Məhkəmə qərarları › İş №2(066)-1476/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1476/2023

30.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1476/2023 30.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldırıb iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2012-ci ildə anadan olmuş X1 və xx.xx.2014-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında iddia ərizəsini müdafiə edərək göstərdi ki, Göygöl rayon məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü qızı X1 və xx.xx.2014-cü il təvəllüdlü X4 hər birinin saxlanılması üçün hər ay 100 manat sabit məbləğdə aliment qət edilmişdir. Uşaqlar böyüdükcə maddi tələbatları artır. Uşaqları ilə kirayədə yşayır. Özü 175 manat əmək haqqı alır. Cavabdeh fəhlədir günə 25 manat qazancı olur. Buna baxmayaraq uşaqlarının saxlanılmasına alimentdən əlavə maddi köməklik göstərmir. Uşaqlarının ehtiyaclarını ödəyə bilmədiyindən həmin iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 izahatında iddianı qismən qəbul edərək göstərdi ki, oğlu Cavabdeh uşaqlarının hər birinin saxlanılması üçün 100 manat olnaqla cəmi 200 manat aliment ödəyir. Qalib fəhləlik edir qazancı qeyri bərabər olmaqla qış aylarında işi zəif olur.Məhkəmədən ədalətli qərar verilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümsyəndəsinin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ 993153 və AZ-İİİ 290377 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2012-ci ildə anadan olmuş X1 və xx.xx.2014-cü ildə anadan olmuş X4 ataları Cavabdeh anaları isə İddiaçıdır. İş materiallarında olan Göygöl rayon məhkəməsinin 02 iyul 2019-cu il tarixli 2(066)- 837/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2012-ci ildə anadan olmuş X1 və xx.xx.2014-cü ildə anadan olmuş X4 hər birinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit məbləğdə 100 manat olmaqla cəmi 200 manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli arayışda İddiaçı xx.xx.2023-cü il tarixdən NAR MOBİLE şirkətində yarım ştat satıcı vəzifəsində işlədiyi və yarım ştat cədvəlinə uyğun olaraq əmək haqqının 175 manat təşkil etdiyi göstərilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı müraciət etmiş, lakin Cavabdeh mediasiya sessuyasında iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası xərci olaraq 55 manat ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda sadalanan uşağın hüququnu müdafiə edən Qanun normalarını əsas götürüb İddiaçı iddia tələbini qismən təmin edərək hər ay Sahibə və Umud adlı uşaqları üçün təyin edilmiş 100 (bir yüz) manat alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat müəyyən edilməsini məqsədə müvafiq və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2019-cu il tarixli, 2(066)-837/2019 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2012-ci ildə anadan olmuş X1 və xx.xx.2014-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı xeyrinə tutulan 100 manat cəmi 200 mabnat alimentin məbləği artırılaraq 170 manat cəmi 340 manat müəyyən edilməli və alimentin tutulmasına Göygöl Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2023-cü il tarixli, 2(066)-1476/2023 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. İddianın qalan hissəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci ildə anadan olmuş X1 və xx.xx.2014-cü ildə anadan olmuş X4 hər birinin yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 100 (bir yüz) manat alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçn 170 (bir yüz yetmiş) manat olmaqla 340 manat (üç yüz qirx) manat müəyyən edilsin. Artırılmış alimentin tutulmasına Göygöl Rayon Məhkəməsinin bu iş üzrə 30 noyabr 2023cü il tarixli, 2(066)-1476/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu Dövlət Büdcəsinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar