Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-453/2024 07.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə qeyri rəsmi nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş 130 manat alimentin məbləği artırılaraq, Cavabdeh hər ay bir uşaq üçün 250 manat aliment, həmçinin mediyasiya xərci üçün ödənilmiş 55 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə qeyri rəsmi olaraq evlənmişlər. Cavabdehlə qeyri rəsmi nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X4 adlı bir uşaqları doğulmuşdur. Uşaq onun himayəsində yaşayır. Cavabdehlə bir müddət mehriban yaşasalarda, sonradan xasiyyətləri uyğun gəlmədiyindən ayrılaraq uşağı ilə birlikdə atasına məxsus olan evə getmişdir. O, aliment tələbi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən oğlu X1 üçün cavabdehdən hər ay sabit pul məbləğində 130 manat və uşağın 3 yaşına çatana kimi saxlanılması üçün 20 manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. O, uşağın saxlanılmasında çətinlik çəkir, heç bir yerdə işləmir və başqa yerdən gəliri yoxdur. Oğlu Murad nitq qüsurlu olmaqla heç danışmır. Uşaq qan azlığından əziyyət çəkir. Uşağının hər ay dərmanları 400 manatdan artıq təşkil edir. Bundan başqa oğlu Murad hər ay Gəncə Loqos mərkəzinə müalicəyə, nitqinin düzəlməsi üçün dərslərə aparır və hər dərsə 15 manat məbləğində ödəniş edir. Cavabdehin ailə vəziyyəti olduqca yaxşıdır və cavabdeh hər ay 2000 manatdan artıq gəliri olur. Lakin cavabdeh uşağına aliment ödəmək istəmir. Cavabdeh kənd təsərrüfatı işləri ilə məşğul olur. Cavabdeh müxtəlif ərazilərdə hektarla sahələri vardır və bundan başqa çox sayda mal qara saxlatdırır. O, alimentlə tələbi ilə bağlı Mediasiya Təşkilatına müraciət etmiş, caabdeh mediasiya prosesinə gəlmiş, lakin aliment verməkdən və mediasiya xərclərini ödəməkdən imtina etmişdir. Ona görə də, cavabdehlə qeyri rəsmi nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş 130 manat alimentin məbləği artırılaraq, Cavabdeh hər ay bir uşaq üçün 250 manat aliment, həmçinin mediyasiya xərci üçün ödənilmiş 55 manat məbləğində müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin qazanc əldə etməsi barədə onda heç bir sübut y oxdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildiridi ki, xəstə olmaqla işləyə bilmir, ona valideynləri baxır. O, alimentin on manat artırılmasına etiraz etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, tərəflərin faktiki ər-arvad münasibətlərindən doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. İşdə olan AZ-İV 394822 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgən nikahından xx.xx.2020-ci il təvəllüdlü X4 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. Belə ki, Göygöl Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(066)-454/2021 saylı qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan bir uşaq üçün alimentin miqdarı artırılaraq 130 manat və Cavabdeh 3 yaşı tamam olana kimi 20 manat, cəmi 150 manat aliment müəyyən edilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Göygöl Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(066)-454/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh olan atası Cavabdeh İddiaçı xeyrinə tutulan bir uşaq üçün alimentin miqdarı artırılaraq 130 manat və Cavabdeh 3 yaşı tamam olana kimi 20 manat, cəmi 150 manat, cəmi 150 manat aliment müəyyən edilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçmiş, uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən aliment xx.xx.2021-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən 03 ilə yaxın müddət keçmiş, yaşayış minimumu, uşaq böyüdükcə onun tələbatı və saxlanma xərcləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmədə müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların məhkəməyə təqdim edilməməsini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, alimentin gələcəkdə ödənilməsinin mümkünlüyünü nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iş üzrə tərəflərin birgə ailə münasibətindən doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh olan atası Cavabdeh İddiaçı xeyrinə Göygöl Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(066)-454/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 130 manat alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 (əlli beş) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mediasiyaya çəkilən xərci iddiaçı tərəfindən ödənildiyindən, cavabdehin dəvət edilməsinə baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 55 (əlli beş) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-454/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2020-ci il təvəllüdlü Murad adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün atası Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, anası İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən xərclər qismində 55 (əlli beş) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-453/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-453/2024
07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver