildirdi. 7.Məhkəmə iclasında iştirak edən İddiaçı5 Yunus oğlu çıxış edərək iddianın təmin olunmasını məhkmədən xahiş etmişdir. 8.Keçən məhkəmə iclasında iştirak edən İddiaçı3 izahatında göstəmişdir ki, qeyd olunan su heç kəsə məxsus deyil. Ekologiyanın nəzdində yerləşən meşə idarəsindən çıxma bulaqdır. Onlar 14 ildir ki, su borusu vasitəsilə həmin sudan istifadə edirlər. 2025-ci ilin yaz aylarından cavabdehlər həmin bulaqdan suyu çəkərək, suni göl yaradıblar. Onlar hazırda bağlarını sulaya bilmirlər. Buna görə də, məhkəməyə müraciət etməli olublar. O, müvafiq orqanlara müraciət edib, məhkəməyə müraciət etməyi tövsiyə olunub. Həmin orqanlar ona heç bir sənəd verməyiblər. 9.Keçən məhkəmə iclasında iştirak edən Cavabdeh1 çıxışında bildirmişdir ki, iddiaçıların göstərdikləri əsassızdır. Həmin əraziyə İcra nümayəndəliyi baxış keçirib. Onların ərazisindən sonra onlara daha yaxın 3 dənə çay var. Həmin suyun onlara getməsindən kənd sakinlərinin hamısı narazıdır. Mübahisəsi gedən su 20-lik boru ilə keçəcək, az axan sudur. Onun yaratdığı göl ilə həmin suyun arası 300 metrdir. O, həmin yerə vəsait qoyub, göl yaradıb. Onlar ona suyu bölməyi təklif ediblər. Həmin suyu bölsələr, hər iki tərəfin işinə yaramayacaq. O, suyu qanuni şəkildə çəkib. Torpaq sahəsi və göl atasının adınadır. Suyun yerləşdiyi yer onlara daha yaxındır. Onlar təsərrüfatı yaratdıqda bulaq orada olub. O, təsərrüfatı 2025-ci ildə yaradıb. İddiaçıların bulaqdan su çəkdiklərindən xəbərdar olmayıb. Gölün yerləşdiyi torpaq sahəsinə dair sənədləri var. Növbəti məhkəmə iclasında atası sənədləri təqdim edəcəkdir. 10.Məhkəmə iclasında iştirak edən Şahid1 çıxış edərək bildirmişdir ki, onlar 15 ildir ki, çəkilən sudan istifadə edirdilər. 6-7 aydır ki, suları kəsilib. Suyu əvvəllər qonşular olaraq, köməkli şəkildə vəsait qoyaraq onlar çəkiblər. Suyun qarşısını cavabdehlərin kəsdiyini bildirib. 11.Məhkəmə iclasında iştirak edən Şahid2 çıxış edərək bildirmişdir ki, onlar 15 ildir ki, çəkilən sudan istifadə ediblər. 6-7 aydır ki, suları kəsilib. Su hardasa 2010-2011-ci illərdə, meşədən çəkilib. Suyun çəkilməsində iddiaçılar və o olub. Xəzəngül xanım da suyun çəkilməsində təşəbbüskardır. Suyun gəlməməsinin səbəbi başqa şəxslərin suyun qarşısını almasıdır. Digər kənddən olan İdris suyun qarşısını alıb. O balıq saxlamaq üçün balaca bir gölməçə yaradıb. Onlar başqa orqanlara da hazırki problemlə bağlı müraciət ediblər, nəticəsi hələ olmayıb. 12.Məhkəmə iclasında 1 ədəd CD diskdə olan videogörüntüyə baxış keçirilib. Baxış zamanı bulaq suyunun meşə ərazisində həqiqətən çəkilməsi, həmin suyun axının süni göl tərəfə aparılması, cavabdehlərin istifadəsində olan və balıq saxlanılması üçün yaradılmış göl olması öz təsdiqini tapmışdır.

13. Məhkəmə baxış iclasının yeri və vatı barədə tərəflərə rəsmi məlumat verilmişdir. Göygöl RİHB Aşıqlı kənd İƏD üzrə nümayəndəliyinin 08 yanvar 2026-cı il tarixli məktubunda Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verildiyi qeyd edilmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq: 14.Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsi mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların məhkəmə müdafiəsi və s. prinsiplərini təsbit etmişdir. 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

16. Azərbaycan Respublikası Su Məcəlləsinin:

1. su obyektinin istifadəçisi — su obyektlərindən istifadə hüququ verilmiş fiziki və ya hüquqi şəxs;

31. Su obyektlərinin mülkiyyətçisi olmayan hüquqi və fiziki şəxslər su obyektləri üzərində aşağıdakı hüquqlara malik ola bilərlər: su obyektlərindən uzunmüddətli istifadə; su obyektlərindən qısamüddətli istifadə; su obyektlərindən məhdud istifadə (su servitutları).

17.Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1.və 76.2. maddələri). 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə: 18.Məhkəmə iddiaçıları, şahidləri və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

19. İşin faktiki halıdır ki, Göygöl rayonu Zurnabad kənd sakinləri-hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 kənd ərazisində içməli su qaynağı olmamağı səbəbindən 2011-ci ildə öz vəsaitləri hesabına yaxın meşə ərazisindən 4 km uzunluqda su xətti çəkmişlər. Həmin sudan iddiaçıların və digər kənd əhalinin məişət və təsərrüfat ehtiyaclarının ödənilməsində istifadə edilmişdir.

20. Bundan sonra 2025-ci ilin yaz aylarından qeyd olunan su xəttindən keçən sudan iddiaçılar istifadə edə bilməmiş, səbəb kimi cavabdehlərinin ailə təsərrüfatı əsasında su xəttinin başlanğıc yerinə yaxın balıqçılıq məqsədilə süni göl yaratmaları olmuşdur.

21. Məhkəmə araşdırılması zamanı cavabdeh Amil Məmmədov balıqçılıq təsərrüfatına sahib olmalarını, həmin su xəttinin başlanğıc yerinə yaxın yerdə olmasını, su ehtiyacının məhz bu səbəbdən həmin bulaqdan ödənilməsini, su axarının gur olmaması səbəbindən sudan Zurnabad kənd sakinləri ilə müştərək istifadənin mümkün olmamasını bildirmişdir.

22. Habelə, təqdim edilən video görüntülərdə həqiqətən meşədən çəkilən su xəttinin nazik su borusu olması, su xəttinin axımının süni yaradılan gölə tərəf olması, həmin yerdə balıqçılıq təyinatlı süni göl olması, ərazidə təsərrüfat sahibinin iştirakı ilə baxış aparılması müəyyən edilir.

23. İş materiallarına əlavə edilmiş Göygöl rayon Topalhəsənli bələdiyyəsi tərəfindən Göygöl rayon Məhkəməsinə təqdim edilməsi üçün verilmiş arayışda bildirilir ki, Göygöl rayon Zurnabad kəndində yaşayan İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı5 və İddiaçı4 2011-ci ildən öz vəsaitləri hesabına 4000 (dörd min) metr ərazidən 40 sm-lik kapron boru vasitəsi ilə təbii su çəkərək 9-10 ailə olmaqla istifadə etmişlər. 2025-ci ilin yaz aylarından Göygöl rayon Üçbulaq kənd sakinləri Cavabdeh1 və İdris Mamedov tərəfindən qeyd olunan su tamamilə kəsilərək sonuncular tərəfindən balıq saxlanılması üçün yaradılmış süni gölə axıdılır. Həmin vaxtdan da kənd sakinlərinə suyun verilməsi tamamilə dayandırılmışdır. 24.Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X11 X9 Sistemlərinin İstismarı İdarəsi tərəfinən 17 noyabr 2025-ci il tarixdə Göygöl rayon Məhkəməsinə təqdim edilmək üçün verilmiş arayışda bildirilir ki, Göygöl rayon Zurnabad kənd sakini şəhid anası X5 14 il bundan qabaq 6 ailə ilə birlikdə vəsait yığaraq öz hesablarına Göygöl rayon Üçbulaq kəndi və Zurnabad kəndi aralığında yerləşən meşə massivindən 4000 metr uzunluğunda içməli su xətti çəkmişlər. Həmin su xətti, Meşə massivində yerləşən su tutarı X9 Sistemlərinin İstismarı İdarəsinin balansında deyildir. Üçbulaq kənd sakini Məmmədov Amil və atası Cavabdeh2 tərəfindən vətəndaşların öz hesabına çekdiyi içməli su xəttinə müdaxilə olunmuş və qarşısı kəsilərək balıq gölü yaradılmışdır. Bu isə 20 nəfərdən artıq sakinin susuz qalmasına səbəb olmuşdur. İctimai bulaq hesab edilən sudan qeyri-qanuni əsaslarla, yəni Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən icazə alınmadan süni göl yaradaraq balıq saxlamaq, Su Məcəlləsi haqqında Azərbaycan Respublikasının Qanunun 40-cı maddəsində qeyd olunan “Su obyektlərinin istifadə qaydalarının pozulması” və “Akvakulturanın həyata keçirilməsi Qaydası’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 256 nömrəli qərarının 3-cü maddəsində qeyd olunan Akvakultura infrastrukturunun yaradılması və istifadəsi ilə bağlı müvafiq bəndlərinin pozulmasına gətirib çıxarmışdır. Əlavə olaraq yaradılmış süni gölün, Fövqəladə Hallar Nazirliyindən Təhlükəsizlik bəyannaməsi ilə bağlı sənədi olmadığı üçün, kənd üçün təhlükə mənbəyi hesab edilir. Bununla əlaqədar olaraq X9 Sistemlərinin İstismarı İdarəsi, Topalhəsənli kənd bələdiyyəsi, Göygöl rayon Bələdiyyəsi və Suların İstifadəsinə və X6 Xidmətinin 10 saylı X1 əməkdaşları ilə məsələyə yerində baxılmış və mövcud hal xx.xx.2025-ci il 65 nömrəli aktla təsdiq edilmişdir. Monitorinq zamanı Cavabdeh2 adlı şəxs, yaradılmış süni gölün icazəsi ilə bağlı heç bir sənəd təqdim etməmiş, yalnız X10 Edənlər Birliyi ilə su müqaviləsi olduğunu bildirmişdir. Buna müvafiq olaraq, X9 Sistemlərinin İstismarı İdarəsi tərəfindən X10 Edənlər Birliyinə sənədin düzgün olub-olmaması ilə bağlı sorğu göndərmişdir. X10 Edənlər Birliyi cavab olaraq Cavabdeh2 adlı şəxsin müqavilədə göstərilən təyinatdan fərqli olaraq həmin suvarma suyunun balıq gölünə axıtdığı üçün müqaviləsinə xitam verdiyini bildirmişdir və bununla bağlı 18 sentyabr 2025-ci il 04 nömrəli arayışla rəsmi formada Göygöl rayon İcra Hakimiyyəti Başçısı Aparatına da məlumat verdiyini bildirmişdir. 25.Göygöl bələdiyyəsinin sədri Oktay Məsimov, Topalhəsənli bələdiyyəsinin sədri Yelman Bayramov, Göygöl SMSll-nin ümumi şöbə rəisi Gündüz Cəlilov, Göygöl SMSİİ baş energetiki Binyamin İbrahimli, Suların İstifadəsinə və X6 Xidmətinin 10 saylı Gəncə- Daşkəsən bölməsinin mühəndisi Altay Ələkbərov, Göygöl rayon Zurnabad kənd sakinləri ( şikayətçi) İddiaçı3 və İddiaçı5 iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli 65 №-li aktda göstərilmişdir ki, Göygöl rayon Zurnabad kənd sakinlərinin şəhid anası İddiaçı1 və digərlərinin Azərbaycan Respublikasının Prezident Administrasiyasına ünvanladıqları kollektiv müraciətlə bağlı Göygöl Bələdiyyəsinin, Göygöl rayon Topalhəsənli bələdiyyəsinin, Göygöl SMSll-nin mütəxəssislərinin və şikayətçilərin birgə iştirakı ilə adı çəkilən Üçbulaq (Murud) kəndində olublar və araşdırma aparılıb. Araşdırma zamanı müəyyən olunub ki, Zurnabad kənd sakinlərinin 14 il bundan qabaq 4000 metr uzunluğunda Üçbulaq (Murud) kəndinin təxminən 3 km kənarından yaşadıqları kənddə 6 ailənin suvarma, içməli və məişət suyundan istifadə üçün su xətti çəkmişlər. Lakin 2025-ci ilin əvvəllərində kənd sakini Amil adlı şəxs və digərləri Üçbulaq (Murud) və Zurnabad kəndlərinin arasındakı xəttin mənbəyindən aşağıda suyun qarşısını kəsərək şəxsi mülkiyyətində süni göl yaratmışdır. Həmin göl vasitəsilə balıqlar bəslənilir və sahədəki ağaclar suvarılır. Araşdırma zamanı Amil adlı şəxsin qardaşı, onlara gölün təyinatı ilə bağlı heç bir sənəd təqdim etməmişdir. Bildiriblər ki, Göygöl rayon Üçbulaq ( Murud) kəndində X9 Sistemləri İdarəsinin heç bir suvarma, içməli və kanalizasiya şəbəkəsi mövcud deyildir. Aktı tərtib edənlər aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişdirlər. 26.X4 Birliyi tərəfindən 18 sentyabr 2025-ci il tarixdə verilmiş arayışda bildirilir ki, Üçbulaq kənd sakini Cavabdeh2 ilə həmin kənddə özünə məxsus olan 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində salınmış bağın suvarılması üçün X10 Edənlər Birliyi ilə 30 iyun 2025-ci il tarixli müqavilə bağlanmışdır. Lakin vətəndaş sonradan müqavilədə göstərilən təyinatdan fərqli olaraq, balıq gölü yaradaraq həmin suvarma suyunu gölə sutka ərzində davamlı olaraq axıtmışdır. Bununla əlaqədar olaraq, vətəndaş Cavabdeh2 ilə bağlanmış müqaviləyə xitam verilmiş və hal-hazırda bağlanmış müqavilə əsassızdır.

27. Göründüyü kimi idiaçılar tərəfindən Üçbulaq meşəsi adlanan ərazidən öz vəsaitləri hesabına Zurnabad kənd sakinlərinin məişət və təsərrüfat ehtiyaclarının ödənilməsi üçün su xəttinin çəkilməsi və həmin su xəttinin cavabdehlərinin balıq təsərrüfatı yaratması səbəbindən axımının dəyişdirilərək iddiaçıların istifadəsinə maneə yaradılması iş üzrə yuxarıda qeyd edilən toplanmış sübutlarla təsdiq olunmuşdur.

28. Digər tərəfdən cavabdehlərin süni göl yaradaraq balıqçılıq fəaliyyəti ilə məşğul olmasına dair hər hansı icazəsi olmamış, su tutarı müvafiq orqandan razılaşma əldə etmədən yaradılmışdır. Habelə, hazırki iddia premeti olan bulaq suyundan çəkilən xətt X9 Sistemlərinin İstismarı İdarəsinin balansında olmamış, su xəttinin iddiaçılar tərəfindən və onların istifadəsi məqsədilə çəkilməsi Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X11 X9 Sistemlərinin İstismarı İdarəsi tərəfinən 17 noyabr 2025-ci il tarixli məktubunda əks olunmuşdur. Bu hal iddiaçıların hazırki tələb üzrə subyektiv hüququnun mövcudluğuna dəlalət edir.

29. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).

30. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən iddiaçılar tərəfinən çəkilmiş Göygöl rayonu Zurnabad kəndində yerləşən 2011-ci il tarixdə çəkilmiş və ümumi istifadələrində olan təbii bulaq suyuna yaradılan maneə aradan qaldırılmalı, həmin bulaq suyundan istifadə cavabdehlərə qadağan edilməlidir. 31.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 tərəfindən 2011-ci il tarixdə çəkilmiş və ümumi istifadələrində olan təbii bulaq suyuna yaradılan maneə cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən aradan qaldırılsın. İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 tərəfindən 2011-ci il tarixdə çəkilmiş və ümumi istifadələrində olan təbii bulaq suyundan cavabdehlər Cavabdeh1, Cavabdeh2 istifadəsi qadağan edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar