Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-329/2025 16.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı Kərimli (Abbasova) Rəqsanə Rza qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə məhkəmə iclasından kənar baxaraq, müəyyənetdim: İddiaçı Kərimli (Abbasova) Rəqsanə Rza qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayon Məhkəməsinin 25 mart (aprel) 2022-ci il tarixli 2(066)- 104/2022 nömrəli qətnaməsi əsasında Cavabdeh, birgə nikahlarından doğulmuş 17 iyun 2013-cü il təvəllüdlü X3 və 26 iyun 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 140 (yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat tutulan aliment pulu yetkinlik yaşma çatmayan uşaqların tələbatını tam ödəmədiyini nəzərə alıb, həmin alimentin miqdarı artıraraq, birgə nikahdan anadan olmuş 17 iyun 2013-cü il təvəllüdlü X3 və 26 iyun 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa görə məbləği artırılaraq, hər ay, hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq o, iddiaçı Kərimli (Abbasova) Rəqsanə Rza qızına ödənilməsi və eləcə də ödədiyi ilkin mediasiya keçirilməsi üçün 60 (altmş) manat məbləğində mediasiya xərcini, Cavabdeh tutularaq o iddiaçı Kərimli (Abbasova) Rəqsanə Rza qızına ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edimiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə yolverilməz əsaslarla məhkəməyə verildiyindən məhkəmə icraatına qəbul edilməsindən imtina olunmalıdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-104/2022 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, iddiaçı X4 ilə Cavabdeh arasında 11 aprel 2013-cü il tarixdə Göygöl rayonu, Quşqara kənd icra nümayəndəliyində bağlanmış 06 nömrəli nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmamış uşaqları 17 iyun 2013-cü il təvəllüdlü X3 və 26 iyun 2015-ci il təvəllüdlü X1 anasl, yəni iddiaçı X2 yanında saxlanılması, Cavabdeh 17 iyun 2013-cü il təvəllüdlü X3 və 26 iyun 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 140 manat olmaqla cəmi 280 (iki yüz səksən) manat alimentin iddiaçının xeyrinə tutulması, alimentin tutulmasına 22 oktyabr 2021-ci il tarixdən başlanılması, Cavabdeh 53,60 (əlli üç manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinin xeyrinə tutulması, qətnamənin “alimentlə bağlı hissəsinin” dərhal icraya yönəldilməsi və qətnamə icraya yönəldikdən sonra Göygöl Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(066)-1359/2021 nömrəli qərardadı əsasında verilmiş icra vərəqəsinin icraatına xitam verilməsi qət edilmişdir Hazırda məhkəməyə verilmiş “alimentin artırılması” tələbinə dair ərizə “Yaşayış Minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üzrə 246 manat uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artırılmasına istinad edilməklə əsaslandırılmış və iddianın mahiyyəti indeksasiya xarakteri daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-3-cü bəndində göstərilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”. Həmin Qərarın 8.9-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət MPM-in 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında MPM-in 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Qərarın 8.9-2-ci bəndində göstərilmişdir ki, Alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və hər iki halda iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər, yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması qətnamənin icra qaydasında baxılır. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 232-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 153.2.1-ci maddəsində imperativ qaydada müəyyən olunur ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyilsə hakim iddianın yolverilməzliyinə görə iddianı qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinin tələbinə görə hakim ərizəni təmin etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddiaçının hansı orqana və ya məhkəməyə şikayət etməli olmasını orada göstərir. Mülki Prossesual məcəllənin 153.4-cü maddəsində göstərilir ki, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə ərizənin dəlillərini və yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi uşaqlar üçün 2025-ci il üzrə artırılmış yaşayış minimum məbləğinin artımına əsaslanır və iddianın mahiyyəti indeksasiya xarakteri daşıyır, ərizə məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Ərizənin qəbul edilməsindən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmçinin ərizəçinin diqqətinə çatdırılır ki, ərizədə göstərilən məsələ qətnamənin icrası qaydasında Ailə Məcəlləsinin 110-cu və MPM-in 232ci maddələri ilə həll edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Kərimli (Abbasova) Rəqsanə Rza qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına götürülməsindən imtina edilsin. Ərizəçiyə izah olunur ki, qeyd edilən tələblə baglı qətnamənin icra qaydasında müraciət edə bilər. İddia ərizəsi ona əlavə olunmuş bütün sənədlərlə birlikdə onu vermiş şəxslərə rəsmi qaydada geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-329/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-329/2025
16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver