Məhkəmə qərarları › İş №2(066)-358/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-358/2024

15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-358/2024 15.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X8 Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 oktyabr 2008-ci il təvəllüdlü X3, 23 aprel 2011-ci il təvəllüdlü X2 və 02 sentyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər bir uşağa görə 50 (əlli) manat, cəmi 150 (bir yüz əlli) manat qət edilən alimentin məbləği artırılaraq hər ay hər bir uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment müəyyən edilməklə onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Göygöl Rayon Məhkəməsinə müraciət etməmişdən əvvəl Mediasiya şurasına alimentin artırılması tələbinə dair müraciət etmişdir. Mediasiya reyestrində MŞG1MT007/2023 nömrə ilə qeydiyyatdan keçmişdir. Cavabdehin təşkilatda iştirak etməməsinə görə ona 19 yanvar 2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Bildirir ki, 2008-ci ildə Cavabdeh ilə rəsmi nikahlarını qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından 21 oktyabr 2008-ci il təvəllüdlü X6, 23 aprel 2011-ci il təvəllüdlü X5 və 02 sentyabr 2012-ci il təvəllüdlü X7 adlı 3 nəfər uşaqları anadan olmuşdur. Uşaqlar həmin vaxtdan özünün öhdəsində yaşayır. Məhkəmənin 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah qeydiyyatı pozulmuş və 3 nəfər uşağın yetkinlik yaşına çatana qədər saxlanmalarına görə cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə 50 manat, cəmi 150 manat aliment qət edilmişdir. Məlum edir ki, hər uşağa 50 manat aliment məbləği uşaqlarının tələblərini heç ödəmir. Uşaqların gündəlik tələbatı üçün xeyli miqdarda pul tələb olunur. Həmçinin uşaqlar məktəbə və hazırlıqlara gedir. Qət olunan 50 manat məbləğ uşaqların ehtiyaclarını ödəmir. Uşaqlarına baxa bilmir. Özünün isə maddi vəziyyəti olduqca ağırdır. Heç bir yerdə işləmir, başqa gəliri yoxdur. Özü uşaqları ilə birgə kirayədə yaşayır. Cavabdeh isə Rusiya Federasiyasında bizneslə məşğul olur və RF-na gedib-gəlir, onun yaxşı gəliri vardır. Buna baxmayaraq cavabdeh maddi cəhətdən uşaqlarına əlavə heç bir yardım etmir. Onun 21 oktyabr 2008-ci il təvəllüdlü X3, 23 aprel 2011-ci il təvəllüdlü X2 və 02 sentyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment verməyə imkanı vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehin yüksək qazanc əldə etməsi ilə bağlı heç bir sübutu yoxdur və onun gördüyü işlər dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-622/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 08 yanvar 2008-ci ildə Göygöl rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmiş 01 saylı nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahından doğulmuş 21 oktyabr 2008-ci il təvəllüdlü X6, 23 aprel 2011-ci il təvəllüdlü X5 və 02 sentyabr 2012-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ataları Cavabdeh hər ay bir uşaq üçün 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş AZ- İİ seriyalı, 178452 nömrəli, AZ-İİ seriyalı, 649859 nömrəli və AZ- İİ seriyalı, 919260 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü Leyla, xx.xx.2011-ci il təvəllüdlü Nərmin və xx.xx.2012-ci il təvəllüdlü Elvin adlı uşaqları doğulmuşdur. Valideynləri- atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 19 yanvar 2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat mediasiyaya dair xərci ödəmişdir Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-622/2022 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü Leyla və xx.xx.2011-ci il təvəllüdlü Nərmin və xx.xx.2012-ci il təvəllüdlü Elvin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 50 (əlli) manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçmiş, uşaqlar böyüdüyü və onların xərclərinin artdığı üçün qət edilmiş 50 manat məbləğdə aliment uşaqların saxlanması üçün yetərli olmadığından, cavabdeh uşaqların saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən hər uşaq üçün 50 manat məbləğində aliment xx.xx.2022-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən iki ildən artıq müddət keçmiş, yaşayış minimumu, uşaqlar böyüdükcə onların tələbatı və saxlanma xərcləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşaqların təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü Leyla və xx.xx.2011-ci il təvəllüdlü Nərmin və xx.xx.2012-ci il təvəllüdlü Elvin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-622/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş, hər ay bir uşaq üçün 50 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və artırılmış hissədə alimentin illik məbləği, həmçinin iş üzrə iddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 55 (əlli beş) manat məbləğində mediasiya dair xərci ödəməsi nəzərə alınmalı, cavabdehdən 55 (əlli beş) manat məbləğində mediasiya dair xərci tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-622/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2008-ci il təvəllüdlü Leyla və xx.xx.2011-ci il təvəllüdlü Nərmin və xx.xx.2012-ci il təvəllüdlü Elvin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ataları Cavabdeh hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, anaları İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 55 (əlli beş) manat mediasiya xərci tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar