Məhkəmə qərarları › İş №2(066)-376/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-376/2023

16.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-376/2023 16.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı təyin olunmuş alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında 16 mart 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X8 Cavabdeh qarşı təyin olunmuş alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş 07 iyul 2013-cü il təvəllüdlü X7 yekinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş 65 (altmış beş) manat alimentin məbləğinin artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit məbləğdə alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 26 avqust 2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və cavabdehlə birgə nikahlarından 07 iyul 2013- cü il təvəllüdlü X10 adlı uşaqları doğulub. Aralarında yaranan narazılığa görə Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən nikahları ləğv olunmuş, azyaşlı uşağın iddiaçının himayəsində qalması və hər ay 65 manat sabit məbləğdə alimentin tutulması qət edilmişdir. Cavabdeh yalandan 1-ci qrup gözdən əlil kimi pensiya alır və məhkəməni də aldadaraq hər ay 260 manat hər ay pensiya aldığını göstərmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsindən sonra Prezidentin fərmanına əsasən bütün növ pensiyalar 100 faizə qədər artırılmış, o cümlədən də cavabdehin pensiyası artırılmışdır. Hazırda uşaq məktəbə gedir, özü də işləyə bilmir. Aylıq 65 manat uşağın saxlanılmasına yetərli deyil. Ona görə də cavabdehin pensiyası artdığı üçün təyin olunmuş alimentin də məbləği artırılmalıdır. Cavabdeh hazırda 500 manata yaxın pensiya alır. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə verdiyi izahatında iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz ərizəsi daxil olmuşdur. Həmin etiraz ərizəsində göstərmişdir ki, iddiaçı X8 cavabdeh olan oğlu Cavabdeh qarşı təyin olunmuş alimentin məbləğinin artırılması tələbinə dair iddia qaldırmış və məhkəmədən birgə nikahlarından doğulmuş 07 iyul 2013cü il təvəllüdlü X7 yekinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş 65 (altmış beş) manat alimentin məbləğinin artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit məbləğdə alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərdiyi dəlillərə və əlavə etdiyi sübutlara əsaslanaraq iddianın təmin edilməsinə etiraz edir. Göygöl Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə aralarında olan nikah ləğv olunmuş, azyaşlı uşağın ananın himayəsində qalması və hər ay 65 (altmış beş) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli, 2(066)-848/2019 sayli qətnaməsi ilə iddiaçı X8 Cavabdeh qarşı "təyin olunmuş alimentin məbləğinin artırılması tələbinə dair" iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nizami rayon X14 Komissiyasının SER TCE-01 № 970751 (3439) saylı xx.xx.2010-ci il tarixli arayışının notariat qaydasında təsdiq olunmuş surətindən göründüyü kimi Cavabdeh müddətsiz birinci qrup gözdən əlildir və əmək qabiliyyətsizdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə- Daşkəsən regional filialı tərəfindən Göygöl rayon Məhkəməsinə təqdim etmək üçün verilmiş 22 fevral 2023-cü il tarixli arayışdan göründüyü kimi Cavabdeh DSMF publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialından X9 məlumata əsasən müddətsiz 1-ci dərəcə əlilliyə görə ayda 303.74 (üç yüz üç manat 74 qəpik) manat əmək pensiyası alır. X4 65 (altmış beş) manat məbləğində aliment ödənilir. İddiaçı iddia ərizəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağın saxlanılması ün hər ay 220 (iki yüz iyirimi) manat sabit pul məbləğində aliment tutulmasını xahiş etsə də, lakin sabit pul məbləğində tutulmalı alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış və bu xüsusatı təsdiq edən hər hansı sübutu iddiaya əlavə etməmişdir. Eyni zamanda cavabdehin maddi vəziyyətində dəyişiklik, yəni artım olmasını təsdiq edən hər hansı bir sübutu da məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, oğlu Cavabdeh birinci qrup gözdən əlildir və anasının himayəsində yaşayır. Ona anası baxır. İddiaçı bir gəlin kimi oğluna baxmaqdan imtina etmiş və oğlu əlil olduğundan ondan boşanmışdır. Hal-hazırda iddiaçı fərdi əməklə məşğul olmaqla yaxşı qazanc əldə edir. Bu azmış kimi hazırkı iddia ilə də məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 verdiyi izahatında etiraz ərizəsini müdafiə etdiyini, ilkin iddianın əsassız olmasına görə qəbul etməməsini, belə ki, iddiaçı Vüsalə Nəsirovanın rəssam işləməsini, hər şəkildən 200 manat almasını, onun əl qabiliyyəti olmasını, oğlu Cavabdeh isə 1-ci qrup gözdən əlil olmasını, qüsurlu olmasına görə işləyə bilməməsini, ona özünün baxmasını, 2 aydan bir onu Bakıya həkimə aparmasını, hal-hazırda Cavabdeh 303 manat pensiya almasını bildirdi və odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialı tərəfindən verilmiş 22 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh DSMF publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialından X9 məlumata əsasən müddətsiz 1-ci dərəcə əlilliyə görə ayda 303.74 (üç yüz üç manat 74 qəpik) manat əmək pensiyası alır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nizami rayon X14 Komissiyasının SER TCE-01 № 970751 (3439) saylı xx.xx.2010-ci il tarixli arayışının surətindən görünür ki, Cavabdeh müddətsiz birinci qrup gözdən əlildir, başqasının qulluğuna ehtiyyacı vardır və əmək qabiliyyətsizdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin X4 ünvanlanmış 27 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, o, 2(066)-1321/2018 nömrəli, 20 sentyabr 2018-ci il tarixli icra sənədinə əsasən Cavabdeh 26 iyul 2018-ci il tarixdən hesablanmaqla 07 iyul 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 65 (altmış beş) manat sabit pul məbləğində aliment alır. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya Təşkilatının 09 dekabr 2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, X8 ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 063672 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 07 iyul 2013-cü ildə anadan olmuş X7 atası Cavabdeh, anası isə X5r və o, yetkinlik yaşına çatmamışdır. İş materiallarında olan AA saylı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə anadan olmuşdur. İşdə olan Göygöl Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 Cavabdeh qarşı cavabdehlə birgə nikahlarından doğulmuş 07 iyul 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 65 manat alimentin miqdarının artırılaraq hər ay 100 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmaları üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmaları əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda sadalanan uşağın hüququnu müdafiə edən Qanun normalarını və cavabdehin 1-ci qrup gözdən əlil olmasını və əmək qabiliyyətli olmamasını əsas götürüb iddiaçı X3 iddia tələbini qismən təmin edərək 07 iyul 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün 65 (altmış beş) manat təyin edilmiş alimentin məbləği artırılaraq hər ay 80 (səksən) manat məbləğdə aliment müəyyən edilməklə X3 xeyrinə ödənilməsini məqsədə müvafiq və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 07 iyul 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün 65 (altmış beş) manat təyin edilmiş alimentin məbləği artırılaraq hər ay 80 (səksən) manat məbləğdə aliment müəyyən edilməli, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq X3 xeyrinə ödənilməli, artırılmış alimentin tutulmasına Göygöl Rayon Məhkəməsinin bu iş üzrə 16 mart 2023-cü il tarixli, 2(066)-376/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddianın qalan hissəsi isə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 07 iyul 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün 65 (altmış beş) manat təyin edilmiş alimentin məbləği artırılaraq hər ay 80 (səksən) manat məbləğdə aliment müəyyən edilsin və iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq X3 xeyrinə ödənilsin. Artırılmış alimentin tutulmasına Göygöl Rayon Məhkəməsinin bu iş üzrə 16 mart 2023-cü il tarixli, 2(066)-376/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar