Məhkəmə qərarları › İş №2(066)-398/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-398/2023

18.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-398/2023 18.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəmədə Cavabdeh qarşı pul tələbinə dair iddia qaldıraraq, cavabdehdən 4000 (dörd min) manat məbləğində pulun və tərəfindən ödənilmiş 61 (altmış bir) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, kiçik bizneslə məşğul olur, cavabdehlə tanışlığı bisneslə məşğul olduğu üçün yaranmışdır. Onunla münasibəti və etimadı həmişə olmuşdur. Bir müddət sonra cavabdeh pula ehtiyacı olduğu üçün ondan borc istədiyini bildirmişdir. O, cavabdehə nağd pulunun olmadığını, ancaq bunun əvəzinə 4560 manat dəyərində telefon və qızıl qolbaq verəcəyini bildirmişdir. Cavabdeh onun təklifi ilə razılaşmış, telefon və qızılları götürərək, dəyərləri 4560 manat olan məbləğin hər ay əmək haqqısından hissə-hissə ödəyəcəyini söz vermişdir. Ancaq cavabdehin hər dəfə müəyyən vədlərlə aldadaraq, razılaşdıqları məbləği hər ay hissə-hissə geri qaytarmamışdır. O, bununla bağlı Gəncə şəhəri Baş Polis İdarəsinə müraciət etmişdir. Müraciət tərəflərindən müvafiq qaydada araşdırılmış, cavabdehin polis nəfəri olduğu üçün cəzalandırıldığını və işdən azad edildiyi bildirilmişdir. Həmçinin polisə müraciət etdiyi vaxtı cavabdeh tərəfindən 4560 manat borcdan 560 manat pul geri qaytarılmışdır.Əlavə olaraq ona bildirilmişdir ki, pulla bağlı tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 izahatında iddianı qəbul etməsini, borcu hissə-hissə ödəməyə razı olduğunu və ona görə də iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi Məhkəmə tərəflərin izahatlarına və çıxışlarına hüquqi qiymət verərək, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olur ki, İddiaçı Cavabdeh arasında yaranmış yaxın münasibət nəticəsində etibar edərək 4560 manat dəyərində telefon və qızıl qolbağı borc olaraq vermiş, bu barədə öz iradələrinə uyğun olaraq aralarında qarşılıqlı razılaşma olmuşdur. Cavabdeh iddiaçıya 4560 manat borcunu öhdəsinə götürdüyü vaxt qaytarmalı olduğu halda hal-hazıra qədər həmin puldan 560 manat məbləğində pulu geri qaytarmış, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul edərək, 4000 manat məbləğində borcu ödəməyə razı olduğunu bildirmişdir. İş materiallarında olan olan Gəncə şəhəri Baş Polis idarəsinin 28 dekabr 2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, müraciət tərəflərindən müvafiq qaydada araşdırılmış, müraciətdə qeyd olunan xüsusatlarla bağlı Gəncə şəhəri Baş Polis şöbəsinin Post Patrul Xidməti Taborunun polis nəfəri, polis serjantı Cavabdeh daxili işlər orqanlarında xidmətindən xaric edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Yevlax RPŞ tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli, xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə Yevlax şəhərində anadan olmuşdur və Yevlax şəhəri, F.Əmirov küçəsi, m.54-də qeydiyyatdadır. İş materialına əlavə edilmiş, Gəncə şəhəri Baş Polis idarəsinin 23 mart 2023-cü il tarixli Göygöl rayon Məhkəməsinə ünvanlanmış məktubundan görünür ki, vətəndaş İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasında Gəncə şəhəri Baş Polis idarəsində heç bir material yoxdur. İş materialına əlavə edilmiş Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən verilmiş 02 may 2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı pul tələbinə dair iddiasını qəbul etdiyini, borcu hissə-hissə ödəməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1 maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 425.2. maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə, məhkəmə araşdırılması, tərəflərin izahatları və iş materialları ilə təsdiq edilir ki, İddiaçı Cavabdeh dəyərləri 4560 manat telefon və qızılları borc olaraq vermiş, cavabdeh iddiaçıdan aldığı puldan hal-hazıra qədər 560 manat məbləğində pulu geri qaytarmışdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat pul alınıb İddiaçı verilməli, iddiaçı tərəfindən ödənilmiş 61 (altmış bir) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Proses Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat və iddiaçı tərəfindən ödənilmiş 61 (altmış bir) manat rövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-39-92 İş № 2(066)-398/2023 18 may 2023-cü il İddiaçı Gəncə şəh, N.Nərimanov küç, ev 34, m.9 Cavabdeh Göygöl şəh, S.Hacıyev küçəsi, ev 41 Məhkəmənin 18 may 2023-cü il tarixli 2(066)-398/2023 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-39-92 İş № 2(066)-398/2023 19 iyun 2023-cü il Göygöl rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən cənab Orxan Əliyevə İddiaçı Cavabdeh qarşı borc tələbinə tələbinə dair mülki iş üzrə məhkəmənin 18 may 2023-cü il tarixli 2(066)-398/2023 saylı qətnaməsinin surəti və icra vərəqəsi aidiyyatı üzrə icra olunması üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti və icra vərəqəsi. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar