Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-241/2025 23.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı 10 saylı X3 Mərkəzinin Cavabdeh qarşı "vurulmuş zərərin ödətdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı 10 saylı X3 Mərkəzi Cavabdeh qarşı "vurulmuş zərərin ödətdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Tülallar kəndində yaşayan Cavabdeh tərəfindən X8 vurulmuş 279,80 (iki yüz yetmiş doqquz manat səksən qəpik) manat məbləğində ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 noyabr 2024-cü il tarixdə mərkəzin Zurnabad meşəbəyliyinin 03 saylı meşə dolayısının meşə gözətçisi X2 məlumatı əsasında 19 noyabr 2024-cü il tarixdə Mərkəzin əməkdaşları və meşə gözətçisinin iştirakı ilə dolayının ərazisindən Göygöl rayon Tülallar kəndində yaşayan Cavabdeh qanunsuz olaraq 3.13 m3 həcmində 5 ədəd köküstə yaş ağacları kəsib apardığı müəyyən edilərək, barəsində akt tərtib edilmişdir. Ona görə də oduncağın nırx dəyərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarın 7 nömrəli əlavəsinə əsasən Göygöl rayonu, Tülallar kəndində yaşayan Cavabdeh tərəfindən X8 279,80 (iki yüz yetmiş doqquz manat səksən qəpik) manat məbləğində ziyan vurulmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, Cavabdeh tərəfindən 18 noyabr 2024-cü il tarixdə ümumilikdə 3.13 m3, göyruş cinsindən olan ağaclar kəsilərək meşə fonduna 279.80 manat məbləğində ziyan dəymişdir. Cavabdeh inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti 10 saylı X3 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş 19 noyabr 2024-cü il tarixli, 003881 nömrəli aktın surətindən görünür ki, 3 saylı meşə dolayısının meşə gözətçisi X2 mərkəzə verdiyi məlumat əsasında 19 noyabr 2024-cü il tarixdə 3 saylı meşə dolayısında meşə pozuntusu olan yerə baxış keçirmədən əvvəl meşə pozuntusunu törətmiş Göygöl rayonu Tülallar kənd sakini Cavabdeh yaşadığı evə gedilərək ona araşdırılmada iştirak etməsini təklif etmişlər. Lakin, Cavabdeh onlarla getməyəcəyini və yazılan akta imza etməyəcəyini bildirmişdir. Odur ki, onun iştirakı olmadan meşə pozuntusunun baş verdiyi yerə baxış keçirmişlər. Araşdırma zamanı diametri diametri 20 sm 1 ədəd; diametri 24 sm olan 1 ədəd; diametri 32 sm olan 2 ədəd və diametri 36 sm olan 1 ədəd göyruş cinsindən olmaqla ümumilikdə 5 ədəd yaş ağacların kəsilib aparılması məlum olmuşdur. Həmin ağacların kötüklərinin ölçüləri qeydə alınaraq meşəbəyi X4 məxsus N-003 damğa ilə damğalanaraq qeydə alınmışdır. İşdə olan Meşələrin İnkişafı Xidmətinin 10 saylı X3 Mərkəzi tərəfindən Göygöl rayon Tülallar kənd sakini Cavabdeh ünvanlanmış 3-14-27-11/2-246/2024 nömrəli, xx.xx.2024cü il tarixli məktubundan görünür ki, ona qanunsuz ağac kəsdiyinə görə 279 manat 80 qəpik məbləğində DMF-na ziyan vurmasını, cəriməni 10 iş günü müddətində könüllü olaraq ödəməsini, əks halda qanunvericiliyə uyğun olaraq barəsində toplanmış materialın məhkəməyə göndəriləcəyi bildirilmişdir. İşdə olan 19 noyabr 2024-cü il tarixli imtina aktının surətindən görünür ki, Cavabdeh akta imza etməkdən imtina etmişdir. İşdə olan Zurnabad meşəbəyliyinin 3 saylı meşə gözətçisi X6 tərəfindən verilmiş məlumatdan görünür ki, Göygöl rayon Tülallar kənd sakini Cavabdeh tərəfindən 2024-cü ilin istifadəsi üçün ayrılmış sahədən qanunsuz olaraq 5 ədəd köküstə yaş göyruş cinsindən olan ağacları kəsib aparmasını müəyyən etmişdir. Odur ki, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında MN seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən 10 saylı RMTM-nin Hacıkənd meşəbəyliyinin 3 saylı meşə dolayısında 5 (beş) ədəd köküstə yaş ağacların qanunsuz kəsildiyinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan Zurnabad meşəbəyliyinin 3 saylı dolayısının 21-ci kvartalında yoxlama zamanı Cavabdeh tərəfindən meşə pozuntularına yol verilməsinə görə həcm və qiymətləndirmə cədvəlindən görünür ki, Cavabdeh qanunsuz olaraq meşə ərazisindən ağacları kəsdiyinə görə DMF-na ümumilikdə 279,80 (iki yüz yetmiş doqquz manat səksən qəpik) manat məbləğində ziyan vurmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 10 saylı X3 Mərkəzi Cavabdeh qarşı "vurulmuş zərərin ödətdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 noyabr 2024-cü il tarixdə mərkəzin Zurnabad meşəbəyliyinin 03 saylı meşə dolayısının meşə gözətçisi X2 məlumatı əsasında 19 noyabr 2024-cü il tarixdə Mərkəzin əməkdaşları və meşə gözətçisinin iştirakı ilə dolayının ərazisindən Göygöl rayon Tülallar kəndində yaşayan Cavabdeh qanunsuz olaraq 3.13 m3 həcmində 5 ədəd köküstü göyruş cinsindən müxtəlif diametrli köküstü yaş ağacları kəsib apardığı müəyyən edilərək, barəsində akt tərtib edilmişdir. Ona görə də oduncağın nırx dəyərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarın 7 nömrəli əlavəsinə əsasən Göygöl rayonu, Tülallar kəndində yaşayan Cavabdeh tərəfindən X8 279,80 (iki yüz yetmiş doqquz manat səksən qəpik) manat məbləğində ziyan vurulmuş və bu əməlinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1ci maddəsi ilə 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Mövcud qanunvericiliyə uyğun olaraq cavabdehin vurduğu ziyanın könüllü ödənilməsi ona təklif olunsa da, o buna məhəl qoymamış və X5 tərəfindən vurulmuş ziyanın əvəzi ödənilməmiş, bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən iddia tələbinə münasibəti öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. MPM-nin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-nin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. MM-nin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Yəni, Cavabdeh davranışına görə iddiaçı 10 saylı X3 Mərkəzinə vurulmuş zərərin əvəzinin ödənilməsi üçün ilk növbədə cavabdehin davranışı hüquqa zidd olmalı, daha sonra həmin davranışla vurulmuş zərər arasında səbəbli əlaqə olmalı, son olaraq cavabdehin həmin davranışa görə təqsiri sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Cavabdeh mülki hüquqi məsuliyyəti, yəni öz hüquqa zidd davranışı ilə 10 saylı X3 Mərkəzinə 279,80 manat ziyan vurması iş materiallarında olan sənədlərə tam sübuta yetirilir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1 -ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər ("Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir ("Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Cavabdeh mülki hüquqi məsuliyyəti, yəni öz hüquqa zidd davranışı ilə 10 saylı X3 Mərkəzinə 279,80 manat ziyan vurması öz təsdiqini tapdığından iddia tələbi təmin edilməli, ziyan məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı büdcədən maliyyələşən təşkilat olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. Həmin Qanunun 9.4-cü və Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2.-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda-30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 279,80 manat olması və iddia tələbinin təmin edilməsi nəzərə alınaraq, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 279,80 (iki yüz yetmiş doqquz) manat pul tutularaq 10 saylı X3 Mərkəzinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz manat) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-241/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-241/2025
23.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver