Məhkəmə qərarları › İş №2(066)-590/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-590/2023

04.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-590/2023 04.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təyin olunmuş alimentin məbləğinin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında 04 may 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı təyin olunmuş alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından doğulmuş 14 avqust 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit məbləğdə 80 manat aliment məbləğini artıraraq 300 (üç yüz) manat sabit məbləğdə alimentin və mediasiya xərci üçün ödənilmiş 55 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 2009-cu il tarixdə qeyri rəsmi nikaha daxil olmaqla ailə qurmuş və nikahlarını xx.xx.2010-cu il tarixdə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından 14 avqust 2012-ci il tarixdə X2 adlı uşaqları doğulub. Aralarında yaranan narazılığa görə Siyəzən Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları ləğv olunmuş, azyaşlı uşaq iddiaçının himayəsində qalmışdır. Siyəzən Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə birgə nikahlarından 14 avqust 2012-ci il tarixdə X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 80 manat aliment qət edilmişdir. Hazırda iddiaçı heç bir yerdə işləmir. Başqa gəlir yeri və qazancı yoxdur. Uşağın gündəlik xərcləri, geyimi və təhsili üçün maddi çətinlik çəkir. Əlavə olaraq isə uşağın hazırlıq kurslarına 120 manatdan artıq ödənişlər edir. Cavabdeh isə heç bir maddi və mənəvi köməklik göstərmir. Hal-hazırda cavabdeh ekskavator sürücüsü işləyir və aylıq gəliri 3000 manatdan artıq təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddianı qəbul etməməsini, iddiada tələb olunan aliment məbləğini ödəməyə maddi imkanının olmamasını, belə ki, özünün çilingər işləməsini, 447 manat əmək haqqı almasını bildirdi və odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Siyəzən Broyler ASC”-nin 04 aprel 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh həqiqətən xx.xx.2017-ci il tarixindən "xxxx" ASC-də işləyir. Hal-hazırda, avtottraktor parkda traktor üzrə çilingər vəzifəsinin tutur. Ştat cədvəlinə uyğun olaraq aylıq əmək haqqı 495 (dörd yüz doxsan beş) AZN təşkil edir. İş materiallarında olan Siyəzən rayon Qeydiyyat şöbəsi tərəfindən 27 aprel 2017-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 nikahları 30 avqust 2016-cı il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya Təşkilatının 14 mart 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş Siyəzən rayonu İH Başçısının Həmyə kənd İƏD tərəfindən verilmiş AZ-İİ 955288 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 14 avqust 2012-ci ildə anadan olmuş X1 atası Cavabdeh, anası isə X4r və o, yetkinlik yaşına çatmamışdır. İş materiallarında olan AA saylı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə anadan olmuşdur. AZE seriyalı, 14323165 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1980-ci ildə doğulmuşdur. İşdə olan Ali Məhkəmənin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, 14 avqust 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh tutulan alimentin məbləği 24 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay sabit məbləğdə 80 (səksən) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmaları üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmaları əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda sadalanan uşağın hüququnu müdafiə edən Qanun normalarını əsas götürüb İddiaçı iddia tələbini qismən təmin edərək 14 avqust 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün 80 (səksən beş) manat təyin edilmiş alimentin məbləğinin artırılaraq hər ay 160 (bir yüz altmış) manat məbləğdə aliment müəyyən edilməklə İddiaçı xeyrinə ödənilməsini məqsədə müvafiq və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 14 avqust 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün 80 (səksən) manat təyin edilmiş alimentin məbləği artırılaraq hər ay 160 (bir yüz altmış) manat məbləğdə müəyyən edilməli, iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, artırılmış alimentin tutulmasına Göygöl Rayon Məhkəməsinin bu iş üzrə 04 may 2023-cü il tarixli, 2(066)- 590/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddianın qalan hissəsi isə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 14 avqust 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün 80 (səksən) manat təyin edilmiş alimentin məbləği artırılaraq hər ay 160 (bir yüz altmış) manat məbləğdə aliment müəyyən edilsin və iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Artırılmış alimentin tutulmasına Göygöl Rayon Məhkəməsinin bu iş üzrə 04 may 2023-cü il tarixli, 2(066)-590/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar