Məhkəmə qərarları › İş №2(066)-1426/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1426/2023

20.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1426/2023 20.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin binasında 20 dekabr 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə ailə münasibətlərindən xx.xx.2009-cu il tarixdə doğulmuş oğulları Orxanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(040)-863/2018 saylı mülki iş üzrə çıxarılmış qətnaməsi ilə müəyyən edilmiş 120 manat məbləğində alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi və ilkin mediasiya prosesində iştiraka görə ödədiyi 55 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Volodya oğlu ilə 2006-cı ildə nişanlanmışlar, 4-5 ay nişanlı qaldıqdan sonra 2007-ci ildə cavabdeh iddiaçını qaçırdaraq aparmışdır. Həmin vaxt toyları oldu cavabdeh onu Göygöl rayonu Quşqara kəndinə atası Volodya Məmmədovun evinə gəlin apardı. Nikahlarını cavabdehin səhlənkarlığından rəsmiləşdirməmişlər. Onların birgə ailə münasibətlərində yaşadıqları vaxt xx.xx.2009-cu ildə Orxan adlı bir oğulları doğulmuşdur. Uşaqları anadan olan zaman rəsmi nikahları olmadığı üçün iddiaçı, uşağın doğum haqqında şəhadətnaməsini 4 nömrəli forma əsasında almışdır. 2009-cu ildə ailələrində olan narazılığa görə cavabdeh onu döyərək yaşadıqları evdən qovmuşdur. Bundan sonra o, atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin müvafiq qətnaməsinə əsasən atalığın müəyyən edilməsi və azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin cavabdehdən tutulması qət edilmişdir. Sonuncu dəfə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(040)- 863/2018 saylı mülki iş üzrə çıxarılmış qətnaməsi ilə alimentin miqdarı artırılaraq 120 manat müəyyən edilmişdir. Cavabdeh bir dəfə də olsun uşağı ilə maraqlanmamış, uşağın saxlanması üçün əlavə olaraq heç bir maddi və mənəvi köməklik etməmişdir. İddiaçı halhazırda rəsmi olaraq heç bir yerdə işləmir, yalnız müəyyən vaxtlarda Şəmkirdə parnikdə işləməyə gedir və uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Cavabdeh isə rəsmi olaraq işləməsə də fərdi əməklə məşğul olur və qəssab kimi kifayət qədər qazancı olur. Onun qazancı qeyri-müntəzəm və dəyişən olduğu üçün iddiaçı istəyir ki, uşağın saxlanması üçün kəsilən aliment sabit pul məbləğində müəyyən edilsin. İddiaçı ailə münasibətlərindən irəli gələn mübahisəni həll etmək üçün qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh ilkin mediasiya prosesinə gəlməmişdir, ona görə də mediator cavabdehin ilkin mediasiya sesiyasında iştirak etməməsi barədə ona arayış təqdim etmişdir. Bundan sonra o, qanunvericiliyin tələbinə uyğun olaraq ardıcıl olaraq hazırki iddia ilə məhkəməyə müraciət edir. Ona görə Cavabdeh, oğulları Orxanın yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(040)-863/2018 saylı mülki iş üzrə çıxarılmış qətnaməsi ilə müəyyən edilmiş 120 manat məbləğində alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında iddianı müdafiə etməsini, 120 manat aliment almasını, son vaxtlar özünün işləməməsini, Vüsalın qəssab işləməsini, özünün yenidən ailə qurmamasını və xəstə olmasına görə işləyə bilməməsini, cavabdehin əlavə heç bir məbləğdə ona pul ödəməməsini, 120 manat aliment məbləği ilə uşağına baxa bilməməsini bildirdi və göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 izahatında iddianı qəbul etməməsini, belə ki, qardaşı olan Cavabdeh hazırda işləməməsini, arabir fəhləliklə məşğul olmasını, həmçinin onun öhdəsində 3 azyaşlı uşaqları olmasını bildirdi və ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə 1 saylı Mediasiya Təşkilatının 12 sentyabr 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci ödəmişdir. İşdə olan Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli, AZ-T 243949 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01 mart 2009-cu ildə anadan olmuş X2 atası Cavabdeh Valod oğlu, anası isə İddiaçıdır və o, yetkinlik yaşına çatmamışdır. İşdə olan Quşqara kənd inzibati ərazi üzrə nümayəndəliyinin 25 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Göygöl rayonu Bəhrəmbəy kəndində müvəqqəti olaraq məskunlaşmış və yaşayır. İşdə olan AA seriyalı 216814 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1989-cu ildə anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmaları üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmaları əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda sadalanan uşağın hüququnu müdafiə edən Qanun normalarını əsas götürüb İddiaçı iddia tələbini qismən təmin edərək 01 mart 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün 120 (bir yüz iyirmi) manat təyin edilmiş alimentin məbləğinin artırılaraq hər ay 180 (bir yüz səksən) manat məbləğdə aliment müəyyən edilməklə İddiaçı xeyrinə ödənilməsini məqsədə müvafiq və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli Cavabdeh 01 mart 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(040)-863/2018 saylı mülki iş üzrə çıxarılmış qətnaməsi ilə müəyyən edilmiş 120 manat məbləğində alimentin miqdarı artırılaraq hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment müəyyən edilməli və iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməli və iddianın qalan hissəsi isə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 01 mart 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(040)-863/2018 saylı mülki işi üzrə çıxarılmış qətnaməsi ilə müəyyən edilmiş 120 manat məbləğində alimentin miqdarı artırılaraq hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment müəyyən edilsin və iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar