Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-664/2024 20.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı Hacıyeva (Bəhlulova) Günel Yaşar qızının və Cavabdeh iştirakları ilə, İddiaçı Hacıyeva (Bəhlulova) Günel Yaşar qızının Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Hacıyeva (Bəhlulova) Günel Yaşar qızı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-608/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə 23 may 2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay qazancından (başqa gəlirlərindən) 235 manat miqdarında aliment və mediasiya sessiyasının keçirilməsi üçün tərəfindən ödənilmiş 55 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-608/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh 23 may 2014-cü ildə anadan olmuş X2 onun himayəsində qalması yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-523/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Göygöl Rayon Məhkəməsinin 2(066)-608/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Təyin edilmiş 180 manat aliment 10 yaşlı uşağının yaşayış minimumunun səviyyəsini ödəmir. Cavabdeh isə bir dəfədə olsun uşağə ilə maraqlanmır. Cavbabdehlə aralarında uşağın saxlanılması üçün heç bir saziş yoxdur. Cavabdeh həm fərdi əməklə, həmdə xaricə gedib-gələrək ticarətlə məşğul olur. Ona görə də, Göygöl Rayon Məhkəməsinin 2(066)-608/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə 23 may 2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay qazancından (başqa gəlirlərindən) 235 manat miqdarında aliment və mediasiya sessiyasının keçirilməsi üçün tərəfindən ödənilmiş 55 manat pulun alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Hacıyeva (Bəhlulova) Günel Yaşar qızı iddia tələbinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin qazanc əldə etməsi barədə onda rəsmi heç bir sübut yoxdur, Ancaq cavabdehin Rusiyada işləməsini, işinin yaxşı olmasını bilir. Telefonunda işlə bağlı proqramlar vardır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, heç bir yerdə işləmir, maddi imkanı yoxdur, təyin edilmiş 180 manat alimenti ancaq ödədiyini bildirərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, tərəflərin faktiki ər-arvad münasibətlərindən doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. İşdə olan AZ-İİİ 346980 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgən nikahından xx.xx.2014-cü il təvəllüdlü X6 doğulmuşdur. Atası Cavabdeh, anası X7 qeyd edilmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(104)- 523/2023 saylı qətnaməsindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-608/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə 23 may 2014-cü il təvəllüdlü X2 yetkinlikm yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 manat aliment tutularaq X5 verilməsi qət edilmiş və həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Göygöl Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(066)-608/2022 saylı qətnaməsindən görünür ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə qismən təmin edilərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh və cavabdeh X7 arasında xx.xx.2013-cü il tarixdə 19 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 23 may 2014-cü il təvəllüdlü X2 X4 himayəsində və yanında saxlanılması, 23 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat məbləğində alimentin tutularaq, X5 verilməsi, alimentin tutulma müddətinin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 05 may 2022-ci il tarixdən müəyyən edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçmiş, uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən aliment xx.xx.2022-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən 02 ilə yaxın müddət keçmiş, yaşayış minimumu, uşaq böyüdükcə onun tələbatı və saxlanma xərcləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmədə müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların məhkəməyə təqdim edilməməsini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, alimentin gələcəkdə ödənilməsinin mümkünlüyünü nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iş üzrə tərəflərin birgə ailə münasibətindən doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh olan atası Cavabdeh iddiaçı X3 xeyrinə Göygöl Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(066)-608/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 180 manat alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X4 xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 (əlli beş) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mediasiyaya çəkilən xərci iddiaçı tərəfindən ödənildiyindən, cavabdehin dəvət edilməsinə baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 55 (əlli beş) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-608/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü Zəhra adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün atası Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, anası Hacıyeva (Bəhlulova) Günel Yaşar qızının xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən xərclər qismində 55 (əlli beş) manat mediasiya xərci tutularaq iddiaçı Hacıyeva (Bəhlulova) Günel Yaşar qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-664/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-664/2024
20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver