Məhkəmə qərarları › İş №2(066)-436/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-436/2024

07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-436/2024 07.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı nümayəndəsi (atası) Nümayəndə2 və Cavabdeh nümayəndəsi (anası) Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında olan birgə nikahdan doğulmuş 12 iyun 2010-cu il təvəllüdlü X4 və 12 iyul 2013-cü il təvəllüdlü X1 görə alimentin miqdarının artırılaraq hər bir uşağa görə 235 manat, hər iki uşağın saxlanmasına görə 470 manat məbləğində alimentin təyin edilməsi, mediasiya və dövlət rüsumuna ödənilmiş 100 manat pulun cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından 12 iyun 2010-cu il təvəllüdlü X7 və 12 iyul 2013-cü il təvəllüdlü X6 doğulmuşdur. Məhkəmənin qətnaməsinə əsasən uşaqların saxlanılmasına görə hər bir uşağa görə 150 manat məbləğində aliment təyin edilmişdir. Uşaqlar məktəbli olduqlarından, onların tələbatları da artmaqdadır. Belə ki, geyim əşyaları, məktəb ləvazimatları, repetitor yanında bütün hazırlıqlar keçmələri, eləcə də uşaqların sağlam ruhda böyümələri üçün lazım olan bütün xərclər onun tərəfindən qarşılanır. Uşaqların tələbatları və eləcə də tərbiyəsi cavabdehə ümumiyyətlə maraqlı deyil. Özü tək bir ana olaraq bu qeyd edilənləri təkbaşına qarşılayır. Bu isə aldığı 300 manat alimentlə heç cür uzlaşmır. Göygöl Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(066)-134/2022 saylı qətnaməsinə əsasən hər bir uşağın saxlanılmasına görə 150 manat məbləğində aliment təyin edilmişdir. 2024-cü ilin uşaqlar üçün yaşayış minimumu 235 manat təyin edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə Etiraz ərizəsi təqdim edilmişdir. Həmin etirazda göstərmişdir ki, İddiaçı ona qarşı "alimentin artırılması" tələbi ilə Göygöl rayon məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır, yəni iddiaçı heç bir konkret faktlara və sübutlara əsaslanmadığı üçün iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçının xeyrinə hər ay ondan aliment tutulması qət ediləndən sonra onun maddi vəziyyətində müsbətə doğru heç bir irəliləyiş olmamışdır. İddiaçı iddia ərizəsində alimentin artırılmasını tələb etsə də alimentin artırılmasına əsas olacaq heç bir dəlil və ya sübut təqdim edə bilməmişdir. Əslində özü də arzu edərdi ki, imkanı yaxşı olsun, uşaqlarına yaxşı baxsın və onun uşaqları da yaxşı gün görsünlər. Ancaq iddiaçı özü də yaxşı bilir ki, hazırda o, heç bir yerdə işləmir, iş düşəndə fəhləliklə məşğul olur və çörəyini daşdan çıxardır. İddiaçı ilə aralarında olan nikah pozulandan sonra yeni ailə qurmuşdur. Həmin evlilikdən də bir övladı olmuş və hazırda da bir uşağı dünyaya gələsidir. Hazırki yoldaşı da heç bir yerdə işləmir, əlavə heç bir gəlirləri yoxdur. Buna baxmayaraq övladlarının alimentini hər ay ödəməyə çıalışmışdır. Əlbəttə özü uşaqlarına da baxmalıdır. Ancaq göründüyü kimi iddiaçının tələbi ilə onun aylıq qazancı arasında tənasüblük pozulmuşdur. Bununla bərabər o, həm özünə, həm ailəsinə, həm də əlil olan anasına baxır. Məlumdur ki, hazırki dövrdə himayəsində xəstə və ahıl yaşda anası, həmçinin azyaşlı övladı olan və işləməyən, anasının əlillik pensiyası ilə digər 2 (iki) övlada hər ay aliment ödəyən valideyn üçün himayəsində olan digər övladının da hazırki çətin dövrdə, ərzaq və geyim əşyalarının qiymətinin kəlləçarxı olduğu vaxtda ailə başçısının aldığı məvaciblə layiqli həyat səviyyəsini təkbaşına təmin etməsi mümkün deyildir. Məlumdur ki, onun iddiaçıdan olan uşaqları iddiaçının deyil, iddiaçının valideynlərinin himayəsində yaşayırlar. Axı necə ola bilər ki, uşağın valideynləri sağ ola-ola baba və ya nənəsinin himayəsində saxlayalar?! Axı qanunvericilik valideynlərinin hər ikisinin hüquqlarının bərabər olmasını bildirir. Belə hesab edir ki, məhkəmə onun qazancının hansı durumda olmasını və uşaqlarının hamısının, yəni hazırki evliklikdən olan uşaqlarının da mənafelərini nəzərə almalıdır. İddiaçı ondan boşanan kimi başqa biri ilə ailə qurmuş və həmin evlilikdən də uşaqları var. O, evlənəndən sonra heç vaxt onların evliliyindən olan uşaqlara doğru-düzgün baxmamışdır. Uşaqlar onun vallideynlərinin yanında qalırlar. Özü alimenti güc-bəla ilə ödəməsinə baxmayaraq hazırki vaxta qədər iddiaçı uşaqları ilə onun görüşməsinə imkan verməmişdir. Uşaqları həmişə ondan uzaq tutmağa çalışmışdır. Halbuki bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi var. Nəzərə çatdırır ki, maddi vəziyyəti o qədər də ürək açan deyildir. Maddi sıxıntılar içində yaşayır. Ödədiyi alimentlərə və banka olan borcuna görə evdə köməyə ehtiyacı olan anasına və digər evlilikdən olan övladlarına təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkir. İddiaçı isə onunla birgə nikahlarından olan övladlarının qayğısına qalmağı və onları saxlanmasını təkcə onun üzərinə atır, uşaqları öz yanında saxlamaq əvəzinə onları valideynlərinin himayəsinə atmaq azmış kimi, ondan heyıf çıxmaq üçün uşaqlardan vasitə kimi istifadə etməyə çalışır. Goründüyü kimi iddiaçının alimentin artırılması tələbi ilə bağlı iddiası tamamilə əsassızdır. Qanun uşaqları böyütmək, saxlamaq, tərbiyə etmək vəzifəsini hər iki valideynin üzərinə qoyur. Özü bu vəzifəsindən imtina etmir və təyin olunmuş alimenti hər ay ödəyir. Lakin həyatda hər şey real olmalıdır. İddiaçı ondan real olmayan aliment məbləği istəyir. Bununla da iddiaçı onun himayəsində olan digər övladının, hazırda ana bətnində olan və dünyaya gələcək övladının, həmçinin də köməyə ehtiyacı olan anasının da vəziyyətini nəzərə almır. Odur ki, məhkəmədən işə baxarkən izahatının nəzərə almasını xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 izahatında iddia tələbini müdafiə etdiyini, qət edilən 300 manat alimentin uşaqların tələbatını ödəməməsini, iddiaçının heç bir yerdə işləməməsini, bu səbəbdən alimentin artırılmasını istəməsini bildirib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin qazancının olması barədə heç bir sübutu yoxdur. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə1 iddia tələbini qəbul etməyərək ifadəsində göstərdi ki, oğlu Elmir heç bir yerdə işləmir. O, hər ay uşaqların hər birinə 150 manat, cəmi 300 manat aliment ödəyir. Əlavə aliment ödəməyə imkanı yoxdur. Bu səbəbdən alimentin artırılmasını istəmir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyatı haqqında ******* nömrəli arayışından görünür ki, İsayeva X5 rayonunun Xoylu kəndində doğulmuş, 19 yanvar 2019-cu il tarixdən Göygöl şəhəri N.Rəfibəyli küçəsi 1-dön, ev 25 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş MŞG1/MT007/2024-00286 nömrəli, 08 fevral 2024cü il tarixli, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi (Atası) Nümayəndə2 ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat mediasiyaya dair xərci ödəmişdir. İşdə olan AZ-İİ seriyalı, 448889 nömrəli, 07 iyul 2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (Atası Cavabdeh, anası İddiaçı) xx.xx.2010-cu il tarixdə Gədəbəy rayonunun Düzyurd kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2010-cu ilin 07-ci ayının 07-ci günündə 544 nömrəsi ilə qeyd edilmişdir. İşdə olan AZ-İİİ seriyalı, 178653 nömrəli, 02 noyabr 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (Atası Cavabdeh, anası İddiaçı) xx.xx.2013-cü il tarixdə Göygöl rayonunun Çaykənd kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2013-cü ilin 11-ci ayının 02-ci günündə 15 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-134/2022 nömrəli, 10 yanvar 2022-c il tarixli qətnaməsinin surətindən görünür ki, iddiаnın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü Röyal və xx.xx.2013-cü il təvəllüdlü Günel adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-134/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiаnın qismən təmin edilməli, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü Röyal və xx.xx.2013-cü il təvəllüdlü Günel adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçmiş, uşaqlar böyüdüyü və onların xərclərinin artdığı üçün qət edilmiş hər ay bir uşaq üçün 150 manat məbləğdə aliment uşaqların saxlanması üçün yetərli olmadığından, cavabdeh uşaqların saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən bir uşaq üçün 150 manat cəmi 300 manat məbləğində aliment xx.xx.2022-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən 02 ildən artıq müddət keçmiş, yaşayış minimumu, uşaqlar böyüdükcə onların tələbatı və saxlanma xərcləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının gəlirləri barədə sübutların təqdim edilməməsini, cavabdehin ofisant işləməklə 350 manat əmək haqqı almasını, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Röyal və xx.xx.2013-cü il təvəllüdlü Günel adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-134/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altmışl) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və artırılmış hissədə alimentin illik məbləği, həmçinin iş üzrə iddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 55 (əlli beş) manat məbləğində mediasiya dair xərci ödəməsi nəzərə alınmalı, cavabdehdən 55 (əlli beş) manat məbləğində mediasiya dair xərc tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-134/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2010-cu il təvəllüdlü Röyal və xx.xx.2013-cü il təvəllüdlü Günel adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmalar üçün ataları Cavabdeh hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, anaları İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən xərclər qismində 55 (əlli beş) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar