Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-604/2025 18.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə məhkəmə iclasından kənar baxaraq, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə X1 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 200 manat cəmi 400 alimentin miqdarı artırılaraq 600 manat aliment təyin edilməsi üçün Cavabdeh tutulması üçün qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edimiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə yolverilməz əsaslarla məhkəməyə verildiyindən məhkəmə icraatına qəbul edilməsindən imtina olunmalıdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-561/2024 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşaqların hər birinin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit sabit pul məbləğində aliment tutulub uşaqların anaları İddiaçı Müşfiq qızına verilməsi qət edilmişdir. Hazırda məhkəməyə verilmiş “alimentin artırılması” tələbinə dair ərizə “Yaşayış Minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üzrə 235 manat uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artırılmasına istinad edilməklə əsaslandırılmış və iddianın mahiyyəti indeksasiya xarakteri daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-3-cü bəndində göstərilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”. Həmin Qərarın 8.9-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət MPM-in 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında MPM-in 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Qərarın 8.9-2-ci bəndində göstərilmişdir ki, Alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və hər iki halda iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır.” Azərbaycan RespublikasıAilə Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər,yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması qətnamənin icra qaydasında baxılır. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 232-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyasıtərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 153.2.1-ci maddəsində imperativ qaydada müəyyən olunur ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyilsə hakim iddianın yolverilməzliyinə görə iddianı qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinin tələbinə görə hakim ərizəni təmin etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır.İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddiaçının hansı orqana və ya məhkəməyə şikayət etməli olmasını orada göstərir. Mülki Prossesual məcəllənin 153.4-cü maddəsində göstərilir ki, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə ərizənin dəlillərini və yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi uşaqlar üçün 2024-cü il üzrə artırılmış yaşayış minimum məbləğinin artımına əsaslanır və iddianın mahiyyəti indeksasiya xarakteri daşıyır, ərizə məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Ərizənin qəbul edilməsindən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmçinin ərizəçinin diqqətinə çatdırılır ki, ərizədə göstərilən məsələ qətnamənin icrası qaydasında Ailə Məcəlləsinin 110-cu və MPM-in 232ci maddələri ilə həll edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına götürülməsindən imtina edilsin. Ərizəçiyə izah olunur ki, qeyd edilən tələblə baglı qətnamənin icra qaydasında müraciət edə bilər. İddia ərizəsi ona əlavə olunmuş bütün sənədlərlə birlikdə onu vermiş şəxslərə rəsmi qaydada geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev İş № 2(066)-604/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən məhkəmənin inzibati binasında iş üzrə tərəflərin iştirakı olmadan İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxılır. Prosessual hərəkətə saat 09:05-də başladım. İşə baxan hakim olaraq ərizə və ona əlavə olunmuş sənədləri yoxlayaraq ərizənin icraata qəbul edilməsindən imtina olunması barədə qərardad qəbul etdim. Prosessual hərəkəti saat 09:25-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-604/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-604/2025
18.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver