Məhkəmə qərarları › İş №2(066)-729/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-729/2024

21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-729/2024 21.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc pul və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 yanvar 2024-cü il tarixli reyestrdə 3M-17 nömrəli borc müqaviləsi üzrə 5000 manat borc pulun, həmin məbləğin 7 ay ərzində əldən çıxmış 3000 manatının və məhkəmə xərci olaraq ödənilmiş 70 manat dövlət rüsumunun cəmi 8070 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə işgüzar münasibətlər zəmnində tanış olmuş və Cavabdeh müvəqqəti maddi ehtiyyacını ödəməsi üçün 30 yanvar 2024-cü il tarixdə Qax rayon Notariat Ofisində borc müqaviləsi bağlanılmaqla xx.xx.2024cü il tarixədək ödənilməsi şərti ilə 5000 manat məbləğində borc pul vermişdir. Cavabdehə borc pul verərkən ona fərdi sahibkar olaraq yaz əkin tarla işləri aparılması üçün 30 ha dənli bitkilərin səpilməsi məqsədilə aqrotexniki işlər aparmalı olmasını, bu səbəbdən pulu bir ay bitdikdən sonra dərhal tam şəkildə qaytarmalı olmasını bildirmişdir. Cavabdeh onun şərtini könüllü qəbul edərək müddət bitdikdən sonra pulunu qaytaracağına vəd vermişdir. Lakin, o cavabdehin vədini dəfələrlə mobil telefon vasitəsilə nəzərinə çatdırsada cavabdeh keçən 3 ay ərzində müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Bununlada cavabdeh ona ziyan vurmuşdur. Cavabdeh keçən 3 ay və mülkü mübahisənin məhkəmə baxışı üçün nəzərdə tutulan 4 ay cəmi 7 ay ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi 10 faiz miqdarında uçot dərəcəsi üzrə pulu ödəməlidir. Ona örə də, Cavabdeh 30 yanvar 2024-cü il tarixli reyestrdə 3M-17 nömrəli borc müqaviləsi üzrə 5000 manat borc pulun, həmin məbləğin 7 ay ərzində əldən çıxmış 3000 manatının və məhkəmə xərci olaraq ödənilmiş 70 manat dövlət rüsumunun cəmi 8070 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini, Cavabdeh işlə əlaqədar olaraq 5000 manat pul verməsini, pulu verərkən aralarında Qax Rayon Notariat Ofisində borc müqaviləsi bağlanmasını, dəfələrlə pulunu tələb etsədə cavabdehin pulunu qaytarmamasını, telefonunda sübut kimi yazışmalarının olmasını, cavadehdən 5000 manat borc pulun, həmin məbləğin gecikdirilmiş məbləğin illik 5 faizinin və məhkəmə xərci olaraq ödənilmiş 70 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş emişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli Qaz Rayon Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən təstiq edilmiş borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 5000 (beş min) manat məbləğində borca pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən borcalan borcu xx.xx.2024-cü tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə baxışında müəyyən edilmiş işin faktiki halı bundan ibarətdir ki, xx.xx.2024cü il tarixədək qaytarmaq şərti ilə 30 yanvar 2024-cü il tarixdə İddiaçı iCavabdeh 5000 manat borc pul vermişdir. Bu barədə Qax Rayon Notoriat Ofisində borc müqaviləsi bağlamışlar. Lakin cavabdeh müqavilədə şərtləndirilmiş xx.xx.2024-cü il tarixədək borcunu qaytarmadığından, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, cavabdeh öhdəliyini icra etməli olduğu tarixdən altı ay müddətdə borc pul məbləğinin ödənilməsini gecikdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavlə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1.-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 449.2.-ci maddəsinə görə bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.3.-cü maddəsinə görə əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4.-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.7.-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən-Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri sərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qanunvericiliyin tələbləri baxımından məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 5000 manat borc məbləği və borc məbləğinin gecikdirilmiş vaxta uyğun yəni altı aylıq müddətə həmin borc məbləğinə illik 5%-lə hesablanmış 125 manat faiz borcu tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə iddia tələbinin əldən çıxmış fayda və borc məbləğinin vaxtında icra edilməməsinə görə iddia tələbində göstərilən məbləğdə maddi ziyanın vurulması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən iddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Ona görə də, məhkəmə iddia tələbinin təmin edilmiş hissəsi nəzərə alınmaqla ödənilmiş 70 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat borc məbləği, borcun gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanmış 125 (bir yüz iyirmi beş) manat borc məbləği, məhkəmə xərci olaraq 70 (yetmiş) manat dövlət rüsumu olmaqla ümumilikdə 5195 (beş min yüz doxsan beş) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev “düzdür” Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar