Məhkəmə qərarları › İş №2(066)-482/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-482/2024

14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-482/2024 14.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(066)-99/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş 50 manat məbləğində alimentin miqdarının artırılaraq cavabdehdən cəmi 235 manat aliment məbləğinin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(066)-99/2014 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay sabit məbləğdə 50 manat alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin 23 aprel 2014-cü il tarixli, 2(066)-97/2014 saylı qətnaməsi ilə 25 iyul 2009-cü il il tarixdə cavabdehlə bağladığı 131 saylı nikah qeydiyyatı pozulmuş və xx.xx.2009-cu il təvəllüdlü X3 onun yanında qalması qət edilmişdir. Cavabdeh xeyli müddət alimenti ödəməmiş və nəticədə borcu yaranmışdır. X2 13 avqust 2009-cu ildə Göygöl şəhərində anadan olmuş və 03 sentyabr 2009-cu il tarixdə Elvinin doğum haqqında şəhadətnaməsi Göygöl Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmişdir. Elvinin hal hazırda 15 yaşı var və hamıya məlumdur ki, 15 yaşlı oğlan uşağını 50 manat aliment pulu ilə saxlamaq mümkün deyil. İndiyə kimi 50 manat alimenti cavabdeh öz kefinə istədiyi vaxtı ödəyib, istəməyəndə də ödəməyib. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya Şurasına ərizə ilə müraciət etmişdir. Mediasiya arayışını iddia ərizəsinə əlavə edir. Özü və eləcə də cavabdeh Göygöl rayonunda anadan olmuşlar və Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları hesab edilirlər. Cavabdeh Göygöl şəhərində yaşayır və ona görə də Göygöl Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Belə ki, uşaq böyüdükcə maddi tələbatı da artır. O, isə təkbaşına uşağın maddi təminatını təmin edə bilmir. Ona görə də uşağın atası olaraq cavabdeh öz üzərinə düşən borcu yerinə yetirməlidir. Bu günə kimi cavabdeh uşağın mənafeyi naminə heç bir müsbət iş görməyib və heç olmasa bundan belə atalıq borcunu yerinə yetirsin. İddiaçı tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(066)-99/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş 50 manat məbləğində alimentin miqdarının artırılması və cavabdehdən cəmi 235 manat alimentin tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəzərə çatdırır ki, uşağının səhhəti ilə əlaqədar olaraq Rusiya Federasiyasının Moskva şəhərinə gedir və ona görə də məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan mülki işə baxlımasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək ifadəsində göstərdi ki, Göygöl rayon Telekommunikasiya qovşağında işləyir və 345 manat əmək haqqı alır. İddia tələbində göstərilən aliment məbləğini ödəməyə razı deyil, özünün 241 manat bank ödənişi var. Gələcək həyatında özünün dolanmasının və ailə qurmasının nəzərə alınmasını istəyir. Cəmi 100 manat aliment ödəyə bilər. Göstərilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ seriyalı, 292462 nömrəli, 03 sentyabr 2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (Atası Cavabdeh, anası İddiaçı) xx.xx.2009-cu il tarixdə Gəncə şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2009-cu ilin 09-cu ayının 03-cü günündə 421 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş MŞS/1/ 2024-00071 nömrəli, 09 mart 2024-cü il tarixli, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-97/2014 nömrəli, 23 aprel 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Göygöl rayon Qeydiyyat şöbəsində bağlanmış 131 saylı nikah qeydiyyatının pozulması və nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X3 anası İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-99/2014 nömrəli, 21 yanvar 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü Elvin adlı uşağın yetkinlik yaşına çatana kimi 17 dekabr 2013-cü ildən başlayaraq saxlanması üçün 50 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 197524 nömrəli, 17 iyun 2014-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2014-cü ilin 06-cı ayının 17-ci günündə 461 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, Cavabdeh Göygöl rayon Telekommunikasiya qovşağında texnoloq işləməklə 386 manat əmək haqqı alır. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-99/2014 nömrəli, 21 yanvar 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü Elvin adlı uşağın yetkinlik yaşına çatana kimi 17 dekabr 2013-cü ildən başlayaraq saxlanması üçün 50 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçmiş, uşağın böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş hər ay 50 manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qismən alimentin 100 manat müəyyən edilməsi hissəsində qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən bir uşaq üçün 50 manat məbləğində aliment xx.xx.2014-cü il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən 10 ildən artıq müddət keçmiş, yaşayış minimumu, uşaq böyüdükcə onun tələbatı və saxlanma xərcləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının gəlirləri barədə sübutların təqdim edilməməsini, cavabdehin Göygöl rayon Telekommunikasiya qovşağında texnoloq işləməklə 386 manat əmək haqqı almasını, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Elvin adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Göygöl Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(066)- 99/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, 50 (əlli) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş üzrə iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci iddiaçı ödəmişdir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı məhkəmə xərcini cavabdehdən tələb etmədiyi üçün onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(066)-99/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2009-cu il təvəllüdlü Elvin adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün atası Cavabdeh hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutularaq, anası İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar